İrəvanın London görüşü spekulyasiyası – Ermənistanın növbəti uydurması - ANALİZ

İrəvanın London görüşü spekulyasiyası – Ermənistanın növbəti uydurması - ANALİZ Ermənistan hakimiyyəti spekulyativ mahiyyətini gizlədə bilmir. Sülhdən, əməkdaşlıqdan danışan, birbaşa, ikitərəfli dialoq tərəfdarı olduğunu bəyan edən rəsmi İrəvan bir sıra hallarda boşboğaz rolunda olur.
Analitika
18 İyul , 2024 16:54
İrəvanın London görüşü spekulyasiyası – Ermənistanın növbəti uydurması - ANALİZ

Ermənistan hakimiyyəti spekulyativ mahiyyətini gizlədə bilmir. Sülhdən, əməkdaşlıqdan danışan, birbaşa, ikitərəfli dialoq tərəfdarı olduğunu bəyan edən rəsmi İrəvan bir sıra hallarda boşboğaz rolunda olur.

Ermənistan və erməni ictimaiyyəti həmişə özlərinin “hüquqları tapdanan”, “məzlum”, “yazıq” etnos kimi təqdim etməyə, buna görə onlara ianələrin verilməsinə nail olublar. Ələbaxan kimi formalaşan Ermənistan etibarsız tərəfdaş olduğunu da isbatlayır. Yalan danışmaq, həqiqəti gizlətmək, öhdəliklərə əməl etməmək onun səciyyəvi xüsusiyyətidir.

Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə keçirdiyi birgə brifinqdə Azərbaycanı ittiham edib. Bildirib ki, guya rəsmi Bakı sülh sazişinin imzalanması prosesini uzatmaq üçün süni maneələr yaradır. Bu azmış kimi rəsmi İrəvanın baş diplomatı yenə yalan açıqlama verərək, ölkəsinin Azərbaycana verdiyi təkliflərin “konstruktiv və şəffaf” olduğunu iddia edib. Mirzoyan sülh sazişinin bir ay ərzində imzalana biləcəyini də proqnozlaşdırıb.

Məlumdur ki, əməkdaşlıq və sülhlə bağlı ilk təklifləri rəsmi Bakı irəli sürüb. Ermənistan isə bu təkliflərə cavabları gecikdirmək, yaxud reallaşması mümkün olmayan iddialarla çıxış edib.

Sülhdən avantüristcəsinə danışan Ermənistan hakimiyyəti normallaşma və barış üçün başlıca şərtlərdən olan konstitusiya ilə bağlı problemi həll etməkdə acizlik göstərir.

Bu ayın əvvəlində Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq olar. O əlavə edib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Bu, rəsmi Bakının qəti şərtidir. Çünki əsas qanun dövlətin mahiyyətinin, keyfiyyətinin, beynəlxalq normalara əməl etməsinin göstəricisidir.

“Konstruktivlik”, “şəffaflıq”lə bağlı yalan və qaranlıq açıqlama verən İrəvan rəsmiləri beynəlxalq səviyyəli görüşlərdə konstitusiyanın dəyişdirilməsi məsələsindən heç vaxt bəhs etmir, onun üstündən keçirlər. Onlar bu davranışı ilə özlərinin belə bir təklifi və şərtin olduğunu ört-basdır etməyə səy göstərirlər.

Ermənistanla birbaşa və ikitərəfli görüşlərlə bağlı təkliflərin müəllifi də rəsmi Bakıdır. Bunu rəsmi İrəvan da dəstəkləyib. Müxtəlif səviyyələrdə, vasitəçilərsiz belə görüşlər keçirilib. Bunların real nəticəsi olaraq iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində real addım da atılıb. Yəni bunlar Azərbaycanın ikitərəfli görüşlər təklifinin nəticəsidir.

Ona görə də demək olar ki, Ermənistan bu istiqamətdə ənənəvi cığallığını bir yana qoyarsa, iki tərəf arasında münasibətlərin normallaşması ilə bağlı yeni uğurlar əldə etmək mümkündür.

Ancaq rəsmi İrəvan yenə prosesi tormozlayır.

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Həmin tədbirə Ermənistanın baş naziri Nikol Paşinyan da qatılıb.

Ona səfər çərçivəsində təkbətək görüş təklif olunub. Ancaq Nikol Paşinyan bu görüşdən imtina edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələni "Report"a şərh edərkən bildirib ki, Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edib. O, bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunduğunu bildirib. Həmin görüşdə Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi: “Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu”.

Onun sözlərinə görə, Ermənistan tərəfi bundan imtina edib.

Hikmət Hacıyev bunu Ermənistanın dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndirib: “Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüsünü öz tərəfimizdən yüksək qiymətləndiririk”.

Prezidentin köməkçisinin şərhindən göründüyü kimi rəsmi İrəvan sülhlə bağlı sazişin imzalanmasını da gecikdirir. Paşinyan görüşdən imtina etməklə Azərbaycanın təkliflərinə cavablarının hazır olmadığını da isbatlayır.

Ermənistan sülh sazişinin imzalanmasını gecikdirməklə sürətlə silahlanmaq üçün vaxt udur. Bu isə regionun təhlükəsizliyinin təhdid edilməsi üçün yeni hadisələrə yol aça bilər.

Ermənistan ənənəvi olaraq “öz gözündə tiri görmür”. Azərbaycan torpaqları işğal altında olanda ermənilər bütün dünyaya guya ərazilərinə təcavüz edildiyini car çəkirdilər. Həmin ərazilərdə daş-daş üstə qoymayıb, bütün tikililəri dağıdan işğalçı Ermənistan 44 günlük müharibədən sonra həmin bölgədə “erməni mədəni abidələrinin” dağıdıldığına dair hay-həşir salır. Təəssüf ki, Fransa kimi havadarları da onlara bu məsələdə züy tutur. London görüşündən imtina etməsinə baxmayaraq, rəsmi İrəvan guya Azərbaycanın bu tədbirin keçirilməsindən imtina etdiyini iddia edir.

Beləliklə, Ermənistan belə tədbirlərdə ikitərəfli görüşlərin keçirilməsini fürsət kimi dəyərləndirib rəsmi Bakı qarşısında etibarını artırmaq, yaxud etimad qazanmaqdansa, imtina ilə ona olan inamsızlığın artmasına təkan verir. Bu həm də Ermənistanın beynəlxalq səviyyədə nüfuzunu alt-üst edir.

Son xəbərlər

Orphus sistemi