Ermənistanda daxili siyasi gərginlik hökm sürür. Koronavirus epidemiyası, Qarabağ müharibəsi nəticəsində iqtisadi böhrana düçar olan bu ölkədə hazırkı siyasi böhran vəziyyəti daha da kəskinləşdirir.
Yerli KİV banklardan vəsaitlərin geri götürüldüyünü, yaxud xarici valyutaya çevrildiyini bildirir. Bu cərəyan barədə hələ ötən ilin dekabr ayında bildirən Mərkəzi Bank məsələyə müsbət don geyindirməyə çalışıb, yəni əmanətçilər öz pullarını geri götürürlərsə, banklar faiz ödəmək məcburiyyətindən qurtularaq əlavə vəsait əldə edirlər. Əslində isə artıq bir neçə ay davam edən bu cərəyanın hansısa yaxşı tərəfinin olmaması məlum məsələdir.
Ötən il 10 faiz, fevral ayı ərzində də daha 2 faiz ucuzlaşan dramın məzənnəsi fevralın 26-da 527,96 AMD/USD-dək geriləyib. Son vaxtlar bu ucuzlaşmanın sürəti daha da artıb. İnflyasiya nəticəsində daha çox şəkər, çörək, günəbaxan yağının, habelə xaricdən idxal olunan məhsulların (Türkiyədən idxalata qoyulan qadağa da mənfi təsir göstərir) və yanacağın bahalaşdığı bildirilir.
Milli valyutanın məzənnəsi sabitləşsə belə, daxili siyasi böhran, ordunun siyasətə get-gedə daha çox qarışması əcnəbi sərmayədarları ölkədən qaçırda bilər ki, onların itən etimadını geri qazanmaq müşkül olacaq. Ölkə iqtisadiyyatına yatırılan sərmayələr indidən azalır. Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2020-ci ilin üçüncü rübündə ölkədən 12,9 milyon ABŞ dolları həcmində əcnəbi kapital gedib ki, bu da 2015-ci ildən bu yana ən böyük göstəricidir.
Təbii ki, koronavirus və müharibə fəsadlarının üstünə siyasi böhran da gəlincə işgüzar fəaliyyət üçün əlverişli mühitdən danışmaq yersiz olur. Belə ki, sahibkarlıq üçün proqnozlaşdırıla bilən şərtlər zəruridir ki, sabitlik olmayanda proqnoz vermək çətinləşir. Baş nazir Nikol Paşinyanın istefasını israrla tələb edərək xalqa “yağ-bal” vəd edən müxalifət isə buna necə nail olacağını, iqtisadiyyatı ağır böhrandan hansı yolla çıxartmaq fikrində olduqlarını hələlik açıqlamağa tələsmir.
Ermənistanda işgüzar fəaliyyətin həcmi 2021-ci ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz, əvvəlki aya nisbətən isə 47 faiz az olub. Əsaslı kapitala yatırımlar olsa da, məqbul səviyyədə deyil. Belə ki, MDB Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin üçüncü rübündə onun həcmi 224,3 milyard dram (467 milyon dollar) təşkil edib ki, bu da üçüncü rüb göstəricilərini götürsək, 2005-ci ildən bu yana ən aşağı rəqəmdir.
Həmçinin iqtisadiyyatı dəstəkləmək üçün ehtiyat vəsaitlərin də çox olmadığını söyləyə bilərik. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən 2020-ci il ərzində ölkənin beynəlxalq valyuta ehtiyatları 450 milyon dollar azalaraq 2,4 milyard dollaradək geriləyib. Yanvar ayında isə 10 illik Avropa istiqrazları buraxıla biləcəyinə dair xəbər yayıldı, amma Maliyyə Nazirliyi bu barədə şərh vermədi.
Yerli iqtisadçılar bu qərarı mənfi qarşıladılar. “Belə bir addım məcburi xarakter daşıyacaq. Büdcədə vəsait qalmadığı, vergi mədaxili hesabına həm artan sosial tələbatı, həm də müdafiə və s. məsrəflərini qarşılamağa bəs etməyəcəyi göz qabağındadır”, - iqtisad elmləri doktoru Tatul Manseryan ARKA agentliyinə bildirib.
Mövcud çətinlikləri dəf etmək, sərmayədarları cəlb etmək üçün hökumət yüksək karlılığa malik Avropa istiqrazları buraxmaq niyyətində olsa da, çəkiləcək məsrəflərin necə qaytarılacağı müəmmalıdır. Hələ yanvar ayında “RAEX Europe” kredit reytinq agentliyi Ermənistanda dövlət borclarının ÜDM-in 66,3 faizinə, büdcə gəlirlərinin də rekord olan 294 faizinə çatacağını bildirmişdi. Ölkədə işsizliyin isə azı 2022-ci ilədək artacağı ehtimal olunur.
Qısası, mövcud problemləri sadalamaq üçün xeyli yer və vaxt lazım gələcək. Lakin uzun illərdir dəyişməz qalan və iqtisadiyyata yox, tamam başqa sahəyə aid olan əsas problem ermənilərin keçmişdə ilişib qalmasıdır. Belə ki, 2006-cı ildə hüquq müdafiəçisi Vardan Harutunyan yazırdı ki, ermənilər qonşularını düşmənə çevirib, bütün uğursuzluqlarını qonşuların pis olmasına yozur, nicat yolunu xaricdə axtarırlar. Həmin yazının üstündən 15 il keçsə də, vəziyyət dəyişmir. Lakin keçmişdə ilişib qalanların gələcəyi olmaz. Ermənistanda siyasətçilərin, ictimaiyyətin diqqəti səhv məcraya yönəlib. Yəni bu ölkənin başına gələnlərin təqsirkarı Azərbaycan deyil, rəhbərliyə də bundan sonra kim gələcəksə, gəlsin, möcüzə yaratmayacaq. Hərçənd hazırda ermənilərin onsuz da yarımcan olan Ermənistanın süqutunu tezləşdirməyə çalışdıqları təəssüratı yaranır. Halbuki xəstəni ölüm yatağından qaytarmaq imkanları hələ tükənməyib. Amma xəstəliyin səbəbi tapılmasa, V.Harutunyan demişkən, erməniləri “növbəti dəfə məğlubiyyət gözləyir”.
Azad Həsənli, maliyyə eksperti