Bu gün Aprel döyüşlərinin başlamasından 5 il ötür. Döyüşlər niyə başladı? Hadisədən bir müddət əvvəl Ermənistan rəsmiləri Azərbaycana və Türkiyəyə qarşı ənənəvi hədələmə ritorikası ilə çıxış edirdi. Ölkənin o vaxtkı prezidenti Serj Sarqsyan erməni gəncləri ilə görüşdə Türkiyəyə qarşı ittiham irəli sürmüşdü, 1915-ci ilin aprelində baş verən hadisələri təhrif etmişdi. Bundan başqa, o, Qarabağın ermənilərə aid olduğunu iddia etmişdi.
Ermənistan ətraf rayonları Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək işğal altında saxladığını bəyan edirdi. Onlar və havadarları bu yolla Azərbaycana “Qarabağın müstəqilliyini” “qəbul etdirməyə” səy göstərirdilər. Elə 2016-cı ilin aprelində baş verən hadisələrin də əsasında bu məsələ dayanırdı. Danışıqlardan qaçan və beynəlxalq ictimaiyyətin tələblərinə əməl etməkdən boyun qaçıran Ermənistan hakimiyyəti Qarabağda hərbi əməliyyatları fəallaşdırmaqla özünü güclü göstərməyə çalışırdı. Bundan başqa, Serj Sarqsyan düşən nüfuzunu qaldırmaq üçün Qarabağ məsələsindən istifadə etməyə başladı. Ona görə də 2016-cı ilin mart ayının ortalarından ermənilərin atəşkəsi intensiv pozması aprelin 1-dən 2-nə keçən gecə döyüşlərə çevrildi. Bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmənin intensiv atəşinə məruz qaldı. Nəticədə ermənilər aprelin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törətdi. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhidlər verdi, eləcə də mülki əhali arasında da ölən və yaralananlar oldu.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Bəs dördgünlük döyüşlər nəyi sübut etdi? Azərbaycan bütün dünyaya bir daha çatdırdı ki, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez zamanı gəldiyində onu azad edəcək. Azərbaycan erməniləri və havadarlarını beynəlxalq hüquqa, onun normalarına, BMT-yə, onun Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə bir daha dəvət etdi. Hadisələr Azərbaycan hakimiyyəti ilə cəmiyyətinin torpaqların azad edilməsində bir mövqedə olduğunu isbatladı. Döyüşlər ölkə ictimaiyyətinin torpaqların işğaldan xilas olması üçün hakimiyyətə hər cür dəstək verdiyini də göstərdi. Bu döyüşlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hədəf olaraq bir daha ortaya qoydu. Beynəlxalq ictimaiyyətə, ermənilərə və havadarlarına bu ismarış bir daha verildi. Eyni zamanda dördgünlük hadisələr Azərbaycan üçün baş məşq də sayıla bilər. Bəhs etdiyimiz döyüşlər Ermənistan ordusu barədə yayılan mifi darmadağın etdi. Bu ordunun və işğal faktının uzanmasının arxasında dayanıb ermənilərə dəstək verənlər bir daha ifşa olundu. Azərbaycan dünyanı ədalətli olmağa çağırdı. Bundan başqa, Aprel döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini yenidən təsdiqlədi. Yeri gəlmişkən, Aprel döyüşləri sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin torpaqların işğaldan azad edilməsi istiqamətində başladığı əks-hücumun təməlini qoydu.
Hazırda Ermənistan cəmiyyəti siyasi-iqtisadi, sosial, mədəni və hərbi sahədə çaşqınlıqlarla üz-üzədir. Ölkədə bu istiqamətdə böhran davam edir. Ölkədən mühacirət artıb. Silahlı Qüvvələrin generalları hökumətə qarşı qiyama, hökuməti devirməyə cəhd etdi. Rəsmi Yerevan növbədənkənar parlament seçkilərinin keçirilməsinə vadar olub. Ölkənin keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyana qarşı müxtəlif hadisələrlə bağlı cinayət işi açılıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətində qalmaqallar ara vermir. Xidmət direktorları tez-tez dəyişir. Ölkədə gündəlik tələbat mallarının qiyməti bahalaşır. Ermənistanda çağırışçıların və əsgərlərin valideynləri oğullarının Qarabağda hərbi xidmət keçməsinə etiraz edirlər. Ermənistan ictimaiyyətində və hakim dairələrdə Azərbaycan torpaqlarının işğalı faktı ilə razılaşanlar artır. Nikol Paşinyan Şuşanın Azərbaycana aid olduğunu etiraf edib. Bu və başqa bu kimi hadisələrin baş verməsinin əsasında Aprel döyüşlərində əldə edilən qələbə dayanır. Qeyd edək ki, Ermənistan parlamenti 2019-cu ildə Aprel döyüşlərindəki məğlubiyyətin səbəblərini araşdıran müvəqqəti komissiya yaradıb. Komissiya işini hələ də başa çatdırmayıb. Serj Sarqsyan bu qurumdakı dinləmələrdə dəfələrlə ifadə verib. Yeri gəlmişkən, o, “Armnyus” telekanalına müsahibəsində işğal altında olan 7 rayonun Azərbaycana qaytarılmasını da müzakirə etdiklərini bildirmişdi. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan isə Aprel döyüşlərinin nəticələrindən dərs aldıqlarını etiraf edib. Ermənistan əhalisi və hakimiyyəti dördgünlük döyüşləri hələ uzun illər xatırlayacaq. Onun davamı olan 44 günlük müharibədə aldıqları məğlubiyyəti isə heç vaxt yaddan çıxarmayacaqlar. Hər iki hadisə başqasının torpağına soxulan burunun əzilməsini təsdiqləyən dərsdir.
Nəhayət, dördgünlük döyüşlər Azərbaycanda milli birliyi, həmrəyliyi gücləndirdi. Vətən müharibəsində bütün sahələrdə bu birlik özünü göstərdi. Aprel döyüşləri həm də Azərbaycanın dost və düşmənlərini bir daha tanıtdırdı. Məlum oldu ki, onlar 100 ildən artıqdır yerlərindən tərpənməyiblər. İkinci Qarabağ müharibəsində də dostlar da, düşmənlər də öz yerində idi.
Beləliklə, dördgünlük döyüşlərdəki qələbə Zəfər gününün yaranmasına səbəb oldu.