ABŞ-nin Balkan planı - "Maydan nəzəriyyəsi"nin bölgədə tətbiqinə hazırlıq gedir - ŞƏRH

ABŞ-nin Balkan planı - "Maydan nəzəriyyəsi"nin bölgədə tətbiqinə hazırlıq gedir - ŞƏRH Avropanın “barıt çəlləyi” kimi tanınan Balkanlarda gərginlik artmaqdadır. Bölgə sürətlə və yenidən dünyanın barıt qoxulu məkanına çevrilmək üzrədir. Son məlumatlara görə, Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Qarşıdurmalar
Analitika
26 İyul , 2024 17:21
ABŞ-nin Balkan planı - Maydan nəzəriyyəsinin bölgədə tətbiqinə hazırlıq gedir - ŞƏRH

Avropanın “barıt çəlləyi” kimi tanınan Balkanlarda gərginlik artmaqdadır. Bölgə sürətlə və yenidən dünyanın barıt qoxulu məkanına çevrilmək üzrədir. Son məlumatlara görə, Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Qarşıdurmalarda 50 nəfərin yaralandığı bildirilib.

NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini, 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib. Gərginlik o həddə çatıb ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Kosovodakı zorakılığı qəbuledilməz adlandırıb, həmçinin tərəfləri dialoqa çağırıb. Aİ diplomatiyasının rəhbəri bu barədə tviterdəki hesabında yazıb.

“Aİ Kosovo hakimiyyətini və etirazçıları vəziyyəti dərhal və qeyd-şərtsiz gərginləşdirməməyə çağırır. Biz tərəflərin məsuliyyətlə hərəkət etmələrini və dialoq vasitəsilə dərhal siyasi həll yolu tapmasını gözləyirik”, - Borrel sosial şəbəkə hesabında yazıb. O, həmçinin qeyd edib ki, mediaya, mülki şəxslərə, polisə və KFOR nümayəndələrinə (Kosovoda sabitliyin təmin olunmasına cavabdeh olan Kosovo Qüvvələri, NATO-nun rəhbərlik etdiyi beynəlxalq qüvvələr) qarşı zorakı hərəkətlər qətiyyən yolverilməzdir.

Qeyd edək ki, Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik mayın 26-dan davam edir.

Görünən odur ki, ABŞ ilə Rusiyanın müxtəlif bölgələr uğrunda mübarizəsi artıq bu bölgəyə keçir. Həm də Cənubi Qafqazdan və Mərkəzi Asiyadan tutmuş Afrika qitəsinə qədər uzanan qarşıdurma yeni-yeni oyunçuların iştirakı ilə yüksəlir. Əslində, Vaşinqtonun bu bölgəyə marağı heç zaman azalmayıb. Sadəcə, Rusiya-Ukrayna müharibəsi səbəbindən diqqət buradan yayınıb. Lakin son vaxtlar bölgədə artan gərginlik diqqəti bura yönəldib. Serbiya ABŞ rəsmilərinin də bölgəyə səfərlərinin sayı artıb.

Xatırladaq ki, bölgə uzun illər keçmiş SSRİ-nin müttəfiqi olub. SSRİ dağıldıqdan sonra Balkanlar Rusiya ilə tərəfdaşlığına baxmayaraq, ABŞ və Avropa ilə də əməkdaşlığını gücləndirməyə qərar verib. Bu durum da Vaşinqtonla Brüsselin maraqlarına cavab verib.

Qərb mediasında yer alan xəbərlərə görə, bölgə ilə bağlı çox məxfi plan işə salınıb. Məlumata görə, ABŞ Balkanlarda xüsusi nümayəndə təyin edib. Bu posta isə Aleksandr “Saşa” Kasanof təyin edilib. Adıçəkilən şəxs postsovet məkanında “inqilablar müəllifi” kimi tanınır. Ukraynada 2014-cü il Maydan hadisələri zamanı ABŞ-nin bu ölkədəki səfirliyində siyasi müşavir kimi fəaliyyət göstərib. Həmin hadisələrin nə ilə başa çatdığı da bəllidir. Məlumat üçün bildirək ki, “Saşa” Kasanof Balkanlarda Qeybriel Eskobarı əvəzləyib. Onun əvəzlənməsinə əsas səbəb kimi qarşıya qoyulan hədəflərə çata bilmədiyi irəli sürülüb. Bu hədəf də Serbiya ilə Kosovo arasında münasibətləri normallaşdıra bilməməsi göstərilib.

