Qırğız Respublikası ilə Tacikistan sərhədində yenə toqquşma baş verib. İki gün davam edən qarşıdurma nəticəsində hər iki tərəf ölənlərin və yaralananların olduğunu bildirib.
Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə Tacikistanın XİN-in başçısı Sirocaddin Muhriddin arasında telefon danışığı olub. Tərəflər sərhədyanı münaqişəni danışıqlar yolu ilə həll etməyin vacibliyini vurğulayıblar. Münaqişə ocağının söndüyü deyilir. Ancaq problem həll olunmadığından münaqişənin yenidən baş qaldıracağı ehtimalı qalır. “Tacikistan ona aid olan torpaqlardan heç vaxt geri çəkilməyəcək”, - bunu Sirocaddin Muhriddin qırğız həmkarı ilə telefon danışığından sonra bildirib. Tərəflər problemin həlli ilə bağlı işçi qrupun yaradılmasını razılaşdırıblar. Qeyd edək ki, aprelin 28-də axşam saatlarında Isfara çayının yuxarı axınında yerləşən “Qolovnoy” supaylayıcı məntəqəsindəki sahədə sərhəddə sakinlər arasında daşatma ilə müşayiət olunan münaqişə baş verib. Aprelin 29-da isə sərhədçilər bir-birinə atəş açıb. Qırğızıstan tərəfi 13 vətəndaşının öldüyünü, 100-dək sakinin yaralandığını qarşı tərəf isə 3 tacikistanlının öldüyünü, 31 sakinin yaralandığnı bildirib.
Yeri gəlmişkən, İsfara (tacikcə), yaxud Isfara (özbəkcə) Qırğzıstanın Batken, Tacikistanın Soğdi və Özbəkistanın Fərqanə vilayətləri arasında Sırdərya çayı hövzəsində yerləşir. Hazırda bu çay tamamilə əkinçilikdə istifadə edildiyindən onun suyu Sırdəryaya çatmır. İsfara hövzəsində 185 min nəfər yaşayır. Hazırda çayın səviyyəsi 50 sm azalıb. 1960-cı ildə əldə edilən razılığa görə, suyun 37 faizinin istifadəsinə dair limit qoyulub. Ancaq su çatışmazlığı səbəbindən tərəflər arasında münaqişə yaranır. 2015-ci ilin avqustunda Qığızıstanın Kuktaş kəndinin sakinləri su kanalının qarşısını kəsərək Tacikistanın Çorkuh camaatını əraziyə keçməsinin qarşını alıblar. Buna cavab olaraq Tacikistan qırğızların qəbiristanlığına keçən yolu bağlayıb. Onda baş vermiş münaqişə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilmişdi. Nəzərə almaq lazımdır ki, bu ərazidə Tacikistan adlı dövlət olmayıb. Bütün bu ərazilər Türküstan diyarına məxsus olub. 1924-cü ildə bolşeviklər bu bölgədə Tacikistan adlı respublika, Düşənbə adlı şəhər saldılar. Şəhərin əvvəlki adının Göytəpə olduğu bildirilir. 1929-cu ilin oktyabrında İsfara Xocacənd dairəsinin tərkibində Tacikistan SSR-in tərkibinə daxil edilib.
Deməli, Tacikistanla Qırğızıstan arasında münaqişə keçmiş SSRİ dövründən başlayıb. Yaxud onun əsası həmin dövrdə qoyulub. Bu şər imperiyası dağılandan sonra başqa bölgələrdə olduğu kimi, Türküstanda da taciklər ərazi iddiaları ilə çıxış etməyə başladı. Tacikistanla Qırğız Respublikası arasında sərhədin uzunluğu 970 km-dir. İndiyədək onun 507 km-i demarkasiya olunub. 70-dən artıq mübahisəli məntəqə var. Tacikistan iki dövlət arasında sərhədin 1924-1939-cu illərin, Qırğızıstan isə sərhədlərin 1958-1959-cu illərin xəritəsinə əsasən müəyyənləşməsini istəyir. Qeyd edək ki, İran da 2010-cu ildə Tacikistan Su Elektrik Stansiyası və su anbarı tikməyə başlamışdı. Onda Özbəkistan su çatışmazlığının yaranacağı ilə bağlı etirazını bildirmişdi.
