Azərbaycanda 2021-ci il işğaldan azad edilmiş ərazilərdə fəal quruculuq ili olub

Azərbaycanda 2021-ci il işğaldan azad edilmiş ərazilərdə fəal quruculuq ili olub Azərbaycan mühüm tədbirlərdə iştirak edərək və pandemiyanın nəticələrinin aradan qaldırılması üzrə təşəbbüslərlə çıxış edərək beynəlxalq arenada səmərəli fəaliyyətini davam etdirib
Analitika
30 Dekabr , 2021 10:52
Azərbaycanda 2021-ci il işğaldan azad edilmiş ərazilərdə fəal quruculuq ili olub

Azərbaycan üçün 2020-ci il 44 günlük Vətən müharibəsindəki qələbə və işğal olunmuş torpaqların qaytarılması ilə yadda qalmışdısa, bu il daha çox işğaldan azad edilmiş torpaqlarda infrastrukturun bərpası istiqamətində aparılan fəal işlərlə yaddaşlarda qalacaq.

Həmçinin Azərbaycan mühüm tədbirlərdə iştirakçı olaraq və pandemiyanın nəticələrinin aradan qaldırılması üzrə təşəbbüslərlə çıxış edərək beynəlxalq arenada səmərəli fəaliyyətini davam etdirib.

Qarabağın bərpası

2021-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması üçün ərazilərin minalardan təmizlənməsi, o cümlədən infrastrukturun bərpası və yenidən qurulması üzrə sistemli işlər davam etdirilib.

Ən mühüm hadisə oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Bu, çox qısa müddətdə tikilib - 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı göstəriş verib, yanvarın 14-də aeroportun təməli qoyulub, 8 ay sonra - oktyabrın 26-da isə onun açılışı baş tutub.

Bundan əlavə, Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanları tikilir.

Noyabrın 7-də Füzuli şəhərini Şuşa ilə birləşdirən və ümumi uzunluğu 101 kilometr olan “Zəfər yolu”nun açılışı olub.

Ağdam sənaye parkının və “Araz vadisi iqtisadi zonası” sənaye parkının yaradılması istiqamətində işlərə başlanılıb, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası davam etdirilir.

Ümumiyyətlə, dövlət Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında əlverişli investisiya mühiti yaradır, potensial rezidentləri və investorları cəlb etmək məqsədilə sahibkarlar və dövlət qurumları ilə daim əməkdaşlıq edir.

Görüşlər və razılaşmalar

2021-ci il Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında yanvarın 11-də Moskvada keçirilən danışıqlarla başlayıb. Danışıqların yekununda tərəflər bütün nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması regionda iqtisadi əlaqələrin bərpası haqqında birgə bəyanat imzalayıblar.

Eyni formatda daha bir üçtərəfli görüş ilin sonuna doğru, noyabrın 26-da Soçidə keçirilib və ondan sonra da birgə bəyanat qəbul edilib.

Tərəflər 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarının ardıcıl şəkildə həyata keçirilməsinə və onlara riayət edilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər, Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı, Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Dekabrın ortalarında Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Nikol Paşinyanla görüşüb. Ş.Mişelin sözlərinə görə, danışıqlar zamanı sərhəd və gömrük nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunması ilə dəmir yolu xəttinin bərpa edilməsi məsələsinə xüsusi toxunulub.

Tərəflər, həmçinin, Aİ-nin regionda etimadın möhkəmləndirilməsi, dinc birgəyaşayışın təşviqi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi məsləhətləşmə platformasını işə salmaq niyyətini müzakirə ediblər.

Şuşa Bəyannaməsi

Başa çatmaqda olan ildə Azərbaycanın xarici siyasətində mühüm mərhələ Türkiyə ilə qardaşlıq əlaqələrinin möhkəmlənməsi, o cümlədən ikitərəfli münasibətlərin yol xəritəsinə çevrilmiş Şuşa Bəyannaməsinin imzalanması oldu.

Sənəd iyunun 15-də Şuşada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi ikigünlük səfəri çərçivəsində imzalandı.

Bəyannamədə siyasi, iqtisadi, ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, o cümlədən Cənub Qaz Dəhlizi üzrə enerji təhlükəsizliyi, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizində əməkdaşlıq və s. kimi mühüm məsələlər öz əksini tapıb. Tərəflər çoxtərəfli platformalar, o cümlədən altıtərəfli platforma (3+3) çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Strateji tərəfdaşlar

Qardaş Türkiyə ilə əlaqələr bu il də möhkəmlənməyə davam edib.

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Toplantısı keçirilib və bu toplantıda İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.

Azərbaycan və Türkiyə birgə hərbi təlimləri davam etdirib, onların bəzilərinə Pakistan da qoşulub. Payızda Azərbaycanda ölkəmizin, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib.

Pakistanla əlaqələrin inkişafına iki ölkənin paytaxtları arasında birbaşa aviareysin açılması da kömək edəcək. Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, Bakı ilə İslamabad arasında aviareys yaxın vaxtlarda açılacaq.

Azərbaycanın regiondakı digər strateji əhəmiyyətli tərəfdaşı Rusiyadır. Bu il Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında münasibətlər son dərəcə dinamik inkişaf edib. İl ərzində bir neçə dəfə Rusiya sahibkarlarının missiyaları Azərbaycanda olublar. Dekabrın 16-da Bakıda “İnteqrasiya prosesləri kontekstində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.

Azərbaycan 2021-ci ildə həmçinin beynəlxalq aləmdə bir sıra mühüm tədbirlərdə - məsələn, Brüsseldə keçirilmiş 6-cı “Şərq Tərəfdaşlığı” sammitində iştirak edib, eləcə də Serbiya ilə birgə sədrliyi çərçivəsində Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli görüş təşkil edib.

Əfqanıstanda missiyanın başa çatması

Bu ilin avqustunda NATO Əfqanıstandakı missiyasını başa vurduğunu elan etdi və sülhməramlı kontingentin çıxarılmasına başlayıb.

Avqust ayında “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycan qoşunları Kabil Beynəlxalq Hava Limanında təhlükəsizliyə nəzarət etməyə kömək edib və ölkəni sonuncu tərk edənlər arasında olub.

Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti avqustun 26-da Əfqanıstandan çıxarılıb.

NATO-nun baş katibi Yens Stoltenberq Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində hərbçilərimizin oynadığı rola görə Azərbaycana təşəkkür edib.

Pandemiya ilə mübarizəyə töhfə

Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə töhfə verməkdə davam edib. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında peyvəndlərin dünyada bərabər və ədalətli paylanmasının vacibliyini dəfələrlə vurğulayıb. Bu il ölkəmiz yardım olaraq müxtəlif ölkələrə - Bosniya və Herseqovina, Mərkəzi Asiya və Afrika ölkələrinə COVID-19-a qarşı vaksinlər göndərib.

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddialar

Digər mühüm hadisə Azərbaycanın Ermənistana qarşı iddialar ilə BMT-nin Haaqakı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsi olub. Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda fəaliyyət göstərən fiziki şəxslər və təşkilatlar tərəfindən azərbaycanlılara qarşı irqi nifrət təbliğatının qadağan edilməsi üzrə müvəqqəti tədbirlər görülməsi ilə bağlı Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə həmçinin Ermənistanda azərbaycanlılara qarşı etnik zəmində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi ilə bağlı qərar qəbul edib.

Gələn ildə isə Azərbaycan Ermənistana qarşı daha iki iddia ilə beynəlxalq məhkəmələrə müraciət etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi