Azərbaycanda da “yaşıl” texnologiyaların tətbiqini genişləndirməyin vaxtı gəlib. Bu məsələyə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də də geniş yer ayrılır.
“Yaşıl” texnologiyaların səmərəli tətbiqi üçün həm uzun illərdir yığılıb qalmış ekoloji problemlərin həlli yolu, həm də iqtisadi təşviq vasitələri ortaya çıxarlılmalıdır.
“Yaşıl” texnologiyaları nədir?
Vahid tərifi olmayan “yaşıl” texnologiyaların əsas xüsusiyyəti zərərli tullantılarının ixtisarı və ya ortadan qaldırılması, alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadə yolu ilə ətraf mühitin çirklənməsini kəskin azaltmaqdır.
Bu vəzifələri həyata keçirmək üçün dünya boyu meylləri və risqləri nəzərə alaraq mümkün üsul və mexanizmlər təhlil edilməlidir. Sözsüz ki, özəl sektorun qabaqcıl texnologiyalara sərmayə yatırmağa təşviq etmək, habelə yeniliklərə açıq, yaradıcı təfəkkürə malik müasir gəncləri cəlb etmək də zəruridir.
“Yaşıl” texnologiyalar və bioiqtisadiyyat üzrə ekspert Asəf Əsədovun qənaətincə, sözügedən məsələlərin həlli üçün əvvəla, kənd təsərrüfatında böyük itkilərə gətirib çıxaran problemlər, o cümlədən qida tullantıları kimi irimiqyaslı problem aradan qaldırılmalıdır. Belə ki, ərzaq itkilərini minimuma endirmək və məhsuldarlığı artırmaq məqsədilə müvafiq sərmayə yatırımları artırılmalıdır: “Sağlam qidalanma baxımdan meyvə-tərəvəzin əhəmiyyəti, habelə sağlam qidalanmaya dünya boyu meyllərin artması nəzərə alınmaqla kənd bitkilərinin becərilməsində həm məhsuldarlığı xeyli artıran, həm də insan və su ehtiyatlarına böyük qənaət etməyə şərait yaradan orqanik gübrələr, damcılı suvarma, məsafəli idarə olunan aeroponik kimi üsullar önə çəkilməli, əsas enerji mənbələri kimi də günəş panelləri istifadə olunmalıdır”.
“Yaşıl” kənd təsərrüfatı
Ekspertin fikrincə, meyvə-tərəvəzin qurudulması üçün fermerlər, kiçik və orta sahibkarlar üçün sərfəli olan günəş texnologiyasının tətbiqilə həmin məhsulların mövsümi itkilərini minimuma endirmək, habelə müalicəvi qida əlavələri istehsalını yoluna qoymaq mümkün olardı. Bunun üçün ən əlverişli vasitə günəş vasitəsilə elektrik və istilik enerjisi əldə etməkdir.
“Bu təkliflər daha çox “ağıllı kənd” konsepsiyası çərçivəsində “yaşıl” istehsalatı daha səmərəli hala gətirməyə yönəlib. Böyük ekoloji və sosial məziyyətlərə malik bu texnologiyalar kiçik sərmayə yatırmaqla yüksək məhsuldarlıq təmin edir. Bu texnologiyaların kütləvi istehsalına və satışına yatırılacaq sərmayələr sayəsində ölkəmiz “yaşıl” iqtisadiyyatın bu perspektivli sahəsində lider mövqeyinə yiyələnə bilər”, - ekspert qeyd edib.
Qarabağda “ağıllı” şəhər və kəndlər
Məlum olduğu kimi, Prezident İlham Əliyev Qarabağın işğaldan azad edilmiş ərazilərindəki yaşayış məntəqələrini “smart city”, “smart village” (yəni “ağıllı şəhər”, “ağıllı kənd”) konsepsiyasına əsasən bərpasını vacib hesab edərək qarşıya bu vəzifəni qoyub.
A.Əsədovun rəyincə, Qarabağ bölgəsi yaxın gələcəkdə “yaşıl” texnologiyaların geniş tətbiqi və inkişaf etdirilməsi, habelə “ağıllı şəhər” konsepsiyası çərçivəsində yeni işgüzar modellərin tətbiqi sahəsində geniş beynəlxalq əməkdaşlıq meydanına çevrilməklə başqa bölgələrdə də “ağıllı şəhər”lərin tətbiqi üçün bünövrə ola bilər. Belə ki, “yaşıl” enerji mənbələrinin tətbiqi əsasında fermer təsərrüfatları ilə kiçik emal müəssisələrinin birləşərək kiçik aqro bio klaster yaratması təklif olunur: “Yenilikçi inkişaf yolunu seçərək kənd təsərrüfatında məhsuldarlığı daha sürətlə artırmaq, iqtisadi səmərəni və rəqabətliliyi artırmaq hədəfləri çərçivəsində həmin aqro bio klasterlər lazımi xammalı istehsal edən, onu emal edən, yekun məhsulları da satış nöqtələrinə çatdıran çoxşaxəli biznes vahidlərinə çevriləcək”.
Ekspertin fikrincə, aqro bio klaster modelinin tətbiqi və sərmayələrin yatırılması kənd əhalisinin məşqulluğunu və gəlirlərini artırmaqla gənclərin texnoloji sahibkarlıq sahəsinə daha geniş cəlb olunmasına rəvac verəcək, habelə daxili bazardakı tələbatın qarşılanması və ixracat potensialının artmasına da mühüm töhfələr verəcək. Həmçinin kənd təsərrüfatının hazırda işlədilən və risq daşıyan zəmanətsiz modelindən (non-secured model) zəmanətli modelə (secured model) keçmək mümkün olar.
“Yaşıl” texnologiyaların tətbiqi və inkişaf etdirilməsi üçün əlavə maliyyə mənbəyi kimi dünyada sayı sürətlə artan “yaşıl fond”lar (green funds) böyük rol oynaya bilər. Belə ki, “yaşıl” maliyyə fondlarının dünyadakı məcmu həcmi 1 trilyon dollara çatıb.
Beləliklə, ekspertin qəti fikrincə, sadalananların həyata keçirilməsi həm Qarabağ, həm də bütövlükdə ölkə iqtisadiyyatına texnoloji sərmayələr axınının artırılmasına mühüm təkan verəcək.
Nailə Abbasova