Ermənistanın Azərbaycanla müharibəyə iqtisadi gücü çatmaz

Ermənistanın Azərbaycanla müharibəyə iqtisadi gücü çatmaz Ermənistanın hələ iyul ayında Azərbaycanla sərhəd bölgəsində törətdiyi hərbi təxribat zamanı ekspertlər bunun iqtisadi amillərlə bağlı olduğunu qeyd ediblər.
Analitika
2 Oktyabr , 2020 11:45
Ermənistanın Azərbaycanla müharibəyə iqtisadi gücü çatmaz

Ermənistanın hələ iyul ayında Azərbaycanla sərhəd bölgəsində törətdiyi hərbi təxribat zamanı ekspertlər bunun iqtisadi amillərlə bağlı olduğunu qeyd ediblər. Belə ki, Dağlıq Qarabağdan uzaqda yerləşən Tovuz rayonu istiqamətində Azərbaycana qarşı məntiqsiz, tezliklə də iflasa uğramış təcavüzkar addımları ilə qonşu ölkənin başbilənləri pandemiya dövründə iqtisadiyyatın bütün sahələrini ağuşuna alan dərin tənəzzül və böhrandan əhalinin diqqətini yayındırmaq məqsədi güdürdülər.

Başqasına quyu qazma

Lakin düşmən tərəfin bu niyyəti baş tutmadı. Azərbaycanı irimiqyaslı cavab tədbirlərə vadar edən Ermənistan üçün bunun nəticələri nəinki sırf hərbi baxımdan sarsıdıcı məğlubiyyətdən, həm də iqtisadi baxımdan ölkənin bütün ehtiyatlarının tükənməsindən, tezliklə iqtisadi cəhətdən uçuruma yuvarlanmaqdan ibarət olacaq. Artıq hətta həmişəki donorların, sponsorların “səxavət”i belə onları bu dəfə xilas edə bilməyəcək.

Maraqlı cəhətə fikir verək: döyüşlər başlayan ilk gündən Ermənistan hökuməti müharibəni dayandırmaq üçün canfəşanlıq edir. Ölkənin baş naziri səhərdən axşamadək ən müxtəlif ölkələrin rəhbərlərinə zəng vuraraq hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana təsir və təzyiq göstərmələri üçün onlara dil tökür, yalvarıb-yaxarır. Halbuki hadisələrdən az əvvəl onların yüksək rütbəli rəsmilərinin dilindən, həmçinin müxtəlif portallarından səslənən müharibəyə hazır olmaları barədə hədə-qorxular, lovğalı açıqlamalar hamımızın yaxşı yadındadır.

“Təhlillərə görə, Ermənistan iqtisadi nöqteyi-nəzərdən qısamüddətli hərbi əməliyyatlar belə aparmaq iqtidarında deyil. Təxmini məlumatlara əsasən, ötən günlər ərzində Ermənistan dəyəri 1 milyard ABŞ dollardan çox olan hərbi texnika itirib. Döyüş əməliyyatları gündə milyonlarla dollara başa gəlir, Ermənistanın isə belə bir imkanları yoxdur”, – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının sədri Tahir Mirkişili qeyd edib.

Rəsmi məlumatlara görə, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından üçqat, müdafiə büdcələri baxımdan isə dördqat üstündür. Belə ki, Azərbaycanın müdafiə büdcəsi 2,3 milyard ABŞ dolları, Ermənistanınkı isə 658 milyon ABŞ dollarıdır. Həmçinin millət vəkilinin dediyi kimi, Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları, Ermənistanın isə strateji ehtiyatları vur-tut 2,6 milyard ABŞ dolları və İMF-nin proqnozuna görə, hazırda azalmaqla 2025-ci ilədək 2019-cu ilin səviyyəsinə çatmayacaq.

Hazırkı koronavirus pandemiyası nəticəsində Ermənistanın onsuz da ürəkaçan olmayan iqtisadi vəziyyəti daha da ağırlaşdığı halda Azərbaycan beynəlxalq maliyyə təsisatlarının rəyincə karantindən sonra ÜDM-nin 2 faizdən çox artımına nail olacaq.

Borclar girdabında

Yenə də rəsmi məlumatlara görə, bu gün Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddindən aşağıdadır. Ölkədə xalis miqrasiya əmsalı (gələnlərlə gedənlərin fərqi) hər 1 000 nəfər üçün mənfi 5,6 nəfər, cari əməliyyatların hesab kəsiri isə ÜDM-nin 8,2 faizidir ki, bu da böhranın əyani göstəricisi sayılır.

Həmçinin borclar girdabına batmış Ermənistan büdcə kəsirini bağlayaraq xarici ödəmələrlə bağlı öhdəliklərini yerinə yetirmək üçün İMF-dən mümkün olan ən yüksək kredit almaq məcburiyyətində qalıb.

Dövlət Borclarını İdarəetmə Şəbəkəsi (SDMN – State Debts Management Network) adlı nüfuzlu beynəlxalq təşkilat da Ermənistanın maliyyə təhlükəsizliyi baxımdan həssas vəziyyətdə olduğu barədə yazı dərc etdirib. Belə ki, bu ölkənin iqtisadi inkişafı xaricdən cəlb edilən vəsaitlərdən get-gedə daha çox asılıdır. Ermənistan Maliyyə Nazirliyinin məlumatlarına görə isə cari ilin birinci yarısında dövlət borcunun 7,7 milyard ABŞ dolları, o cümlədən xarici borcun 6 milyard dollardır ki, bu da ÜDM-nin 42 faizi, yəni maliyyə təhlükəsizliyi həddini xeyli aşan göstərici deməkdir. Həmçinin ümumi dövlət borcunun 80 faizi əcnəbi valyutadalardadır, bu sahədə davamlı mənfi meyllərin olması isə ölkənin maliyyə təhlükəsizliyinin nə qədər kövrək olduğunu göstərir. Ümumi dövlət borcunun ÜDM-ə olan nisbəti 2015-ci ildəki 48 faizə qarşı 54 faizə, xarici dövlət borcunun isə ÜDM-ə qarşı nisbəti 40 faizə qarşı 42 faizə çatıb.

İndi də Ermənistan hökuməti bu dərin borc girdabından qurtulmağın yollarını aramaq əvəzinə, Azərbaycanla hərbi qarşıdurmasını daha da qızışdırır. Nəticədə ölkə iqtisadiyyatı daha sürətlə çöxməyə başlayıb. “Döyüşlər başlayandan bir-iki gün ərzində Ermənistan dramının dollara qarşı xeyli zəifləməsi iqtisadiyyatın nə qədər böhranlı vəziyyətdə olduğuna dəlalət edir”, – T.Mirkişili qeyd edib.

Bununla yanaşı, Ermənistan əsas gəlir mənbələrindən olan mədən hasilat məhsullarının ixracatından ildə 1 milyard ABŞ dollarınadək gəlir əldə edir. Lakin əsasən Azərbaycanla sərhədboyu bölgələrdə, yaxud işğal etdikləri ərazilərdə yerləşən həmin filiz emalı müəssisələri hazırkı vəziyyətə görə fəaliyyətini dayandırıb ki, nəticədə Ermənistan mühüm gəlir mənbəyindən məhrum olub.

Beləliklə, Ermənistan Azərbaycana qarşı ciddi müharibə aparmaq üçün nə hərbi, nə də iqtisadi imkanlara malikdir. Bu hərbi qarşıdurmanın hər günü işğalçı ölkəni labüd iqtisadi fəlakətə bir az da yaxınlaşdırır.

Qulu Nuriyev - ekspert

Son xəbərlər

Orphus sistemi