Ermənistanda 2 il 6 ay 9 gündən sonra növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilərin nəticələrinə görə, Nikol Paşinyanın başçılıq etdiyi Vətəndaş Razılaşması Partiyası qalib gəlib. Seçkilərdə 4 siyasi partiya və 21 siyasi blok iştirak edib. 2 milyon 578 min seçicidən 1 milyon 281 min 174 nəfəri, yaxud seçicilərin 49,4 faizi səsvermədə iştirak edib.
Yeri gəlmişkən, seçicilərin sayı ilə bağlı bir məsələyə diqqəti çəkmək istərdik. Ermənistan Statistika Komitəsinin məlumatında bildirilib ki, 2011-ci ildə aparılan əhalinin siyahıyaalınmasına əsasən, ölkədə yaşayanların sayı 3 milyon 18 min 900 nəfər olub. 2021-ci ilin əvvəlində isə Ermənistanda 2 milyon 964 min nəfər yaşayıb. Seçicilərin sayı isə 2 milyon 581 min 93 nəfər elan edilmişdi. Belə çıxır ki, real əhali sayı ilə səsvermə hüququ olanlar arasında 116 000 nəfər fərq var. Başqa sözlə, Ermənistanda 116 min nəfərin səsvermə hüququ yoxdur. Bu həm də ölkədəki uşaq, yeniyetmə və 18 yaşına çatmayanların, səsvermə hüququ məhdudlaşdırılanların sayıdır. Fikrimizcə, perspektivdə müxalifət bu məsələyə də diqqət edəcək.
Nikol Paşinyanın Vətəndaş Razılaşması Partiyası səslərin 53,92 faizini (605 741 səs), Robert Koçaryanın “Ermənistan Alyansı” siyasi bloku 21,04 faiz (268 165 səs), Serj Sarqsyanın “Şərəf duyuram” siyasi bloku 5,23 faiz (66 633 səs), milyonçu Qagik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası 3,96 faiz (50 416 səs), keçmiş baş nazir Aram Sarkisyan və Yerevanın keçmiş meri Albert Bazeyanın Respublika Partiyası 3,06 faiz, Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası 1,22 faiz, Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyası 1,54 faiz səs toplayıb. Ermənistan Konstitusiyasına əsasən, 54 faiz səs toplayan partiya və ya siyasi blok hökuməti formalaşdırır. Bundan az səs toplanarsa, koalisiya hökuməti qurulur. Altı gün ərzində hökuməti qurmaq mümkün olmursa, onda ən çox səs toplayan partiya və ya siyasi blok ikinci tura gedir.
İndiki şəraitdə Nikol Paşinyanın partiyası səslərin 53,92 faizini toplayıb. Ölkə konstitusiyasında bildirilib ki, belə halda partiyaya az sayda mandat verilir. Bu baxımdan yeni parlamentdə Nikol Paşinyanın partiyası təxminən 72 yer, Koçaryanın bloku isə 27 yer alacaq. Ölkənin əsas qanununa görə, parlamentdə iki müxalifət partiyası yer almalıdır. Ancaq digər partiya və bloklar seçki baryerini aşmayıb. Konstitusiyaya əsasən, bu şəraitdə ən çox səs toplayan partiya və ya siyasi blok üçüncü partiya olaraq parlamentə düşür. Bu halda Serj Sarqsyanın siyasi bloku 6 mandatla parlamentdə təmsil olunacaq. Bununla da Ermənistanın yeni parlamentində 105 yer olacaq. Müqayisə üçün qeyd edək ki, 2018-ci il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası 84 yer, müxalifətdə olan Sarukyanın partiyası 24, Edmon Marukyanın partiyası isə 17 yer qazanmışdı. Nəticələrdən göründüyü kimi, bu dəfə də “Daşnaksütyun” Partiyası parlamentə düşə bilməyib. Bu o deməkdir ki, Ermənistan seçicisi bu siyasi təşkilatı artıq tarixə göndərir, onun ideyaları ölkə ictimaiyyəti üçün köhnəlib.
