1-ci hissə
Azərbaycan-Türkiyə münasibətləri tarixən banal dövlətlərarası əməkdaşlıq çərçivəsindən kənara çıxıb və həmişə mehriban qonşuluq münasibətlərindən daha çox məna ifadə edib. “Əbədi qardaşlar” – məhz bu ifadə iki dövlətin qarşılıqlı inam, dəstək və yardım səviyyəsini təsvir etmək üçün ən uyğunudur. Özü də bu, yalnız mental, mənəvi və mədəni yox, həm də çoxdandır siyasi və iqtisadi səviyyədə də özünü göstərir.
Türkiyə Azərbaycanın təşəbbüskar olduğu demək olar, bütün irimiqyaslı regional layihələrin iştirakçısıdır, Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır (2020-ci ildə ölkələr arasında ticarət dövriyyəsi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib). Bundan əlavə, Türkiyə ölkəmizin qeyri-neft sektorundakı sərmayəçilər arasında birinci yerdədir, Azərbaycan isə xaricdə ən çox sərmayəni məhz Türkiyəyə yatırır (Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələrə qoyulan investisiyaların ümumi həcmi 19 milyard ABŞ dollarına yaxınlaşır).
Bu siyahını davam etdirmək olar, amma vacib olan başqa məqamdır - tərəflər artıq mövcud olan yollarla daha da dərinə gedərək və imkanlar açaraq yeni sferalar və ideyalar tapırlar.
SOCAR və TPAO tandemi: Liviya üzrə təklif
Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan kimi genişmiqyaslı layihələrin həyata keçirilməsinin uğurlu nümunəsi, həmçinin SOCAR-ın Türkiyədə və “Türkiye Petrolleri”nin (TPAO) Azərbaycandakı uğurlu iştirakı yanacaq-energetika kompleksində (YEK) ortaq biznesin üçüncü tərəflərin layihələrində tandem kimi iştiraka qədər genişləndirilməsi imkanları haqqında inamla danışmağa imkan verir. Bu məsələ hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı son danışıqların gündəliyində də olub. Ərdoğan özü bu barədə Şuşaya səfəri zamanı məlumat verib. Daha sonra Türkiyə mətbuatına verdiyi müsahibədə açıqlamasını detallı izah edən dövlət başçısı bunun Liviyadakı layihələr ola biləcəyini qeyd edib: “TPAO ilə bağlı olan şirkət var, onlarla TANAP və TAP layihələri üzrə əməkdaşlıq edirik. Əziz dostum İlham Əliyev ilə Liviyada da işləyə bilərik”.
Onun fikrincə, Azərbaycan və Türkiyə zəngin bilik və təcrübəyə malikdir, buna görə də qazma sahəsində addımlar ata bilərlər. “Mən ona (Prezident İlham Əliyevə - red.) bunu təklif etdim və o, bu təklifdən məmnun olduğunu, bu istiqamətdə işləməyə hazır olduğunu bildirdi. Ümid edirəm ki, bu cür ortaq addımlar ataraq nəinki Avropaya açılmaq imkanı əldə edəcəyik, həm də öz ölkələrimizdə, eləcə də digər ölkələrdə fəaliyyətimizi genişləndirəcəyik”, - Ərdoğan vurğulayıb.
Öz növbəsində, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR Turkey Enerji” və “Petkim Holding”in İdarə Heyətinin sədri Vaqif Əliyev bu açıqlamanı şərh edərkən SOCAR və TPAO-nun 1994-cü ildən bəri birgə investisiyalar həyata keçirdiyini vurğulayıb. “Təbii ki, bunu davam etdirmək niyyətindəyik”, - o deyib və əlavə edib ki, söhbət coğrafi baxımdan çox ucqar regionlardan getmir, enerji resursları ilə zəngin olan yaxın regionlarda işləmək olar.
