Anım Gününün ismarışı - “Şəhidlər ölməz, Azərbaycan bölünməz!”

Anım Gününün ismarışı - “Şəhidlər ölməz, Azərbaycan bölünməz!” Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunub. Bu tədbir Prezident İlham Əliyevin xalqa televiziya müraciəti ilə başlayıb, yürüşlə davam edib.
Analitika
28 Sentyabr , 2021 15:48
Anım Gününün ismarışı - “Şəhidlər ölməz, Azərbaycan bölünməz!”

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olundu. Bu tədbir Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti ilə başladı, təməlqoyma, yürüş və ziyarətlə davam etdi.

Dövlət başçısı müraciətində ölkə vətəndaşlarına, Azərbaycanın dostlarına və onu sevməyənlərə bir sıra ismarışlar verdi. Prezident şəhidlərin xatirəsinin əbədiləşdirilməsindən danışıb, onların ailəsinə daima diqqət göstərildiyini deyib, qazilərə yardım və qayğıdan danışıb. O, yaralı əsgərlərin döyüş əzmindən, şəhid ailələrinin böyüklüyündən bəhs edib: “Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

İlham Əliyev müraciətində Azərbaycan xalqının əyilməz və yenilməz olduğunu vurğulayıb: “Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik”.

44 günlük müharibənin qazanılmasını şərtləndirən amillərdən biri də milli birlik olub. Ön və arxa cəbhədəkilərin hakimiyyətlə birliyi Azərbaycan xalqının gücünün göstəricisi idi. Ermənistan və havadarları Azərbaycan xalqını qorxutmaq, ölkədə xaos yaratmaq üçün mülki binalara, cəbhə bölgəsindən uzaqda yerləşən ölkənin rayon və şəhərlərindəki yaşayış evlərinə hücum etdi. Ancaq onların bu niyyətləri baş tutmadı. Dinc sakinlər təmkin və dözüm göstərməklə düşmənə cavab verdi.

Azərbaycan Prezidenti müraciətində mülki vətəndaşların mübarizə əzmini belə vurğulayıb: “Mülki vətəndaşlar - 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.

Anım Günü ilə bağlı keçirilən yürüş də xalqın yenilməzliyinin, birliyinin bariz nümunəsi idi. Bu aksiyada Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Yürüşün önündə əllərində şəhid hərbçi və şəhid körpənin şəklini tutmaqla Prezident və Birinci vitse-prezident dünyaya ismarış verirdi. Bu, hərbçisindən körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisidir. Şəhidlərin fotoları ilə yürüş onların daim ön sırada olması demək idi. Bu, dünyaya “Şəhidlər ölməz, Azərbaycan bölünməz!” ismarışının çatdırılması idi. Yürüş sübut etdi ki, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əzizdir. Onların işi davam edir. Bu, fotolar hərb dilində ifadə etsək, qoşun komandanının əlindəki bayraq kimi idi. Şəhidlərin Azərbaycan yolunda apardıqları mübarizə estafetinin ötürülməsi, bayrağın əmin əllərdə olduğunun göstəricisidir. Anım Günü Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdiyi üçün bu günü sevinclə qeyd edirdi. Yürüşdə və başqa tədbirlərdə mütəşəkkil, öz torpaqlarını və dövlətini qorumağa qadir bir xalq var idi.

