Bir neçə gün əvvəl Ermənistan Türkiyədə istehsal olunan malların idxalına müvəqqəti qadağa qoymaq qərarı ilə dünya ictimaiyyətini “şoka saldı”. Qərar, şübhəsiz ki, “siyasi” xarakter daşıyır və bunu hər zaman Türkiyəni Azərbaycanın tərəfində Qarabağdakı hərbi əməliyyatlarda iştirak etməkdə günahlandıran Ermənistanın baş naziri Nikol Paşinyan da sözləri ilə təsdiq edib.
Ancaq bu qərarda müəyyən qəribəlik var. Başlayaq elə ermənilərin bütün məğlubiyyətlərində və çətinliklərində türklərin günahkar olduğuna dair “tarixi” inancı fonunda Türkiyə mallarının idxalına embarqo qərarının... cəmi altı ay müddətinə, özü də 31 dekabr 2020-ci il tarixdən qüvvəyə minməsindən.
Ancaq necə deyərlər, Ermənistanı ağılla başa düşmək olmur. Görəsən, bu ölkənin rəhbərliyi belə qərar qəbul edəndə nə düşünürdü? Ciddi şəkildə inanırdılar ki, Türkiyə və iqtisadiyyatı belə “vacib” tərəfdaşını itirdikdən sonra böhrana düşəcək və Azərbaycanla dostluqdan, qardaşlıqdan, tarixi bağlılıqdan, eləcə də çoxmilyardlıq layihələrdən dərhal imtina edəcək?
Türkiyə hökuməti yalnız Ermənistan embarqosunun bu qədər böyük dövlətin iqtisadiyyatına necəsə təsir göstərəcəyinə inanmağın gülünc olduğunu söyləməklə bu məlumatı şərh etməyi belə lazım bilmədi.
Bu məqamda yenə də hansı həcmdə ticarət dövriyyəsindən söhbət getdiyi, bu ölkələr arasında davamlı siyasi “sürtünmələr” fonunda Türkiyə ilə Ermənistan arasında iqtisadi münasibətlərin mahiyyətinin nədən ibarət olması maraqlı hal alır.
Bu məsələdə, ilk növbədə qeyd etmək lazımdır ki, iki dövlət arasındakı sərhədlər 1993-cü ildən bəri bağlıdır. Təxminən elə həmin ildə Türkiyə Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləmək məqsədi ilə Ermənistana qarşı iqtisadi embarqo tətbiq etməyə başlayıb.
Beləliklə, bu ölkə demək olar bütün regional layihələrdə iştirak etmək fürsətini itirib və Rusiya və Gürcüstandan tam asılı vəziyyətə düşüb.
Bununla belə, Ermənistanla Türkiyə arasındakı ticarət dövriyyəsi, gülünc həcmlərdə olsa belə, mövcud olub. Belə ki, Türkiyə KİV-də dərc olunan məlumatlara görə, 2019-cu ildə ölkələr arasında xarici ticarət dövriyyəsinin həcmi yalnız 2,7 milyon ABŞ dolları təşkil edib. Üstəlik, bu rəqəm son 5 ildə rekorddur. Kiçik bir müqayisə üçün qeyd edək ki, elə həmin 2019-cu ildə Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi, Türkiyə mənbələrinə əsasən, 2 milyard ABŞ dolları təşkil edib.
Bu vəziyyətdə zərər görən yeganə tərəfin Ermənistan olmasını söyləmək belə artıqdır, Azərbaycan-Gürcüstan-Türkiyə üçlüyü özlərinin və başqalarının mallarını beynəlxalq bazara çıxarmaq vəzifəsinin öhdəsindən olduqca uğurla gəlir. İstər neft və qaz boru kəmərləri olsun, istər dəmir yolu ilə, limanlar vasitəsilə çatdırmalar və s. - indiyə qədər bu üç ölkənin bütün təşəbbüsləri uğurlu olub və dövlətlərin hər birinin iqtisadi gücünün möhkəmlənməsinə əvəzsiz töhfə verib.
Eyni zamanda, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlunun bu yaxınlarda qeyd etdiyi kimi, Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən Bakı-Tbilisi-Qars (BTK) dəmir yolu xətti 2023-cü ilə qədər ölkələr arasında ticarət dövriyyəsinin 15 milyard ABŞ dolları səviyyəsinə çatdırılması ilə bağlı məqsədin reallaşmasına töhfə verəcək.
Bəs Ermənistan? Axı Türkiyə hökumətindən Ermənistanla ticarətə tətbiq olunan indiki embarqonu yumşaltmağı xahiş edənlər məhz erməni iş adamları idi. Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurasının (TABDC) vitse-prezidenti Noyan Soyak açıq şəkildə şikayət edirdi ki, malların Gürcüstan ərazisindən keçməklə gətirilməsi çox vaxt malların orada həftələrlə boş-boşuna qalmasına gətirib çıxarır.
Erməni iqtisadçı Qrant Mikaelyan isə digər maraqlı detalı diqqətə çəkir: “Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğundan, ticarətin böyük hissəsi məhz onlarladır. Amma bu da Gürcüstan ərazisindən keçən yeganə magistral yol vasitəsilə həyata keçirilir. Qışda güclü qar yağdığı zaman ticarət bir-iki ay dayana bilər. Bu marşrut həm də Rusiya ilə Gürcüstan arasındakı münasibətə görə siyasi cəhətdən kövrəkdir. Eynilə İranla ticarət yolu da İranın bəzi qonşuları və ABŞ ilə münasibətləri baxımından siyasi cəhətdən həssasdır”.
Erməni iqtisadçılar açıq şəkildə etiraf edirlər ki, Türkiyə ilə sərhəd açıq olsaydı, Ermənistanın iqtisadi inkişaf şansı daha çox olardı və ticarət əlaqələri “alverçi” ticarətinə əsaslanmazdı. Yeri gəlmişkən, qeyd edək ki, İrəvanın mərkəzinin yaxınlığında, “Banqladeş” kimi tanınan məşhur bölgədə “Malatya çarşısı” adlı bazar da var və burada əsasən Türkiyə malları satılır. Ermənilər də onları məmnuniyyətlə alırlar. Hər halda, türklərə qarşı bütün siyasi və tarixi iddialarına baxmayaraq, bu günə qədər belə idi.
Bütün bunların fonunda Ermənistan rəhbərliyinin Türkiyəyə qarşı bir növ iqtisadi demarş elan etmək istəyi həqiqətən gülünc və acınacaqlı görünür. Bu, Krılovun təmsilində olduğu kimi, küçüyün nəhəng filə hürməyə çalışdığı səhnəni çox xatırladır...
Ekspert Qulu Nuriyev