Allaha şükür edib insanlara “sağ ol” deyirlər. Bu minnətdarlıqdır. Hər yaxşı işin mükafatı var. Vətən uğrunda canlarından keçənlərə şəhid deyirik. Torpaqların yağılardan azad edilməsində göstərdikləri şücaətə görə onlara Milli Qəhrəman adı da verilir.
Azərbaycan əhalisi Rusiya və SSRİ-nin müstəmləkəsi olanda iki dünya müharibəsində ön və arxa cəbhədə iştirak edib, itkilər verib. Ancaq heç birində layiq olduğu minnətdarlığı, mükafatı almayıb. Əksinə, mərkəzi hakimiyyət Azərbaycana qarşı zülmü artırıb, ayrı-seçkilik aparıb. İkinci Dünya müharibəsində faşistlərə qarşı mübarizədə xüsusi dəyanət göstərmiş Sovet İttifaqının 12 şəhər və 1 qalasına "Qəhrəman şəhər" adı verildi: Moskva, Leninqrad, Odessa, Sevastopol, Volqoqrad (Stalinqrad), Kiyev, Brest qalası (Belarus), Kerç, Novorossiysk, Minsk, Tula, Murmansk, Smolensk. 1980-ci il iyulun 18-də “Qəhrəman şəhər” adı ilə bağlı əsasnaməyə dəyişiklik edildi. Orada göstərilib: “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində zəhmətkeşləri Vətənin (SSRİ-ni nəzərdə tutur) müdafiəsində kütləvi qəhrəmanlıq və igidlik göstərən Sovet İttifaqı şəhərləri ali dərəcəli mükafata –“Qəhrəman şəhər” adına layiq görülsün..." Murmansk və Smolensk 1985-ci ildə müharibənin başa çatmasının 40-cı ildönümü münasibətilə bu ada layiq görüldülər. Təəssüf ki, SSRİ-nin xeyrinə müstəsna xidmətlər göstərmiş Azərbaycanın paytaxtı Bakı şəhəri layiq olduğu mükafata layiq görülmədi.
Yeri gəlmişkən, müharibə başlayan zaman Azərbaycanda 87 qırıcı batalyon, 1 124 özünümüdafiə dəstəsi təşkil edilib, respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib, 300 mindən çox azərbaycanlı həlak olub. Sovet hərbi və mülki texnikasının 80-90 faizini yanacaqla arxa cəbhədə fəaliyyət göstərən Bakı zəhmətkeşləri təmin edib. Hər 10 tankdan 9-u Bakı nefti ilə faşistlərə qarşı döyüşüb. Sovet İttifaqı Marşalı, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956-cı illərdə) Georgi Jukov bu qəhrəmanlıq haqqında belə demişdi: “Bakı neftçiləri Vətənin müdafiəsini və düşmən üzərində qələbəni təmin edəcək qədər yanacaq verdilər”.
Faşist Almaniyasının şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilib. Rozenberqin başçılığı ilə təşkil edilmiş Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı adlanırdı. 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis olunmuş planda Qafqazın, özəlliklə Bakının işğalı başlıca yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri olan Azərbaycan əlahiddə rayon sayılırdı. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal etdikdən sonra onun nefti alman şirkətlərinin sərəncamına veriləcəkdi. Onlar Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakını hərbi məntəqəyə çevirəcək. O, bundan xeyli əvvəl də "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, "Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə də onlar ali irqin qulları olmalıdırlar".
Bu kimi xidmətlərinə və düşmənin verdiyi əhəmiyyətə baxmayaraq, Bakıya "Qəhrəman şəhər" statusu verilmədi. Uzun illər bu məsələ tarixçilərin, siyasətçilərin müzakirə mövzusu oldu. Əvəzində 1990-cı il yanvarın 20-də Böyük Vətən Müharibəsinin başa çatmasının 45-ci ildönümü ərəfəsində Moskva Bakı zəhmətkeşlərinin üzərinə tankları və xüsusi təyinatlıları yeritdi. 1992-ci il fevralın 26-da Rusiyanın sülhməramlı 366-cı alayı Xocalı soyqırımının törədilməsində iştirak etdi. Sovet ordusunun əsgər və zabitləri 1988-ci ildə azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarından çıxarılmasına yardımçı oldu.
1991-ci il oktyabrın 18-də bir əsrdə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycan bunu gözüdolusu bayram edə bilmədi - qədim İrəvan torpağında məskunlaşmış Ermənistan havadarlarının dəstəyi ilə bu dəfə Qarabağın işğalını həyata keçirirdi. 30 ilə yaxın davam etmiş danışıqlar dəfələrlə Ermənistan tərəfindən pozuldu. Beynəlxalq vasitəçilər öz missiyaları ilə münaqişəni həll etməkdənsə, separatçılara hər cür yardım olunmasına şərait yaratdı, bir sıra hallarda özləri də bu prosesə qoşuldu.
