Dünən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XIV zirvə görüşü keçirildi. Bu dəfə koronavirus pandemiyası ilə bağlı onlayn formatında keçirilən görüşdə bəlkə də ən mühüm məqam ECO Tədqiqat Mərkəzi Nizamnaməsinin imzalanması oldu. Beləliklə, vaxtilə hələ ümummilli lider Heydər Əliyevin irəli sürdüyü təşəbbüs həyata keçdi. Dünya iqtisadiyyatında mövcud vəziyyət nəzərə alınsa, belə bir layihə çox yerinə düşüb.
Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistanın üzv, Şimali Kipr Türk Respublikası, habelə Türk Kənəşi (Şurası) və Beynəlxalq Enerji Xartiyasının müşahidəçi statusuna malik olduğu ECO iqtisadi təmayüllü təşkilat olaraq region iqtisadiyyatının inkişafı üçün müstəsna imkanlar açır. Bəs həmin imkanlardan nə dərəcədə istifadə olunur?
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanla ECO-nun başqa üzv ölkələri arasında ticarət dövriyyəsi 5,6 milyard ABŞ dolları, 2020-ci ildə isə 4,89 milyard dollar təşkil edib. Əfqanıstan, Tacikistan və Türkiyə ilə dövriyyəmiz müsbət, qalan üzv ölkələrlə isə mənfi saldo təşkil edir.
Təqdim olunmuş qrafikdən də göründüyü kimi, ECO çərçivəsində Azərbaycanın ticarət dövriyyəsinin əksər hissəsi Türkiyənin payına düşür. Hələ 2017-ci ildə təsdiqlənmiş “ECO perspektivləri 2025”-ə görə, 2015-ci ildə təşkilat daxilindəki ticarət dövriyyəsinin həcmi 58 milyard ABŞ dolları, yəni potensial imkanlardan 9 faiz az olub. Həm daxili, həm də xarici ticarət əlaqələrinin ECOTA (təşkilatın ticarət sazişi), daha sonra da üzv ölkələri arasında sərbəst ticarət sazişi qəbul edildikdən sonra artacağı gözlənilsə də, hələlik ECOTA tam şəkildə həyata keçirilmir.
Sərmayələr baxımdan da vəziyyət eynidir. Azərbaycanın Türkiyə ilə qarşılıqlı sərmayələrinin həcmi (həmin ölkəyə 18 milyard dollar, oradan isə 13 milyard dollar) digər üzv ölkələrə nisbətən müqayisəyə gəlməyəcək qədər çoxdur.
ECO çərçivəsindəki iqtisadi münasibətlər şaxələndirilməli, ən əsası da daha çox əlaqələndirilməlidir. Bu baxımdan mühüm əhəmiyyətə malik ECO Tədqiqat Mərkəzi üzv ölkələr üçün strateji sənədlər hazırlayacaq beyin mərkəzinə çevrilməlidir. Belə ki, yeni mərkəz ECO çərçivəsində iqtisadi münasibətlərin inkişafına təkan verəcək amil ola bilər.
Mərkəzin nə kimi proqramları həyata keçirəcəyini indidən söyləmək çətin olsa da, “ECO Perspektivləri 2025”-ə əsaslanaraq güman etmək olar ki, başlıca diqqət “yaşıl” iqtisadiyyata, o cümlədən alternativ və bərpa olunan enerjinin inkişafına, nəqliyyat, logistika, turizm kimi məsələlərə yetiriləcək. Hərçənd bu sənəddə ayrı-ayrı sahələrin, o cümlədən turizmin inkişafı üçün dolğun strategiya nəzərdə tutulmadığı göz qabağındadır. Belə ki, əksər üzv ölkələri tarixi Böyük İpək Yolu üzərində yerləşdiyi, tarixi, mədəni miras baxımdan dünyanın ən zəngin regionlarından olan ECO-da indiyədək turizm sahəsində sırf əlahiddə tədbirlər həyata keçirilib. ECO Tədqiqat Mərkəzi də elə bu nöqsanı aradan qaldıraraq ayrı-ayrı sahələri bütün region miqyasında inkişaf etdirməyə kömək olacaq.
Bununla yanaşı, “yaşıl” iqtisadiyyat, təmiz enerji kimi məsələlərə geniş yer ayrıldığı, hətta “yaşıl turizm” kimi istilah işləndiyi “ECO Perspektivləri 2025”-də ECO təmiz enerji mərkəzinin yaradılması, bərpa olunan enerjinin tətbiqinin təşviq olunması, bu sahəyə sərmayə yatırılması, habelə “yaşıl” sənayenin inkişafına dair strategiya hazırlanması da nəzərdə tutulur.
Bütün bunlar dünya iqtisadiyyatında cari vəziyyət baxımdan da yerinə düşür. Belə ki, məhz bu cür qeyri-müəyyənlik dövründə təcrid, ticarət müharibələri kimi siyasətin səmərəsizliyi üzə çıxır, daha çox həm dünya, həm də regional müstəvidə iqtisadi əməkdaşlıq və açıqlıq gündəmə gəlir.
Azad Həsənli, maliyyə eksperti