Beləliklə, aprelin 28-29-da bu iki respublika arasında baş verən toqquşma ilə bağlı bir neçə məsələyə də diqqəti çəkmək istərdik. Mütəxəssislər 21-ci əsrdə dünyada su və mənbələri uğrunda müharibələrin baş verəcəyini proqnozlaşdırırlar. Bu baxımdan Özbəkistan, Tacikistan və Qırğızıstan arasında konflikt həmin qarşıdurmanın xəbərçisi də sayıla bilər. Nəzərə almaq lazımdır ki, Aral gölü də bölgədə su qıtlığı, yaxud israfı səbəbindən quruyub.
Bəs su problemi geosiyasi mahiyyət daşıyır? Orta Asiyadakı türk ölkələrinin perspektivdə inteqrasiyasının qarşısını almaq, yaxud ona mane olmaq üçün Tacikistanla münaqişədən istifadə oluna bilər. Məsələn, Cənubi Qafqaz, yaxud Qafqaz birliyinin alınmaması üçün Ermənistanın pozuculuq fəaliyyətini xatırlamaq yerinə düşər.
ABŞ başda NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayıb. Bu hadisə perspektivdə regionda münaqişə ocaqlarının yaranmasına şərait yarada bilər. Nəzərə almaq lazımdır ki, Tacikistanda 1992-1997-ci illərdə vətəndaş müharibəsi olub. Bundan başqa, Tacikistan həmin illərdə Əfqanıstandakı silahlılar üçün baza sayılıb. Odur ki, regionun yenidən qarışması üçün bu dəfə Qırğızıstan-Tacikistan və Özbəkistan-Tacikistan potensial münaqişəsi başlaya bilər.
Aprelin 29-da Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin toplantısı keçirilib. Qırğızıstan, Özbəkistan və Tacikistan bu hərbi blokun üzvləridirlər. Bu birliyin üzvləri arasında yeni münaqişə ocağının yaranması onun perspektivini şübhə altına alır. O halda üzvləri bir-biri ilə konfliktdə olan hərbi bloka yeni üzvlərin qəbulu, yaxud ona üzv olmağa cəhd də perspektivsiz sayıla bilər. KTMT-nin baş katibi Stanislav Zas bildirib ki, Qırğızıstanla Tacikistan sərhədindəki münaqişə qısa müddətə dinc yolla həll edilməlidir. Bu çıxış deməyə əsas verir ki, hərbi blokun belə vəziyyətlərdən çıxmaq üçün planı yoxdur. Yaxud tərəfləri barışdırmaq üçün atılacaq addımlarla bağlı planı yoxdur. Bu da təşkilatın belə münaqişələri həll etmək gücündə olmadığını söyləməyə əsas verir.
Beləliklə, imperiyalar qocalır, sonra çökür, ölürlər. Ancaq onların qoyduğu izlər qalır. Türkiyənin mərhum baş naziri Bülent Ecevit Fələstin-İsrail arasındakı ərazi məsələsi ilə bağlı demişdi: “O torpaqlar Osmanlı dövlətinin olub. Bizdə kimin hansı torpağa sahib olduğunun xəritəsi var. Əgər istərlərsə, biz həmin xəritəni tərəflərə təqdim edə bilərik”.
Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli də etibarlı xəritədən keçir. Həmin xəritənin ortaya qoyulması, ona əsasən danışıqların aparılması və münaqişənin həlli gələcəkdə mümkün insan itkilərindən, qaçqınlardan yayınmağa imkan verər. Ancaq bu addım çətin atıla. Görünür, Orta Asiyanı bu kimi münaqişələrlə silkələmək nəzərdə tutulur.