Azərbaycanın əlverişli geostrateji mövqeyi tarixən ərazilərimizdən Avropa ilə Asiyanı birləşdirən marşrutlar üçün mühüm nəqliyyat mərkəzi kimi istifadə etməyə imkan verib. Bu istiqaməti ölkənin qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq seçən səlahiyyətlilər və hökumət müstəqillik illərində nəqliyyat infrastrukturunun sürətli inkişafı üçün böyük işlər görüb və bu, Azərbaycan ərazisindən daşınan malların təyinatının coğrafiyasını genişləndirməyə imkan verib. Lakin digər marşrutlarla rəqabətə tab gətirmək üçün təklif olunan marşrutları daim təkmilləşdirmək lazımdır.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, ermənilərin işğalı altındakı torpaqların işğaldan azad edilməsi və regionda nəqliyyat kommunikasiyalarının bərpa edilməsini nəzərdə tutan üçtərəfli bəyanat ölkəmizdən keçən tranzit marşrutlarının inkişafı üçün tamamilə yeni geniş imkanlar açıb.
Hər kəs üçün fayda
Zəngəzur dəhlizinin təkcə dəmir yolu deyil, həm də avtomobil rabitəsini əhatə etdiyi məlumdur. Dəmir yolu hissəsində söhbət Horadiz-Ağbənd magistralından, 44 km uzuluğa malik Zəngəzur hissəsindən, Ermənistan sərhədi-Ordubad və Ordubad-Naxçıvan-İrəvan, İrəvan-Gümrü-Qars xətlərindən gedir. Yeri gəlmişkən, burada xatırladaq ki, keçən il Naxçıvanla əlaqələndirilməsi planlaşdırılan Qars-İğdır dəmir yolu xəttinin inşasına başlanılıb. Bu istiqamətdən başqa, Culfa keçidi ilə Cənubi Qafqaz və İranın dəmir yolları kəsişir.
Zəngəzurdan keçən avtomobil rabitəsinə gəlincə, keçən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi başlamazdan əvvəl Naxçıvandan Ermənistan ərazisindən keçməklə Qarabağa və daha da irəli aparan avtomobil yolu var idi. Əlbəttə, indi bu yolu bərpa etmək, praktik olaraq yenidən inşa etmək lazımdır, ancaq o, həm yükdaşıma, həm də sərnişin axınının təşkili baxımından olduqca sərfəlidir.
Məsələyə ağılla yanaşılsa, Zəngəzurdan keçən köhnə layihələrin dirçəlməsi və yeni layihələrin həyata keçirilməsindən Azərbaycanın demək olar bütün qonşuları, o cümlədən elə Ermənistanın özü fayda əldə edə bilər. Hələlik onlar ən yaxşı ənənələrinə sadiq qalaraq Azərbaycan və Naxçıvanı Ermənistan ərazisindən birləşdirəcək dəhlizin açılmaması üçün hər yolla problem yaratmağa çalışır. “Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı vəzifəni həyata keçiririk. Ermənistan istəsə, məsələ sadə yolla həll edilə bilər, istəməzsə, Azərbaycan məsələni güclə həll edəcək”, - Prezident İlham Əliyev deyib.
Bu məsələ ətrafındakı siyasi məqamları və Azərbaycanın mövqeyinin şəksiz ədalətini bir kənara qoyaraq, bir daha vurğulayaq ki, Zəngəzur dəhlizinin açılması, şübhəsiz ki, regiondakı bütün ölkələrin iqtisadi inkişafı üçün güclü stimul verəcək.
Azərbaycan mövqeyini möhkəmləndirəcək
Bu marşrutların açılmasının Azərbaycan üçün faydaları göz qabağındadır: ölkəmizdən onsuz da iri regional tranzit layihələr - TRACECA, İpək Yolu İqtisadi Kəməri və Şimal-Cənub dəhlizi, Çindən gələn malların Avropaya 12 gün ərzində çatdırılmasına imkan verən Bakı-Tbilisi-Qars keçir, Zəngəzurdan keçən yeni hissə isə həm mövcud marşrutları genişləndirməyə, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak çərçivəsində yük daşımaları ilə bağlı daha əlverişli şərtlər təklif etməyə imkan verəcək.
Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyanın 77-ci iclasında çıxışı zamanı Asiya və Sakit okean regionu ölkələrini Zəngəzur nəqliyyat dəhlizinin yaradılması üzrə regional layihənin potensialını öyrənməyə dəvət edib.
“Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional layihələrin həyata keçirilməsinə mühüm töhfə verib. Hazırda Azərbaycan ərazisindən keçərək Asiya və Avropanı birləşdirən “Şərq-Qərb” dəhlizinin bir hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində işləyirik. Bu dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməsinə imkan verəcək”, - dövlət başçısı deyib.