Edmon Marukyanın partiyasının səs qazana bilməməsi də Avropayönlülərin uğursuzluğu kimi qiymətləndirilə bilər. Ermənistanda iqtisadi islahatlara mane olmağa çalışan Sarukyan blokunun parlamentə düşə bilməməsi onun təmsil etdiyi “iş adamları"nın məğlubiyyətidir. Koçaryan və Sarqsyanın siyasi bloklarının parlamentdə təmsilçiliyini real saymaq olar. Çünki Koçaryan həbs olunandan sonra daha çox müxaliflik edirdi. Hətta onun xeyir-duası ilə keçmiş baş nazir, Qarabağ münaqişəsi və iğtişaşını yaradanlardan biri Vazgen Manukyanın başçılığı altında “Vətənin xilası uğrunda hərəkat” da formalaşmışdı. Koçarayan seçkiqabağı kampaniya zamanı bütün kartlarından istifadə etdi. Hətta keçmiş baş nazir Karen Karapetyanı belə təbliğat kampaniyasına qoşdu. Serj Sarqsyan 44 günlük müharibəyədək Nikol Paşinyanı demək olar tənqid etmirdi. Bu rolda onun kürəkəni, ölkəsinin Vatikandakı keçmiş səfiri Mikael Minasyan çıxış edirdi. Ancaq İkinci Qarabağ müharibəsindən sonra o da Paşinyana qarşı açıq müxalifətə keçərək siyasi mübarizəyə qoşuldu. Onun siyasi proseslərdəki adamı isə Artur Vanesyan idi. Odur ki, keçmiş prezidentlərin və Qarabağ mafiyasının parlamentdə müxalifət rolunda siyasi oyun oynaması dövrü başlayacaq. Bu həm də Rusiyanın Ermənistanda keçmiş dövlət başçılarına yeni rol verməsi deməkdir.
Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsi kimi dəyərləndirilməlidir. Çünki onun müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrildi. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı, ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü. Koçaryan və Sarqsyan kimi, Paşinyan da Ermənistanın Rusiyadan asılı olduğunu nümayiş etdirdi. Ölkənin bütün siyasi qüvvələri xarici dövlətlərin himayəsi olmadan mövcudluqlarını saxlaya bilməyəcəklərini isbatlayırlar. Ermənistanın keçmiş prezidentləri əvvəllər özlərini müstəqil siyasətçi kimi göstərməyə çalışırdı. Odur ki, bundan sonra Koçaryan və Sarqsyan artıq başqalarının arxasında dayanıb siyasi məkrlərini gizlədə bilməyəcəklər.
Azərbaycanın apardığı Vətən müharibəsi Ermənistan ordusunu dağıtmaqla bu ölkənin siyasi həyatında da yeni şəraiti üzə çıxardı. Koçaryan və Sarqsyan artıq başqalarının arxasında dayanıb siyasi məkrlərini gizlədə bilməyəcəklər. Keçmiş prezidentlər indi uzun illərdir törətdiklərinə görə parlamentdə müxalifət təmsilçiləri olaraq cavab verəcəklər. Heç şübhəsiz, ilk növbədə 2016-cı ilin aprel, 2020-ci ilin 44 günlük döyüşlərində iştirak edən Ermənistan ordusunun vəziyyəti ilə bağlı məsələ onlardan soruşulacaq. Qeyd edək ki, ötən parlamentdə Aprel döyüşləri ilə bağlı belə komissiya formalaşmışdı. Həmin qurumda Serj Sarqsyan da dindirilib. Bu komissiyanın çıxaracağı qərar məhkəmə hökmünə bərabər tutulur. Odur ki, Koçaryan və Sarqsyan korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qazandıqları milyonlara görə də parlamentdə cavab verməli olacaqlar. 2008-ci ilin mart hadisələrinə görə Robert Koçaryana açılan cinayət işi hələ başa çatmayıb. Buna 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə edilən silahlı hücumla bağlı cinayət işinin araşdırılması da əlavə edilə bilər. Bu baxımdan ehtimal etmək olar ki, parlament Koçaryan və Sarqsyan üçün yeni özünəməxsus məhkəmə zalına çevriləcək.