Bundan əlavə, kütləvi informasiya vasitələrində Eskobarı Serbiya hakimiyyət orqanları ilə şübhəli maliyyə əlaqələrində şübhəli bilinib. ABŞ-nin keçmiş emissarını qeyri-obyektivlikdə günahkar biliblər. Balkanlardakı Qərb diplomatik mənbələrindən verilən məlumata görə, o, çox güman ki, Latın Amerikası ölkələrindən birində ABŞ-ın səfiri olacaq. Keçmiş emissar Amerikanın Albaniyadakı diplomatik missiyasına rəhbərlik etmək istəsə də, bu, rədd olunub.

O ki qaldı yeni xüsusi nümayəndəyə, bu şəxs Balkanlarla heç vaxt məşğul olmayıb, əvəzində Ukraynada fərqlənib. Hətta bu fəaliyyətinə görə, dövlət mükafatları ilə təltif də olunub. Valideynləri Polşadan Birləşmiş Ştatlara köç edən “Saşa” ləqəbli şəxsin təyinatı bəziləri üçün gözlənilməz olub. Adətən, bu posta regionda böyük təcrübəyə malik diplomatlar təyin olunur. Lakin Aleksandr “Saşa” Kasanof, qeyd etdiyimiz kimi, Balkanlarla heç zaman məşğul olmayıb, region dillərindən birini də bilmir. Dövlət Departamentinin yaydığı rəsmi məlumata görə, ingilis dili ilə yanaşı, rus, fransız, ispan və italyan dillərində danışır. Son vaxtlara kimi amerikalı emissar ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın köməkçisi vəzifəsində çalışıb. Nulanddan sonra bu postda olan Con Bassın da köməkçisi olub.

Aleksandr “Saşa” Kasanof Nuland kimi keçmiş sovet respublikaları üçün Maydan nəzəriyyəsinin müəlliflərindən biridir. Tanınmış amerikalı diplomat Viktoriya Nuland bu ilin martında ABŞ Dövlət Departamentini tərk edib. Diplomatiya sahəsində 30 il xidmət edib. Bayden administrasiyasında o, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə köməkçisi olub, bu, miqyasına görə ABŞ xarici siyasət idarəsində üçüncü şəxs hesab edilir.

Viktoriya Nuland Vendi Şermanın istefasından sonra (o, ABŞ administrasiyasının Çinin "Huavey" şirkəti və onun rəhbərliyinə qarşı qanunsuz hərəkətlərinə dəstək verməyib) Dövlət katibi Antoni Blinkenin müavini postuna iddiaçı olub. 62 yaşlı Nuland postsovet məkanında fəal ukraynayönümlü mövqeyi sayəsində tanınıb. O, 2013-2014-cü illərdə Ukraynada "Avromaydan" hərəkatı zamanı ABŞ-nin Şərqi Avropa xarici siyasətinin faktiki olaraq siması olub. Nuland Birləşmiş Ştatların Ukraynada "narıncı inqilaba" sadiqliyini və Kremlin Ukrayna ərazilərinə təsirinə qarşı müqavimətini təcəssüm etdirib. Ukraynadakı "Qərbyönümlü" dairələr bunu ABŞ-nin açıq-aşkar lütfü və Rusiyanın təsirindən çıxmağa yönələn aksiyalara dəstək əlaməti kimi dəyərləndirib.

Beləliklə, bölgə ilə bağlı təyinatlar ciddi məsələlərdən xəbər verir. Görünən də odur ki, qarşıda Balkanlar həqiqətən də yenidən münaqişə ocağına çevrilə bilər. Hər halda ABŞ-nin qəfil təyinatı bu qənaətə gəlməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi