Sovet İttifaqından qalma miraslardan keçmiş vətəndaşları xilas ola bilmir. Bu imperiya 29 ildir yoxdur. Ancaq iblis kimi hər yerdə müxtəlif adlarla ortaya çıxır. Hər işdə də özünü göstərir. Ömrünün son illərində bu iblis Cənubi Qafqazda milli azadlıq hərəkatlarından qabaq hərəkat yaratmaqla proseslərin yönünü dəyişib. Hakimiyyət dəyişikliklərində əvəzsiz rol oynayıb. Bölgənin hər üç ölkəsi 30 ildir münaqişəyə cəlb edilib. Bu ölkələrdə baş verənlər həmin münaqişələrlə idarə olunur.
Deməli, ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarından qovulduqdan sonra Ermənistanda vəziyyət daha da gərginləşib. Bir qədər əvvələ getsək, bu ölkədə ictimai-siyasi vəziyyətin neçə ildir ağır olduğunu da görərik. Odur ki, çox da uzağa getmədən Ermənistanda indi baş verənlərə aydınlıq gətirmək istərdik. Noyabrın 10-da Ermənistan kapitulyasiya bəyanatını imzaladığı gününün səhəri Yerevanda etiraz aksiyası keçirildi. Hökumət evinə, baş nazir Nikol Paşinyanın iqamətgahına hücum oldu. Bununla da hökumət başçısının istefası tələbilə aksiyaların başlaması sanki elan edildi.
Bəs Paşinyanın istefası müharibəni uduzduğu üçünmü tələb olunur? Fikrimizcə, səbəb yalnız bu deyil. 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra lap elə ilk yüz gündən sonra istefa çağırışları səslənirdi. Hələ 2019-cu ilin yayında məlumat yayılmışdı ki, payızda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcək. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilat və cəmiyyətin daxil olacağı gözlənilirdi. Bu məlumat yayılmazdan bir müddət əvvəl Robert Koçaryan verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Bu il iyunun 16-da Çiçəklənən Ermənistan Partiyasının lideri, milyonçu deputat Qaqik Sarukyan parlamentdəki çıxışında hökuməti hədələmişdi: “Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq”. O, çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakim Mənim Addımım Partiyasını ittiham edərək vurğulamışdı ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib: “Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini və koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”. O, paşinyançıların inqilabının sonunun artıq gəldiyini də bildirmişdi.
Deməli, Paşinyanın istefası yalnız döyüşlərdən sonrakı vəziyyətlə bağlı deyil. Çünki bu məğlubiyyətdən əvvəl Serj Sarqsyanın prezidenti olduğu Ermənistan 2016-cı ilin aprel döyüşlərini uduzmuşdu. Başqa sözlə, bu ordu Robert Koçaryan və Serj Sarqsyandan qalma ordudur. Prezident İlham Əliyev noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da bunu vurğulamışdı: “Biz Koçaryan-Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarqsyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə”.
Yeri gəlmişkən, dekabrın 5-də Yerevanda Nikol Paşinyana istefa tələbi ilə keçirilən etiraz aksiyasında Koçaryanın, Sarqsyanın və daşnakların tərəfdarları iştirak edib. Bu isə 30 il ərzində Ermənistanın siyasi səhnəsində dəyişikliyin baş vermədiyinin göstəricisidir. Paşinyanın yerinə müxalifətin vahid namizədi sayılan Vazgen Manukyan da bu siyasi dəstənin nümayəndəsidir. O, Qarabağda separatçılığın əsasını qoyanlardan, Xocalı soyqırımının törədilməsini təşkil edənlərdəndir. Həmin mitinqdə Paşinyana dekabrın 8-dək istefa vermək üçün möhlət verildi. Ultimatumda bildirilib ki, istefa verməyəcəyi halda respublika üzrə vətəndaş itaətsizliyi göstəriləcək. 74 yaşlı Vazgen Manukyan isə ermənilərin “siyasi mədəniyyəti"ni nümayiş etdirərək bildirib: “Biz onu nə qədər tez hakimiyyətdən uzaqlaşdırsaq, 1988-ci ildəki yolla gedərək qələbə qazanarıq. Nikol Paşinyan başa düşməlidir ki, nə qədər tez istefa versə, şəxsi planda ona xeyirdir. Əgər bu hərəkat qalib gəlməzsə, qəzəblənmiş xalq onu, sadəcə olaraq, parçalayacaq. Bu hərəkat Ermənistanda vəziyyətin sivil yolla dəyişməsinə imkan verir. Nikol Paşinyan könüllü olaraq getməzsə, güc yolu ilə gedəcək”.
Manukyan 1988-ci ilin ovqatından hələ də xilas ola bilməyib. Prezidenti olmuş Levon Ter-Petroysan isə Vazgenin çıxışını şərh edərkən deyib: “Bunlar, sadəcə, sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır. Hər ikisinin də parlamentə "basqın" etmək təcrübəsi var - 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür”.
