Azərbaycanın 44 günlük döyüşlərdə qələbəsi heç şübhəsiz gələcəkdə də araşdırılacaq. Ancaq heç kimə sirr deyil ki, qələbənin qazanılmasına başlıca səbəb torpaqların Azərbaycana aid olması, bu istiqamətdə xalqla hakimiyyətin birliyi və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasətdir.
Dövlət başçısı keçirdiyi bütün görüşlərdə Qarabağın Azərbaycan torpaqları olduğunu, işğalçının bu ərazilərdən çıxmasını tələb edib. O həm müxtəlif dövlətlərin başçıları ilə rəsmi və qeyri-rəsmi görüşlərdə, həm də beynəlxalq toplantılarda bu məsələ ilə bağlı qətiyyətli mövqe sərgiləyib. Belə toplantılardan biri 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdə olub. Həmin yığıncaqdan bir il ötür. Tədbirdə Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib. Həmin müzakirədə İlham Əliyev Qarabağın tarixən Azərbaycan torpaqları olduğunu, ermənilərin bu bölgəyə köçürüldüyünü iştirakçıların diqqətinə çatdıraraq bildirib: “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir”.
İlham Əliyev 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığını vurğulayaraq 300 min azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunduğunu da iştirakçılara bildirib: “Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.
Prezident işğal edilən torpaqlarla bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə barədə də iştirakçılara məlumat vermişdi. İlham Əliyevin tarixi və hüquqi faktları qarşısında Ermənistanın baş naziri Nikol Paşinyan aciz qalıb və səhvlər edib. O, Xocalı soyqırımını, BMT-nin qətnamələrini təhrif etməyə səy göstərib. Dövlət başçısı Ermənistanın təkcə Dağlıq Qarabağı deyil, ətraf 7 rayonu da işğal etdiyini bildirib: “Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşada bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər…”
İlham Əliyev toplantı iştirakçılarının və KİV təmsilçilərinin qarşısında Nikol Paşinyanın yalan danışdığını və faktları təhrif etdiyini də sübut etmişdi: “Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur…” Prezident 44 günlük döyüşlər zamanı bəyan etdiklərini bu toplantıda da vurğulamışdı: “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan”. İlham Əliyev müzakirələr zaman torpaqların işğal altında qalmayacağının sanki anonsunu da vermişdi: “Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Nikol Paşinyanın “ermənilərin öz müqəddəratını təyinetmə” hüququndan danışmasına cavab olaraq dövlət başçısı demişdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”
Prezident İlham Əliyev 2016-cı il sentyabrın 16-da MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən toplantısında regional əməkdaşlığın əhəmiyyətindən danışmaqla Cənub Qafqazdakı indiki vəziyyətin də anonsunu verib. Hazırda regionda bu istiqamətdə ciddi müzakirələr davam edir. Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan hökumət başçılarının müavinləri və işçi qrupunun toplantıları keçirilir. “Biz limanların, dəmir yollarının tikintisinə, dəniz nəqliyyatı ilə daşımalara, müasir beynəlxalq aeroportların inşasına sərmayə qoyuruq. Bu, daimi gəlir mənbəyi olan, həmçinin iqtisadi çərçivədən çıxan sahədir və həm də əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxarır. Əməkdaşlığın möhkəmləndirilməsi təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi deməkdir”, - dövlət başçıısı vurğulamışdı.
2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında İlham Əliyevin çıxışı Qarabağın əsl sahibinin kim olduğunu dünyaya bir daha elan etdi. Bu tarixədək klubun işində 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak edib. Dövlət başçısı bu toplantıdakı müzakirələrdə Ermənistanın keçmiş və indiki hakimiyyətinin yalanlarını bir daha ifşa edib. Nikol Paşinyanın hikkəli iddiasına cavab olaraq bildirmişdi: “Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Beləliklə, Prezidentin bu toplantılardakı çıxışlarından nümunələr bir daha sübut edir ki, Azərbaycan tərəfi torpaqlarının işğal altında qalması faktı ilə heç vaxt razılaşmayıb və onun azad ediləcəyinə inanıb. Bundan başqa, Qarabağda ikinci erməni dövlətinin yaranacağına da razılıq verməyib. 44 günlük döyüşlər zamanı dövlət başçısı beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini dəfələrlə açıqlayıb. İlham Əliyev 2020-ci il oktyabrın 3-də “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirmişdi: “Qoy Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ versinlər”.
Bu, Azərbaycanın öz ərazi bütövlüyü ilə bağlı bir il öncə verdiyi bəyanatın təsdiqi idi. Prezident Azərbaycan torpaqları işğal altında olanda da, 44 günlük döyüşlər gedərkən də eyni mövqedən çıxış etdi. Bununla da dövlətin ərazisinin müzakirə mövzusu olmadığını dostlara və düşmənlərə bir daha çatdırdı. Dövlət başçısının Münhen və “Valday” konfranslarındakı çıxışları öz təsdiqini 6 həftəlik döyüşlərdə tapdı. Prezidentin “Qarabağ Azərbaycandır və nida işarəsi”, “Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir” bir ildən sonra reallaşdı.