Ermənistanın 44 günlük müharibədə təslim olması sülhməramlıların Azərbaycan ərazisinə yerləşdirilməsi ilə başa çatdı. Məlum 10 noyabr bəyanatının 3, 4 və 5-ci maddələrində onların fəaliyyəti təsbit edilib. 5-ci maddədə deyilir: “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.
Deməli, yalnız Rusiya hərbçilərindən ibarət olan sülhməramlıların əsas funksiyası atəşkəs rejiminə nəzarət etməkdən ibarətdir. Ancaq son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Kəlbəcər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan atəşə tutulur. Atəşkəs rejiminin pozulması hadisələri ilə bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Hər halda atəşkəs rejiminin pozulmasının intensiv hal alması 10 noyabr bəyanatının mahiyyətinə ziddir. Azərbaycan ərazisində yalnız Rusiya sülhməramlılarının olduğunu nəzərə alsaq, atəşkəs məsələsində məsuliyyətin daha onların üzərinə düşdüyünü demək olar. Bu həm də o deməkdir ki, Rusiya sülhməramlıları üzərilərinə düşən öhdəliyi yerinə yetirə bilmir, yaxud ermənilərin atəşkəsi pozmasına ya yardım edir, ya da "yaşıl işıq" yandırır.
Bir müddət əvvəl Azərbaycan ərazisində həmin sülhməramlıların yardımı ilə ermənilərin hərbi təlim keçməsinə dair xəbərlər də yayılmışdı. Bu da Rusiya hakimiyyətinin üzərinə götürdüyü öhdəliyə əməl etməməsinin göstəricisidir. Noyabrın 10-da qəbul edilən bəyanatda göstərilib ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq Ermənistan hərbçiləri Azərbaycan torpaqlarını tərk edəcəklər. Bundan başqa, sənəddə istənilən formada erməni silahlılarının mövcud olması ilə bağlı məsələ nəzərdə tutulmayıb. O zaman Rusiya sülhməramlılarının yerləşdiyi ərazidən Azərbaycanın başqa rayonlarını kim atəşə tutur? Bəyanatın ziddinə olaraq regionda qalan erməni silahlıları, sülhməramlıların himayə etdiyi erməni silahlı dəstələri?
Qeyd edək ki, sülhməramlıların komadanı, general-mayor Andrey Volkovun xidməti dövründə atəşkəs hallarının pozulması əvvəlki həmkarlarının dövrü ilə müqayisədə daha intensiv hal alıb. Xatırladaq ki, 2020-ci ilin noyabrından 2021-ci ilin mayınadək Rusiyanın Azərbaycanda müvəqqəti yerləşən hərbçilərinə general-leytenant Rüstəm Muradov rəhbərlik edib, daha sonra onu bu vəzifədə general-leytenant Gennadi Anaşkin əvəzləyib. Hazırda Rusiya hərbçilərinə general-mayor Andrey Volkov başçılıq edir. Yeri gəlmişkən, o, Rusiyanın Suriya, Əfqanıstan və Çeçenistanda keçirdiyi hərbi əməliyyatlara başçılıq edənlərdən olub.
Son günlər sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdən ermənilərin atəşkəsi pozması deməyə əsas verir ki, A.Volkov üzərinə düşən vəzifəni icra edə bilmir. Rusiyalı komandanın nəzarəti altında olan ərazidə ermənilərin atəşkəsi pozması aşağıdakı ehtimalları irəli sürməyə əsas verir:
- Sülhməramlılar Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sui-istifadə edir. Ölkə silahlı qüvvələri komandanlığının başı Ukraynaya daha çox qarışdığından Volkov başçılıq etdiyi ordunun yerləşdiyi ərazidəki erməniləri Azərbaycana qarşı silahlandırır, atəşkəsin pozulmasında onlara göz yumur;
- Volkov öz dövlətinin maraqlarını ermənilərə satır;
- Sülhməramlıların komandanı ermənilərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir;
- O, tarixən regiona yerləşdirilən Rusiya hərbçilərinin ermənilərə yardım ənənəsini davam etdirir və s.
Ermənilərin atəşkəsi pozmasının qarşısını ala bilməyin sülhməramlılara Azərbaycanın haqlı olaraq etimadı azalacaq. Çünki Rusiya hərbçiləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda, habelə keçmiş SSRİ dövründən qalan münaqişə bölgələrində bu missiyanı heç vaxt uğurla həyata keçirməyiblər. Noyabrın 10-dan sonra Rusiya sülhməramlılarının bu istiqamətdə etimad qazanması üçün bir fürsət düşüb. Ancaq general-mayor Volkovun öz xidməti vəzifəsini layiqincə icra edə bilməməsi sülhməramlı missiyanın fəaliyətinin üzərinə düşən tarixi kölgənin qalmasına şərait yaradır.
Qeyd edək ki, son 30 ildə Azərbaycan oxşar hadisəni yaşayıb. 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi” ilə əlaqədar olaraq və baş verənlərin qarşısını almaq adı altında bölgədə vəziyyəti sabitləşdirmək üçün Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxladı. Eyni zamanda vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman imzalandı. Həmin fərmanla DQMV-də birbaşa Moskvaya, keçmiş SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Komitə fərmandakı müddəaların əksinə fəaliyyət göstərdi. Başqa sözlə, vilayətin Azərbaycanın tabeliyindən çıxması istiqamətində işlədi. Bu prosesə komitənin sədri Arkadi Volski başçılıq edirdi. Onun fəaliyyəti nəticəsində vilayətin idarə və müəssisələri Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq Moskvanın tabeliyinə keçirildi. Başqa sözlə, vilayət defakto Azərbaycan SSR-in tərkibindən çıxarıldı. Vilayət İcraiyyə Komitəsinin binasının üzərindən Azərbaycan SSR-in bayrağı çıxarılaraq yerinə Ermənistan SSR-inki sancıldı. Bu dövrdə Xankəndindən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə, vilayətin azərbaycanlılar yaşayan kəndləri Xüsusi İdarə Komitəsinin yardımı ilə məqsədəuyğun şəkildə boşaldıldı...
44 günlük müharibədən sonra Azərbaycan vətəndaşları Volskinin fəaliyyəti nəticəsində köçkün düşdükləri dədə-baba yurdların qayıtmaq üçün imkan əldə ediblər. Ancaq Vokov kimi sülhməramlı hərbçilərin fəaliyyəti buna mane olur. Bu general-mayor Azərbaycanla Ermənistan arasında sülhün yaranmasında Rusiyanın gördüyü işlərə də kölgə salır.
Beləliklə, sülhməramlılaın indiki xidmətini belə də xarakterizə etmək olar: sülhməramlı Volkov xüsusi komitənin sədri Volskinin işlərini davam etdirir.