Fransa Senatından təxribat - beynəlxalq hüquqa hörmətsizlik

Fransa Senatından təxribat - beynəlxalq hüquqa hörmətsizlik Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini formalaşdırdı.
Analitika
26 Noyabr , 2020 15:32
Fransa Senatından təxribat - beynəlxalq hüquqa hörmətsizlik

Fransada ağıllı adam bu qədər azdır? Yoxsa Senat saxta yolla seçilib?

Fransanın rəsmi olaraq tanıdığı başqa bir dövlətin ərazi bütövlüyünü pozmağa cəhd, bu niyyətlə hakimiyyətin fəaliyyətə keçməsinə çağırış edilməsi – bütün bunları Fransa Senatı edib. 305 senator qondarma qurumun “tanınması” ilə bağlı qətnamənin lehinə səs verib. Yalnız bir nəfər buna qarşı çıxıb.

Keçmişinin heç də hamısı qara səhifələrdən ibarət olmayan Fransa bu 305 senatorun ümidinə qalıb? Bəs seçicilər niyə seçdiklərinin qanunu pozmasına reaksiya vermir?

Noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra - noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub.

Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir.

Senat bu yolla türkə, müsəlmanlara qarşı düşmənliyini gizlədə bilmir. Birinci Dünya savaşı illərində, sonrakı dövrdə Afrikada Türkiyədən aldığı ədalətli cavabların heyfini bu kağızla çıxmağa səy edir.

Fransa Senatında qondarma rejimlə “diplomatik münasibətlərin qurulmasını” nəzərdə tutan “qətnamə” layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü.

Çıxışlardan aydın oldu ki, Fransa Senatının bir çox üzvünün müharibənin başa çatmasından, tərəflər arasında razılıq əldə edilməsindən xəbəri belə yoxdur. Bəzi senatorların millitarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər, onların yolu açılmalıdır, Fransa QHT-ləri bu işdə onlara yardımçı olmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bu, açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribatdır.

Həmin senatorlar Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Qarabağın harada yerləşdiyindən, tarixindən belə xəbərsizdirlər.

Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır. Həm sənədin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Səsə görə öz dövlətinin maraqlarını satan senatora ağıllı demək olarmı?! Bəs senatorlar dövlətin təhlükəsizliyi, milli maraqları, ölkənin erməni olmayan müsəlman vətəndaşlarının azadlığını niyə nəzərə almırlar? Fransanın ayağı büdrəsə, ilk zərbəni onlara elə bu erməni lobbisi vuracaq. Ermənilərin böhranlı vəziyyətlərdə böyük dövlətlərə vurduqları zərbəyə aid tarixdə çoxlu faktlar var. Görünür, 305-lik hələ qəflət yuxusundan oyanmayıb.

Əlbəttə, Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı vardır. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olur. Onlar münaqişəli məsələlərdə dövlətlərinin tutacağı neytral mövqeyin üzərinə kölgə saldılar. Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliyini ciddi şübhə altına alır. Bu həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi olmadığı rəyini formalaşdırdı.

Fransanın Xarici İşlər Nazirliyi yanında parlament məsələləri üzrə dövlət katibi Jan Batist Löman da sənədin Fransanın dövlət mənafeyinə, ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun olmadığını etiraf edib.

Azərbaycan Respublikasının Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə Senatın dinləmə proseduralarına uyğun olaraq, Senat üzvləri qarşısında çıxış edib və qətnamə təklifi ilə bağlı, burada əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib. Buna rəğmən, Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər.

Rəsmi Bakının bildirdiyi kimi Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin növbəti təzahürü olan bu qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Bu, adi kağız parçasından başqa bir şey deyil. Heç bir qüvvə, o cümlədən Fransa Senatı Azərbaycan Ordusunun öz ərazilərindən çıxarılmasını tələb edə bilməz.

Fransa Senatı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirib.

Senatın Ermənistan silahlı qüvvələri sıralarında Fransa vətəndaşları olan muzdluların Azərbaycan ərazilərində döyüşlərdə iştirak etməsinə heç bir münasibət bildirməməsi suallar doğurur.

Fransa Senatı Ermənistan tərəfindən çox sayda mülki əhalisi qətlə yetirilmiş, kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutulmuş Azərbaycanı vicdansızcasına ittiham edir. Bu Senat Ermənistanın Gəncə, Tərtər, Goranboy, Ağcabədi, Bərdə, Mingəçevirdə dinc əhalini raket atəşinə tutmasına münasibət bildirməyib.

Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır. Qətnamənin mətnində münaqişənin bütün tarixi, siyasi və hüquqi aspektləri təhrif edilir.

Fransanın da üzv olduğu BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul edib. Azərbaycan bu qətnamədən irəli gələn vəzifəsini icra edib. Ona görə də Fransa hakimiyyəti Senatın bu qətnaməsini qınayan bəyanatla çıxış edib, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini açıq şəkildə ifadə etməlidir. Bu halda Fransa beynəlxalq hüquqa və münasibətlərə hörmət göstərmiş olar.

Son xəbərlər

Orphus sistemi