Bizim üçün dəhlizin açılmasının daha lokal, lakin heç də az əhəmiyyəti olmayan üstünlükləri var - bu, əlbəttə ki, malların Naxçıvandan ölkənin qalan hissəsinə və əks istiqamətdə, eləcə də dünya bazarlarına çatdırılmasının maksimum dərəcədə sadələşdirilməsidir. Beləliklə, muxtar respublikanın iqtisadi inkişafı praktiki olaraq blokada vəziyyəti ilə əlaqədar uzun illər davam edən çətinliklərdən sonra güclü təkan alacaq. Bundan əlavə, Azərbaycanın bu regionda yeni infrastruktur layihələri həyata keçirmək, Naxçıvanın enerji və qaz təchizatı ilə bağlı problemlərinin həllində İrandan olan asılılığı əhəmiyyətli dərəcədə azaltmaq imkanı olacaq.
Türk dünyası bir marşrutda
Türkiyə üçün faydalara gəlincə, ilk növbədə, onlar bu dəhliz vasitəsilə əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcəklər. Beləliklə, ölkələrimiz arasındakı məsafə 400 km azalacaq ki, bu da təbii olaraq nəqliyyat əlaqələrini daha da sərfəli və rəqabətədavamlı edəcək. Türkiyə üçün bu, həmçinin Orta Asiya ölkələrinə birbaşa çıxış üçün fürsətdir, bir növ Türk dünyasının bir nəqliyyat marşrutunda birləşməsidir. Beləliklə, Türkiyə qarşısında da üçmilyardlıq nəhəng Asiya bazarına qapı açılacaq.
Türkiyə KİV-in yazdığı kimi, bundan əlavə, Zəngəzur dəhlizinin açılması Türkiyənin İrandan tədarük etdiyi qazın ucuzlaşmasına və ümumilikdə yeni sərfəli enerji yollarının yaradılmasına yardım edəcək.
Rusiyaya gəlincə, bu dəhliz onlar üçün Cənubi Qafqaz və qonşu ölkələrə malların daşınması üçün əsas marşrut, eləcə də Türkiyə vasitəsilə Yaxın Şərq bazarlarına çıxmaq üçün alternativ marşrut ola bilər.
Ermənistan böhrandan çıxa bilər
Nəhayət, Ermənistan barədə. Zəngəzurda kommunikasiyaların bərpa edilməsi hamıdan çox onun üçün sərfəlidir. Birincisi, nəhayət, əsas iqtisadi tərəfdaşlarından biri olan İranla dəmir yolu əlaqəsi əldə edəcəklər. Məlum olduğu kimi, məhz zəruri maliyyə mənbələrinin olmaması və xarici investisiyalar cəlb edə bilməməsi səbəbindən Ermənistan öz ərazisindən İrana dəmir yolu çəkə bilmədi. İndi İranla Ermənistan arasında yük trafiki yeni dəhliz boyunca həyata keçirilə bilər. Faktiki olaraq, bununla Ermənistan həm də Azərbaycan ərazilərinin işğalı səbəbi ilə son 30 ildə özü-özünü saldığı iqtisadi mühasirədən də qurtulacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Ermənistanın müttəfiqi Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. “Bu əlaqə Azərbaycan ərazisindən keçməklə yaradıla bilər. Ermənistanın həmçinin qonşu İranla da dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu əlaqə də təmin edilə bilər”, - o bildirib.
Və nəhayət, kommunikasiyanın bərpa edilməsi ilə regiondakı həqiqi sülhün hökmranlığı onun investisiya cəlbediciliyini də xeyli artıracaq. Azərbaycanın İkinci Qarabağ müharibəsindən əvvəl də bununla bağlı heç bir problemi yox idisə, investorlar həm münaqişə, həm də qazanclı nəqliyyat marşrutlarının olmaması səbəbindən Ermənistana sərmayə yatırmaqdan çəkinirdilər.
Beləliklə, Ermənistan iqtisadi böhrandan çıxa və müəyyən dərəcədə indi yüksək yoxsulluq və işsizlik səviyyəsindən əziyyət çəkən vətəndaşlarının həyatını asanlaşdıra bilər. Nəticədə ölkədə sakinlərin digər ölkələrə kütləvi emmiqrasiyası yaşanır və bu da onun üçün ciddi demoqrafik problemə çevrilir.
Bir sözlə, Cənubi Qafqazda, xüsusən də Zəngəzurda kommunikasiya dəhlizlərinin bərpa edilməsi təkcə Azərbaycanın Avropa ilə Asiyanın qovşağında nəqliyyat və logistika bəndi kimi mövqeyini gücləndirməyəcək, həm də ümumilikdə bütün region ölkələrinin rifahını yaxşılaşdırmaq üçün bölgənin zəngin iqtisadi potensialından istifadə etməyə imkan verəcək.