Qeyd edək ki, Türkiyə 20 ilə yaxındır Liviyada neft kəşfiyyatı və hasilatı ilə məşğuldur, TPAO ümumilikdə 11 yataqda geoloji-kəşfiyyat və istismar işləri aparıb və 7 yataqda neft kəşf edib. Buna 100-150 milyon ABŞ dolları xərclənib. Lakin 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayandan sonra bütün layihələr dayandırılıb. Bu məsələnin siyasi tərəflərini bir kənara qoyaraq qeyd edək ki, artıq 2019-cu ilin sonunda Liviyanın Milli Anlaşma Hökuməti və rəsmi Ankara arasında Aralıq dənizindəki sərhədlər barədə razılaşma imzalanıb. 2020-ci ilin iyun ayında isə Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönmez Ankaranın neft quyularının kəşfiyyatı və qazma işləri üçün Aralıq dənizində yeddi lisenziya sahəsi müəyyənləşdirdiyini açıqlayıb. Nazir əlavə edib ki, qazma işləri 3-4 ay ərzində başlaya bilər. Bu ilin aprelində Fatih Dönmez Ankarada Liviyanın neft və qaz naziri Məhəmməd Əhməd Oun ilə danışıqlar aparıb. Daha sonra türkiyəli nazir tvitterdə tərəflərin xüsusilə neft və təbii qaz sahəsində əməkdaşlığı inkişaf etdirməyə qərar verdiklərini yazıb.
Təbii ki, Türkiyə başlatdığı işi bitirmək istəyir, özü də 7 yataqda hasilat üçün səmərəli karbohidrogen ehtiyatları aşkarlanıb. Ancaq SOCAR ilə tərəfdaşlığın sırf hansı sahədə olacağını söyləmək hələ tezdir - hər halda, Azərbaycan şirkətinin qardaş ölkənin şirkətinin istənilən təklifini qiymətləndirmək üçün kifayət qədər təcrübəsi və resursları var.
Qara dənizdəki layihələr
Qeyd olunmalıdır ki, Liviya SOCAR və TPAO-nun karbohidrogen istehsalı sahəsində birgə çalışması baxımından ilk variant deyil. Azərbaycan həmçinin Qara dənizdəki karbohidrogen ehtiyatlarının işlənməsi layihələrində də iştirak edə bilər.
Türkiyə enerji daşıyıcılarının idxalına hər il orta hesabla 40 milyard ABŞ dollarından çox vəsait xərcləyir. Eyni zamanda, məlumatlara görə, ölkənin öz istehsalı 350 milyon kubmetr səviyyəsindədir, yəni ölkənin illik istehlakının 1 faizindən də azdır. Bu səbəbdən Türkiyə hökumətinin hər kvadratmetri araşdırmaq cəhdləri olduqca haqlıdır, özü də geoloqların fikrincə, Aralıq dənizi və Qara dəniz şelflərində böyük həcmdə təbii qaz və neft olmalıdır.
TPAO hələ 2010-cu ildə BP, “ExxonMobil”, “Chevron”, “Petrobras” şirkətlərini cəlb etməklə Qara dənizdəki 5 yeraltı blokda kəşfiyyat işləri aparmışdı. Qara dəniz şelfinin geoloji kəşfiyyatına 4 milyard ABŞ dolları xərclənmişdi ki, bunun 500 milyon ABŞ dolları Türkiyənin payına düşürdü. Ancaq həmin o kəşfiyyat işləri bir nəticə vermədi. Bu səbəbdən Qara dənizin Türkiyə şelfindəki işlər bir müddətə donduruldu.
