Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə cavab olaraq ABŞ və Avropa İttifaqı (Aİ) eyni anda şimal qonşumuza qarşı yeni sanksiyalar tətbiq etdilər. Aİ-nin antirusiya sanksiyalarının 3-cü paketi bu günə kimi tətbiq olunanlar arasında ən iridir və maliyyə, enerji, texnologiya sektorlarına şamil ediləcək. Sanksiyalar Rusiyanın bank sektorunun və aparıcı dövlət şirkətlərinin 70 %-ni əhatə edir.
ABŞ və Aİ Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyatlarını dondurub. Söhbət 460-630 milyard ABŞ dollarına ekvivalent vəsaitlərdən gedir. Bu dünya maliyyəsinin tarixində ən sərt maliyyə sanksiyalarından biridir. Bu günə kimi bu cür sanksiyalar bir sıra ölkələrə, o cümlədən İran və Şimali Koreyaya tətbiq olunub. Bu gün Rusiya Bankının valyuta bazarına müdaxilə imkanları xeyli məhdudlaşıb. Bu səbəbdən dünən tənzimləyici ümumiyyətlə valyuta intervensiyaları həyata keçirməyib. Müharibə başlayandan bu yana rus rublu artıq 40 % dəyər itirib. Əgər Rusiya Bankı milli valyutanın məzənnəsini sabitləşdirmək üçün öz valyuta ehtiyatlarını rubla mübadilə edə bilməsə rubl daha da dəyərdən düşəcək. Bu proses nəticə etibarı ilə idxal qiymətlərinin artmasına gətirib çıxaracaq.
Nəzərə alsaq ki, bir çox Rusiya istehsalı olan mallar xarici komponentlərdən asılıdır, o zaman rublun dəyərdən düşməsi daxili pərakəndə qiymətlərə də mənfi təsir edəcək. Rublu möhkəmləndirmək və inflyasiyanın qarşısını almaq üçün Rusiya Mərkəzi bankı dünən uçot dərəcəsini birdən-birə iki dəfədən çox artırdı. Bəzi ekspertlər bu qərarın vəziyyəti əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişə bilməyəcəyi fikrindədirlər. Hesab edilir ki, bunun fəsadlarını həmişəki kimi ən çox əhali çəkəcək. Belə ki, uçot dərəcəsi nə qədər yüksəkdirsə, əhali və sənaye müəssisələri üçün kreditlər də bir o qədər bahalı olur. Biznesin ucuz pullar əldə etmək imkanları məhdudlaşdığı üçün daha sərt şəraitdə fəaliyyət göstərməli olacaqlar. Yaranmış vəziyyət əməkhaqlarının artım tempinə, yeni iş yerlərinin açılmasına, biznesin genişləndirilməsinə və yeni müəssisələrin yaradılmasına mənfi təsir edəcək. İpoteka və istehlak kreditləri əhəmiyyətli dərəcədə bahalaşacaq. Artıq sanksiyalar altına düşən “VTB Bank” ipoteka üzrə faizləri kəskin artırıb. Digər aparıcı banklar da ya bunu ediblər ya da etməyə hazırlaşırlar. Proqnozlara görə, tənzimləyicinin uçot dərəcəsini artırmaq fonunda ipoteka kreditləşməsi 5-10 dəfə azala bilər. Uçot dərəcəsi 10 % olanda istehlak kreditləşməsi 20 % həddində olub. İndiki halda faizlərin hansı səviyyədə ola biləcəyini ehtimal etmək çətin deyil. Vətəndaşların bu cür faiz dərəcəsi ilə avtomobil və ya mənzil almaq istəkləri əhəmiyyətli dərəcədə azalacaq. Nəzərə almaq lazımdır ki, onların borclanmaya getmək əhvalında inflyasiyanın onların real gəlirlərini “yeməsi” sonuncu rol oynamayacaq. İldə heç olmasa bir dəfə xaricə turistik səfər edənlər artıq istirahətlə soyuducu arasında çətin bir seçim qarşısında qalacaqlar.
Avropa ittifaqı Rusiyaya təyyarə, vertolyot və digər aviatexnikanın tədarükü və lizinqinin tam şəkildə dayandırmaq qərarı verib. Bu, tək yeni yox həm də artıq imzalanmış lizinq müqavilələrinə aiddir. Rusiya lizinqdə olan təyyarələri bir ay ərzində Aİ-ə qaytarmalı olacaq. Bu gün Rusiyada sərnişinlərin 90 %-nin daşınması qərb istehsalı olan 800 magistral təyyarənin payına düşür. Onların yarıdan çoxu Avropa istehsalçısı “Airbus”ındır. Lakin bu da son deyil. Belə ki, Aİ həm də ehtiyyat hissələrinin tədarükünə, texniki xidmətə və sığortalanmaya qadağa qoyduğu üçün aviaşirkətlər hətta mülkiyyətlərində olan təyyarələri istifadə edə bilməyəcəklər. Ekspertlərə görə, söhbət hava gəmilərinin magistral parkından getdiyinə görə qısamüddətli dövrdə demək olar ki, uçmağa təyyarə tapılmayacaq. Çıxış yolu kimi Rusiyanın hava məkanına Qazaxıstan, Belarus, Çin kimi qonşu ölkələrin aviaşirkətlərinin cəlb olunması nəzərdən keçirilə bilər. Hesab edilir ki, ən sərt variant kimi Rusiya höküməti şirkətlərə hava gəmilərinin ölkədən çıxarılmasını qadağan edən sənədlər qəbul edə bilər. Lakin belə olan halda nə vaxtsa Qərblə Rusiya arasında münasibətlər düzələcəyi təqdirdə heç bir lizinq şirkəti bu cür aviaşirkətlərə təyyarə verməyəcək.