Belə çıxır, Ermənistanda yeni heç nə baş verməyib. Qarabağı yenidən işğal və regionda xarici maraqlara xidmət etmək, qonşulara qarşı düşmənçiliyi davam etdirmək, Rusiyaya münasibəti dəyişməmək və s. Bu siyasi xətt 29 ildir davam etdirilir. Nəticədə Ermənistanda vəziyyət gündən-günə ağırlaşır. Ölkə daha çox ələbaxım vəziyyətə düşür. Ermənistanda hakimiyyətdaxili və ölkədaxili siyasətə Qarabağ məsələsi hakimdir.
Görünür, 44 günlük döyüş ermənilərə və erməniliyə işğalçılığın, qonşu dövlətə qarşı ərazi iddiasının həyata keçməsinin mümkünsüzlüyünü başa salmayıb. Manukyanın çıxışından yenidən müharibə ritorikası sezilməkdədir. Ancaq Ermənistan yenidən hansı qüvvə və texnika ilə müharibəyə başlaya bilər? Ermənistanın mövcud hökuməti və hakimiyyətə gəlmək istəyən yeni köhnə düşüncəli siyasi qüvvəsi bölgədə şəraitin dəyişdiyini hələ də anlaya bilmir. Ermənistanda müharibədə məğlub olan bir qüvvəni revanşistlərin ehtimal olunan əvəzləməsi ölkəyə yeni heç nə vəd etməyəcək. Onlar bəyanata qarşı çıxmır, müharibəni davam etdirmək istədiklərini də bəyan etmirlər. Manukyanın başçılıq etdiyi hərəkat “Paşinyan, get!” deməklə fikirlərini bitmiş sayırlar. Bu baxımdan ölkənin daha Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Rusiya və Qərb bloku ilə daha doğru siyasət yürüdə biləcək, onlar arasında tarazlıq qura biləcək yeni düşüncəli siyasi qüvvəyə ehtiyacı var. Əks halda, Manukyan kimi köhnəbaşlı fiqurlar Ermənistanda vəziyyəti daha da ağırlaşdıra bilər. Özü də Manukyan və ətrafı qonşu dövlətlərə münasibətini tam açıqlamayb. İqtisadi proqramı bəlli deyil. Qarabağla bağlı ritorika dəyişməz qalıb. Onları Paşinyandan fərqləndirən başlıca xüsusiyyəti Moskvaya münasibətidir. Manukyan və ətrafına toplaşanlar Ermənistanın düşdüyü vəziyyətdən çıxışı Rusiya ilə əlaqələrdə görürlər. Başqa sözlə, onlar hesab edirlər ki, Rusiya onların dövlətini ağır böhrandan xilas edəcək. Ancaq 2018-ci il dəyişikliyindən əvvəl Ermənistanda hakimiyyətdə olmuş siyasi qüvvələrin Rusiya ilə heç bir problemi olmamışdı. Bununla belə, indiki ağır, böhranlı vəziyyətin bünövrəsi o illərdən başlayır. Rusiya Ermənistana bundan sonra əvvəlki kimi yardım etmək niyyətində olana oxşamır. Çünki son üç ildə Ermənistan ictimaiyyətinin nümayiş etdirdiyi anti-Rusiya münasibəti qarşılığında Kremlin də yanaşmasının dəyişəcəyi istisna edilmir. Odur ki, Moskva bundan sonra Yerevanda hakimiyyətdə gələcək yeni qüvvəyə çətin əvvəlki kimi etibar etsin, etimad göstərsin.
Bu arada noyabrın 25-dən dekabrın 2-dək Ermənistanın bütün bölgələri üzrə telefonla min nəfər arasında keçirilən sorğunun nəticəsinə görə respondentlərin 12 faizi Rusiyanı Ermənistan üçün düşmən sayır. Bu, ABŞ-a münasibətdən iki dəfə çoxdur. Rəyi soruşulanların 5,4 faizi ştatları Ermənistanın təhlükəsizliyini təhdid edən ölkə sayıb. ABŞ-ın “Gallup International Association” təşkilatının keçirdiyi həmin rəy sorğusunun nəticəsinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi 85 faizdən 45 faizə enib. Bununla belə, Spitak zəlzələsinin 32-ci ildönümüylə bağlı Gümrüyə gedən Nikol Paşinyan istefa məsələsi ilə bağlı jurnalistlərin sualına münasibət bildirməyib. İlk baxışdan müharibəni uduzan liderin istefası təbii sayılardı. Ancaq onun davranışından belə görünür ki, 44 günlük müharibədə Ermənistanın məğlubiyyətini rəsmi Yerevan təbii qarşılayır. Çünki ermənilər dinc yolla çıxmaq istəmədikləri Azərbaycan torpaqlarından minlərlə canlı qüvvə, yüzlərlə hərbi texnika itirərək qovuldular. Görünür, Nikol Paşinyana “getmə, qal” vədini verən də var. Dekabrın 8-də indiki hökumət başçısı, yoxsa revanşistlərin sponsorunun gücü də bəlli olacaq.