Həmin gün işğalçı Ermənistanda müxtəlif aksiyalarla qeyd edilib. Müharibə bu ölkənin ağır olan vəziyyətini daha da ağırlaşdırdı. Bu ölkə müxtəlif ianələr hesabına mövcudluğunu saxlayır. Ermənilər Spitak zəlzələsi, Qarabağ, Azərbaycanla sərhədyanı bölgələri və başqa məsələləri bəhanə edərək uzun illərdir dünyadan yardım istəyiblər. Hətta bu məqsədlə ABŞ-da, Avropa ölkələrində küçələrdə aksiyalar keçirirlər. Ermənistan iqtisadiyyatı ianələr hesabına formalaşdığından o, daim asılı vəziyyətdə olub. Son illər yeni hakimiyyətin yürütdüyü qeyri-müəyyən siyasət Ermənistan iqtisadiyyatını daha riskli edib. İşğal altında olan Azərbaycan torpaqlarını xarici iş adamları ilə birlikdə talayan Ermənistan indi daha acınacaqlı vəziyyətdədir. Ölkə vətəndaşları Ermənistanı birdəfəlik tərk edirlər. İrəvandakı “Zvartnos” hava limanından verilən rəsmi məlumata görə, 2021-ci ilin yanvar-avqust aylarında Ermənistandan 48 053 vətəndaş həmişəlik gedib. “Hayastan” parlament fraksiyasının üzvü, deputat Vaqe Akopyan jurnalistlərə Ermənistanı tərk edənlərin sayının "kosmik səviyyəyə" çatdığını bildirib. Onun sözlərinə görə, Zəngəzurdan (Sünik) xaricə köç edənlərin sayı günbəgün artır. Deputat deyib ki, 2021-ci ilin ilk 6 ayında Ermənistanı 110 min nəfər tərk edib.

Ermənistan vətəndaşları rəhbərlərinin və ideoloqlarının sayəsində bir ümidsizliyə qapanıblar. Onlar çıxış yolunu ölkəni tərk etməkdə görürlər. İkinci Qarabağ müharibəsinin başladığı günün birinci ildönümündə Ermənistanda matəm yaşanıb. BBC-nin Azərbaycan redaksiyası “İrəvanda İkinci Qarabağ müharibəsinin bir illiyi ilə bağlı nə düşünürlər?” mövzusunda şəhər sakinlərindən müsahibə alıb. Həmin söhbətlər ermənilərin saxta düşüncələrinin qurbanı olduğunu bir daha təsdiqlədi. Müsahibələrdə sakinlər daha çox bu ifadələri işlədib: “Məğlub olmuş xalqın şərhi nə olacaq? Məğlubiyyət çox ağır yaşanır”, “Bu ili biz yaşamadıq, bu, ömür deyil, bu rüsvayçılıqdır”, “Bizim üçün çox çətin olub, şəhərimiz boşdur, nə etsək də yerini doldura bilmirik”, “Humanitar baxımdan böyük faciədir. Çoxları bundan ibrət almadı”, “Azərbaycan necə deyirdi, onu etdi. Bizimkilər rusları düşündü, ruslar müttəfiqinin köməyinə çatmadı”, “Yalnız Rusiya müttəfiq kimi qalmalıdır”, “Bunlar ermənini erməniyə qarşı qoydu” və s.

Müxalifət nümayəndələri 44 gün ərzində müxtəlif aksiyalar keçirəcəklərini bildirib. Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın başçılıq etdiyi müxalifət İrəvanın mərkəzində Erablur hərbi məzarlığına doğru yürüş edərək məşəl yandırıblar. Yürüş iştirakçılarından Naira Kartasiyan adlı qadın bildirib ki, bu müharibə bir çox şeyi dəyişdi: “Ölkəmizdəki vəziyyət daha da pisləşdi. Düşünürəm ki, bütün bunları unudub va yaralarımızın sağalması üçün bizə daha 100 il lazım olacaq".

Beləliklə, Anım Günü keçirilən iki fərqli tədbir regionda sülh və əməkdaşlığın vacib olduğunu bir daha sübut etdi. Azərbaycan torpaqlarını işğaldan azad edən, Ermənistan isə işğalçı tərəfdir. Əməkdaşlıq və sülhün təşəbbüskarı Azərbaycandır. Sentyabrın 27-də keçirilən tədbirlər ermənilərə, onların siyasi rəhbərlərinə, ideoloqlarına, bu etnosa faciələr yaşadan havadarlarına düşmənçilik yaratmaq əməllərindən əl çəkməyin vacibliyini göstərdi.

Anım Günü Azərbaycan xalqının əyilməzliyinin, yenilməzliyinin, birliyinin, yüksək döyüş qabiliyyətinin simvoludur.

Son xəbərlər

Orphus sistemi