Aİ-nin ardından ABŞ-ın da analoji məhdudiyyətlər qəbul edəcəyi gözlənilir. Paralel olaraq 27 Avropa İttifaqı ölkəsi hava məkanlarını Rusiya üçün bağlayıb. Eyni addımı Britaniya, Şimali Makedoniya, Norveç, İslandiya və Kanada atıb. Aİ-nin hava məkanını bağlaması rusiyalı turistlərdə populyar olan Latın Amerikası ölkələrinə uçuşları iqtisadi cəhətdən qeyri-rentabelli edib. Qapalı hava məkanına görə 10 minlərlə rusiyalı turist xaricdə qalıb. Ən ciddi problemlə Aİ, Karib ölkələrində və ABŞ-da olanlar qarşılaşa bilər. Belələrinin sayı təxminən 27 mindir. Aİ-nin hava məkanını bağlamasına görə Rusiyanın anklavı olan Kalininqrada Moskvadan uçuş vaxtı da iki dəfə artıb.
Sanksiyalar fonunda dünyanın ən iri çip istehsalçısı “TSMC” Rusiyaya tədarükü dayandırdığını elan edib. Eyni zamanda şirkət Rusiyada hazırlanan “Elbrus” markalı çiplərin istehsalını dayandırıb. "TSMC"nin ardından analoji addımları ən iri istehsalçılardan biri “AMD” və “İntel”də atıb.
Nəzərə almaq lazımdır ki, "TSMC" Rusiya üçün elektron komponentlərin 80 %-ni istehsal edir. Bu ölkədə istifadə olunan bütün kompüterlərdəki prosessorlar, yaddaş kartları, mikrosxemlər "TSMC"nin fabriklərində istehsal edilir. Elektron komponentlər sektoruna yönəlik olan “russianelectronics.ru” resursunun hesablamarına görə 2020-ci ildə bu ölkədə 720 milyon rubl dəyərində çip istehsal olunub, 720 milyon ABŞ dolları dəyərində çiplər isə xaricdən tədarük edilib. Yəni ən azı 60 dəfə çox yarımkeçirici idxal edilib. Bir məqamı da nəzərə almaq lazımdır ki, müasir mikroprosessorların Rusiyada fiziki istehsalı mövcud deyil. Bu ölkədə mikroprosessorların hazırlanması və digər ölkələrdə onların istehsalı üçün texniki sənədləşmə yaradılır. Hesab edilir ki, Rusiyada alternativ istehsalın təşkili uzun zaman, külli miqdarda investisiya, bu ölkəyə artıq tədarük olunmayan avadanlıqların yaradılmasını tələb edir. Ən optimistik pronozlara əsasən buna 10-15 il lazım gələcək.
Bu gün ən real alternativ kimi Çin görünür. Lakin bu ölkənin ən iri çip istehsal edən müəssisəsi ABŞ-ın sanksiyaları altında olan “Huawei”ə məxsusdur. Qlobal çip bazarında cərəyan edən defisiti nəzərə alsaq Rusiyanın hətta cənub qonşusu hesabına tələbatını qismən belə ödəyə biləcəyi az inandırcı görünür. Ekspertlər hesab edir ki, qlobal şirkətlər bizneslərini risk altına almamaq üçün özləri Rusiyaya komponetlərin tədarükündən imtina edəcəklər. Rusiya bazarı qlobal bazarın çox cüzi bir hissəsini təşkil etdiyi üçün onların itkiləri elə də əhəmiyyətli olmayacaq. Sanksiyaların yoxluğu şəraitində elektron komponentlərin çatışmazlığına görə ötən il Rusiyanın ən iri avtomobil istehsalçısı “Avtovaz” istehsalı dəfələrlə dayandırmaq məcburiyyətində qalıb. İndiki halda bu cür dayanmaların daha uzunmüddətli və davamlı olacağı ehtimal edilir. İstehsalın dayanması təkcə avtomobil və elektronika sənayesində deyil həm də elektrotexnika, maşınqayırma sənayesində də mümkündür. ABŞ və Avropa İttifaqı deyəsən dayanmaq niyyətində deyillər və əlavə sanksiyalara hazırlaşırlar. Görünən odur ki, Rusiya iqtisadiyyatı ən azı yaxın perspektivdə bu günə kimi analoqu olmayan beynəlxalq təziqə məruz qalacaq. Yuxarıda sadaladıqlarımız fonunda şimal qonşumuzun bu “imtahandan” minimum itkilərlə çıxması demək olar ki, mümkün deyil.