Ancaq necə deyərlər, axtaran tapar - 2017-ci ildə Türkiyə öz gəmilərinin iştirakı ilə tədqiqatı təkbaşına davam etdirməyə qərar verdi. Türkiyənin ilk seysmik gəmisi “Barbaros Hayrettin Paşa” kəşfiyyat işləri apardı və Qara dənizin qərb sahillərində zəngin təbii qaz ehtiyatları aşkar edildi. 2020-ci il iyulun 20-də Türkiyənin “Fatih” qazma gəmisi Qara dənizdə Bolqarıstan və Rumıniya dəniz sərhədlərinin Türkiyənin daxili suları ilə kəsişməsinin yaxınlığında yerləşən “Tuna-1” adlı perspektivli ərazidə qazma işlərinə başladı. Artıq avqustun 21-də Rəcəb Tayyib Ərdoğan xalqa telemüraciətində Qara dənizdə 2100 metr dərinlikdə ölkə tarixində ən böyük təbii qaz yatağı olan, ehtiyatlarının 300 milyard kubmetrdən çox olduğu təxmin edilən “Sakarya”nın kəşf edildiyini elan etdi. Bu, Türkiyə üçün həqiqətən tarixi kəşfdir və gələcəkdə enerji resurslarının idxalına milyardlarla dollar qənaət olunmasına imkan verəcək.
O zaman Prezident İlham Əliyev də Türkiyəyə təbriklərini göndərərək yeni yatağın aşkar edilməsinin ölkənin sənaye potensialının və artan gücünün təcəssümü olduğunu bildirmişdi. “Bu, Türkiyənin enerji təhlükəsizliyində növbəti vacib addım idi. Qaz yatağının işlənməsi Türkiyə xalqına fayda gətirəcək. Ümid edirəm ki, hazırda Türkiyə tərəfindən həyata keçirilən digər kəşfiyyat layihələri də uğurla yekunlaşacaq”, - Azərbaycan dövlət başçısının Ərdoğana müraciətində deyilir.
Bu yaxınlarda, daha dəqiqi iyunun 4-də isə Türkiyə lideri Qara dənizdə ehtiyat həcmi 135 milyard kubmetr olan yeni qaz yatağının tapıldığını elan edib. Beləliklə, Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatlarının ümumi həcmi 540 milyard kubmetrə çatıb.
“SOCAR Turkey” şirkətinin İdarə Heyəti sədrinin müavini Vaqif Əliyevin dediyi kimi, Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatları kəşf etməsi strateji əhəmiyyətə malikdir. SOCAR-ın bu layihələrdə iştirakının mümkünlüyünə toxunan V.Əliyev nəzəri cəhətdən yataqların işlənməsi və orada hasilat sahəsində TPAO ilə əməkdaşlıq edə biləcəklərini vurğulayıb: “Bu, peşəkar maraqlarımız daxilindədir. Dərinliklərinə və dalğaların intensivliyinə görə Qara dəniz ənənəvi platformanın quraşdırılması üçün uyğun olmaya bilər. Ancaq istehsal yeni texnologiyaların cəlb edilməsi ilə, o cümlədən bilavasitə insan iştirakı olmadan həyata keçirilə bilər”.
Vurğulanmalıdır ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, eləcə də dənizdə qazma sahəsindəki çoxillik təcrübəsinə əsaslanır. Xəzər dənizi də neft hasilatı üçün asan yer deyil, ancaq Azərbaycan neftçilərinin burada həm müstəqil, həm də xarici şirkətlərlə ortaq şəkildə apardığı çoxillik tədqiqatlar onların praktiki bilik və bacarıqlar toplamasına, eləcə də müasir texnologiyaları öyrənməsinə imkan yaradıb. Hətta ən son texnologiyaların bəzilərindən ilk dəfə ölkəmizdə istifadə edilib.
Odur ki, zəngin neft-qaz hasilatı tarixinə, xarici neft nəhəngləri ilə əməkdaşlıq təcrübəsinə, yaxşı kadr potensialına və s. malik olan Azərbaycan təbii ki, qardaş Türkiyə üçün enerji resurslarının hasilatı ilə bağlı layihələrdə faydalı tərəfdaş ola bilər.
Qulu Nuriyev - ekspert