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Qarabağı işğalçıdan təmizləmək üçün əks-hücum əməliyyatına başladı. Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən Ermənistan döyüşlər gedən bölgələrdən aralı yerləşən şəhər və rayonlardakı mülki obyektləri raket atəşinə tutub. Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən noyabrın 5-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 94 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb.
Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb.
Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
Xatırladaq ki, hərbi əməliyyatların getdiyi yerdən təxminən 100 kilometr aralıda yerləşən Gəncə sentyabrın 27-dən bəri bir neçə dəfə atəşə məruz qalıb. Onlardan ən dağıdıcı olanı oktyabrın 11-də baş verib. Bu hadisə nəticəsində 5-i qadın olmaqla, azı 10 nəfər şəhid olub, 35 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyub. Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 14 mülki sakin həlak olub, 55 nəfər yaralanıb.
Ermənistan silahlı qüvvələri hərbi cinayətlərini davam etdirərək beynəlxalq hüquq normaları ilə qadağan edilmiş kaset bombalarından istifadə etməklə oktyabrın 27-də Bərdə şəhərini müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutmuş, vurulan raket zərbələri nəticəsində 4 nəfər dinc sakin həlak olmuş, 13-ə yaxın insan isə yaralanmışdı. Oktyabrın 28-də isə Bərdə şəhərinə Ermənistan tərəfindən yenidən vurulan raket zərbələri nəticəsində 21 nəfər dinc sakin həlak olmuş, 70-ə yaxın insan yaralanmışdı. Oktyabrın 27-si və 28-də törədilmiş həmin terror aktlarının nəticəsində ölənlər və yaralananlar arasında azyaşlı uşaqlar və qadınlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdi. Döyüş zonasından 40 km məsafədə yerləşən Bərdə şəhərinə iki gün ard-arda raket zərbələrinin endirilməsi nəticəsində mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsi erməni faşizminin növbəti təzahürüdür.
Düşmən ordusu Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutub, 4 mülki şəxs həlak olmuş, 4-ü yaralanmışdı. Bu rayonun mülki obyektlərini ermənilər atəşkəs haqqında bəyanat imzalananadək hər gün raket atəşinə tutublar.
Bundan başqa, Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi, Goranboy, Beyləqan, Mingəçevir də raket atəşlərinə məruz qalıb. Bu xain hücumlar nəticəsində mülki şəxslər yaralanıb, tikililər dağılıb.
Azərbaycan əsgərinin və vətəndaşının apardığı Vətən müharibəsində fərqlənənlərə mükafatlar, fəxri adlar, orden və medallar verilib və veriləcək. Bu dövlətin, onun təmsilçisi olan hakimiyyətin həmin şəxslərə minnətdarlığıdır. Bu müharibədə əsir şəhərlər, rayonlar, kəndlər azad edildi. Azərbaycan işğalçı Ermənistanı torpaqlarından qovdu. Bu döyüşlərdə Azərbaycan Ordusu qalib oldu. Onların bu zəfərində Azərbaycanın bütün bölgələri öz oğulları ilə fəal iştirak edib. Ancaq Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Goranboy və Beyləqanın mülki sakinləri daha çox əziyyət çəkib. Köpələr, uşaqlar, yaşlılar və xəstələr hər gün düşmənin atdığı raket atəşinin səsinə oyanıb, diksinib. Həmin şəhər və rayonların sakinləri öz evlərini tərk edib qaçmayıb. Onlar bu mərdliyi ilə düşmənə cavab veriblər. Ermənilər və onların havadarları hesab edirdi ki, döyüşlər getdiyi bölgələrdən uzaqda mülki obyektləri atəşə tutmaqla kütləvi qaçqın axını yaradacaq. Bunun nəticəsində ölkədə xaosa nail olacaq və əməliyyatın qarşısı alınacaq. Ancaq həmin bölgələrin sakinlərinin dəyanətli müqaviməti, siyasi sabitlik, yaranmış milli həmrəylik düşmənin bu arzusunu gözündə qoydu. Odur ki, Gəncə, Bərdə, Tərtər, Goranboy, Ağcabədi və Beyləqana “Qəhrəman bölgə” fəxri adının verilməsi daha məqsədəuyğun olardı. Bu həm də Vətən müharibəsi zamanı ön və arxa cəbhənin vəhdətinə verilən mükafat sayılar.