Müharibəni uduzan Nikol Paşinyana Ermənistan cəmiyyətinin yenidən etimad göstərməsini də təbii qəbul etmək olar. Bu onu göstərir ki, Qarabağ Ermənistana doğrudan da yük imiş. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı Paşinyan da imzalayıb. Həmin sənəd Ermənistan ordusunun Azərbaycan ərazisindən tamamilə çıxmasını özündə ehtiva etdiyi kimi, regional əməkdaşlığa da üstünlük verir. Odur ki, Ermənistan cəmiyyəti Nikola yenidən etimad göstərməklə işğala qarşı, əməkdaşlığa tərəfdar olduqlarına görə dəstəkləyiblər. Onların bu seçimi həm də uydurma Qarabağ problemini gündəlikdən çıxarmayan xarici qüvvələrə də ismarışdır.
Nikol Paşinyan ötən 2 il 6 ay ərzində Ermənistan cəmiyyətinə daha çox vədlər verməklə yadda qalıb. O, baş nazirliyi dövründə 2050-ci ilədək ölkə ictimaiyyətinə cənnət vəd edib. Ancaq son 4 ayda ölkə əhalisinin sayının 80 min nəfər də azalması bu vədə etibarın olmamasından irəli gəlir. Ermənistanda 2018-ci ilin aprelində hakimiyyət dəyişikliyi ona görə baş verdi ki, 2008-ci ildə və ondan əvvəllər qanunsuzluq edilmişdi. Vədlərə əməl olunmamışdı. Ermənistan və bir sıra beynəlxalq institutlar belə hesab edirdi ki, 2018-ci il dekabrın 9-da seçkilər azad, ədalətli və şəffaf keçirilib. Bu həm də ölkə əhalisinin Nikol Paşinyana uzunmüddətli etimadı kimi başa düşülə bilərdi. Ancaq 2,5 ildən sonra növbədənkənar seçkilərin keçirilməsi və parlamentdə ötən illə müqayisədə 12 yer itirməsi onun nüfuzunun azalması anlamına da gəlir. Odur ki, Ermənistan cəmiyyəti keçmişdən qalma, işğalçı, öz millətinin qatilləri, Xocalı soyqırımının müəllifləri Koçaryan və Sarqsyana hökuməti etibar etməməklə onlardan yorulduğunu, bezdiyini nümayiş etdirdi. İşğalçı ordunun tərkibində Ermənistan gənclərinin qırılmasına başçılıq edən Nikol Paşinyana etimad göstərməklə ona ikinci dəfə möhlət verdilər. Çünki o, ən iki pisin ən yaxşısı, namizədlər arasında daha uyğunu olub.
Artıq seçkilər bitdi. Bəs sakitlik yaranacaq? Yaxud bunun üçün ən vacib şərt hansılardır? Seçkidən sonra Koçaryan rəqibini qələbə münasibətilə təbrik etməyib. Əksinə, o, bu siyasi kampaniyanı “ziddiyyətli” və “etimad qazanmayan” adlandırıb. O, səsvermənin nəticələrini qəbul etmədiklərini bildirib. Bu, Ermənistanda qarşıdurma üçün səbəb ola bilər. Sabitlik üçün ilk növbədə Ermənistan hökuməti regional əməkdaşlığa üstünlük verməli, qonşu dövlətlərə ərazi iddialarından əl çəkməli, ölkədə islahatlara başlamalıdır. Nikol Paşinyan ordunu yenidən formalaşdırmalı, prezident Armen Sarkisyanla yollarını ayırmalıdır. Cəmiyyətə islahatlar aparacağını vəd edən Nikol bunları əməli şəkildə həyata keçirməzsə, hökumət başında uzun müddət qala bilməyəcək. Bu da növbəti qarşıdurma və s. ilə müşayiət edilə bilər.
Beləliklə, seçkilər Ermənistanda hökuməti deyil, müxalifəti dəyişdi. Belə çıxır növbədənkənar seçkilər müxalifəti dəyişmək, Robert Koçaryan və Serj Sarqsyana yeni rol verməkdən ötrü keçirilib.