Fransada seçkilər: Siyasi xaos və onun Avropa İttifaqının gələcəyinə təsiri

Fransada seçkilər: Siyasi xaos və onun Avropa İttifaqının gələcəyinə təsiri Fransada parlament seçkilərinin ikinci turu ölkə daxilində iğtişaşlara və xaricdə ciddi marağa səbəb olub. Ölkə Prezidenti Emmanuel Makronun isə partiyasının qüvvələrini solçu təşkilatlarla birləşdirərək siyasi vəziyyəti sabitləşdirmək cəhdləri daha böyük
Analitika
9 İyul , 2024 17:56
Fransada seçkilər: Siyasi xaos və onun Avropa İttifaqının gələcəyinə təsiri

Fransada parlament seçkilərinin ikinci turu ölkə daxilində iğtişaşlara və xaricdə ciddi marağa səbəb olub. Ölkə Prezidenti Emmanuel Makronun isə partiyasının qüvvələrini solçu təşkilatlarla birləşdirərək siyasi vəziyyəti sabitləşdirmək cəhdləri daha böyük qeyri-müəyyənliyə gətirib çıxardı.

“Report” xəbər verir ki, hazırda Fransada parlamentdəki yerlərin sayına görə solçu “Yeni Xalq Cəbhəsi” alyansı liderlik edir, Prezident Makronun “Respublika uğrunda Birlikdə” koalisiyası ikinci, birinci turun qalibi olan ultrasağçı "Milli Birlik" partiyası isə üçüncü yerə enib.

E.Makronun solçu partiyalarla birləşmək qərarı müxtəlif reaksiyalara səbəb olub. Məsələn, Marin Le Penin varisi, “Milli Birlik” partiyasının lideri Jordan Bardella Makronun solçularla razılaşmalarının əvvəllər bir-birlərinə düşmən olan, lakin “Milli Birlik” partiyasının müvəffəqiyyətinin qarşısını almaq üçün birləşən partiyaların "utancverici ittifaqı" adlandırıb.

Bu arada Avropa İttifaqı (Aİ) üçün Fransa seçkilərinin nəticələri qarışıq hisslərə səbəb olub. "Biz ən pis nəticədən qurtulduq", - “Politico” yüksək vəzifəli Aİ diplomata istinadən məlumat yayıb. Bu isə Brüsseldəki ümumi əhvali-ruhiyyəni əks etdirir.

“Fransa Almaniya ilə birlikdə Avropa İttifaqının ən böyük oyunçusu kimi indi siyasi xaosa səbəb olan daxili çətinliklərlə üzləşib. Heç bir partiya çoxluğu təşkil etmək üçün kifayət qədər mandat qazana bilməyib ki, bu da uzunmüddətli siyasi ifliclə nəticələnə bilər və təkcə Fransaya deyil, bütövlükdə Aİ-yə ziyan vura bilər”, - müəllif qeyd edib.

“Report”a müsahibəsində “Brussels Freedom Hub”ın yaradıcısı Roland Freydenşteyn vurğulayıb ki, ifrat sağçıların üçüncü yer tutması Fransa üçün yaxşı xəbər olub.

“Amma pis xəbər odur ki, (qismən məsuliyyətsiz) radikal solçular ən güclü kimi ortaya çıxıb və hökumətin qurulması çox çətindir. Bu, Fransanın zəifləməsi demək olacaq və indiki çətin dövrdə Avropaya lazım deyil”, - o bildirib.

R.Freydenşteyn hesab edir ki, Fransada keçirilən parlament seçkilərinin nəticələri Aİ daxilində, xüsusilə miqrasiya siyasəti və təşkilatda islahatlar kontekstində gələcək əməkdaşlığa təsir edəcək: “Nəticə belə olacaq ki, Aİ səviyyəsində daxili iflic səbəbindən Fransa çox az təşəbbüs göstərəcək. Miqrasiya siyasətinə gəlincə, yalnız sağçı hökumət daha böyük ambisiya nümayiş etdirə bilərdi, lakin indi bu, baş verməyəcək. Bu, həmçinin Aİ islahatları məsələsinə də aiddir. Aİ məsələlərində aydın mövqenin olmaması bu seçkilərin ən bariz nəticəsi ola bilər. Ancaq sağ tərəf növbəti 3 il ərzində müxalifətdə qalsa, 2027-ci ildə real qələbə şansını artıra bilər. Avropalılar özlərini bu ehtimala zehni olaraq hazırlamalıdırlar”.

Beləliklə, Fransadakı son parlament seçkilərinin nəticələri ölkənin gələcəyi və Avropa İttifaqı ilə qarşılıqlı əlaqəsinə dair sualları açıq qoyur.

Son xəbərlər

Orphus sistemi