Azərbaycan beynəlxalq səviyyədə humanitar məsələlərə həmişə böyük əhəmiyyət verib. Müxtəlif humanitar tədbirlərə maliyyə yardımı edib. Bu baxımdan Azərbaycan dünyanın başlıca probleminə çevrilən koronavirusa qarşı mübarizəyə torpaqları işğal altında olanda da, ərazisi Ermənistan ordusundan təmizlənəndə də diqqət göstərib.
Rəsmi Bakı Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olub. Həmin görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdi. Həmin vaxt bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzvü dəstəkləmişdi. Ümumilikdə BMT-nin 150-dən artıq üzv dövləti bu təklifə müsbət münasibət bildirmişdi.
Dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələri keçirilib. Dövlət başçısı çıxışında Azərbaycanın pandemiyaya qarşı dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə gördüyü işlərdən danışarkən bildirib:
“Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır. Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir”.
Prezident Azərbaycanın koronavirusa qarşı mübarizə çərçivəsində gördüyü işlərə toxunaraq deyib: “Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir”.
Dövlət başçısı bütün beynəlxalq tədbirlərdə olduğu kimi bu sessiyada da Qarabağ məsələsindən danışıb. O, Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymadığını vurğulayaraq bildirib: “Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir”.
Prezident Ermənistanın 2020-ci ilin iyulunda regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətdiyini bildirib:
“Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim”. Prezident sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladığını qeyd edib: “Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etmişdir. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır”. Prezidenti İlham Əliyev Azərbaycanın bununla həm koronavirusa, həm də işğalçı Ermənistana qarşı mübarizə apardığını toplantı iştirakçılarının diqqətinı çatdırıb. Dövlət başçısı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib: “Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir”.
İlham Əliyev sessiya iştirakçılarının nəzərinə Ermənistanın beynəlxalq hüquqa heç bir zaman əməl etmədiyini də çatdırıb.
Ermənistan yarandığı gündən Rusiya və keçmiş SSRİ-nin maliyyə yardımı hesabına mövcud olub. İndi isə ona Fransa, Almaniya, ABŞ, Niderland, habelə Avropa İttifaqı sponsorluq edir. Koronavirusa qarşı mübarizədə də 10-dan artıq dövlət Ermənistana yardım etdiklərini bildirib. Bu maliyyə yardımlarının həcmi milyonlarla ABŞ dolları və avrodur. Həmin maliyyə yardımlarının sərfiyyatına beynəlxalq ictimaiyyətin nəzarəti olmadığından Ermənistan hakimiyyətinin həmin vəsaiti müharibəyə, yaxud işğalçı məqsədlərə xərcləmədiyinə də təminat yoxdur. Bu dövlət yaradıldığı gündən Cənub Qafqazda pozuculuq fəaliyyəti ilə məşğul olur. Onun destruktivliyi həm də dünyanın təhlükəsizliyini təhdid edir.
Koronavirusa qarşı mübarizə bir dövlətin daxili işi deyil. Bu, beynəlxalq səviyyəli, əhəmiyyətli tədbirdir. Bu aksiyada dünyanın bir sakinindən tutmuş dövlətlərədək hamı iştirak etməyə borcludur. Ancaq Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış edib. Prezident çıxışında rəsmi Yerevanın bu addımına belə münasibət bildirib: “Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi olmamışdır. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur”. Bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla Ermənistan nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü rəzil etdi. Azərbaycan isə bu humanitar tədbirdə bölgə üzrə liderliyi öz üzərinə götürdü. Sübut etdi ki, bölgədə yeganə orta gücdür. Bu, ərazisi və əhalisi çox böyük olmayan, döyüşlərdən çıxan ölkənin qlobal səviyyədə nəhəng işlər görə bildiyini bir daha nümayiş etdirdi. Bu, Prezident İlham Əliyevin də uğuru sayılır. Bu, Azərbaycanın və dövlət başçısının beynəlxalq səviyyədə artan nüfuzunun da göstəricisidir. Hadisələr və görülən işlər deməyə əsas verir ki, Ermənistan ordusunu öz torpaqlarından qovan Azərbaycan beynəlxalq səviyyədə koronavirusa qarşı mübarizədə də öz töhfəsini verəcək.