Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri Nikol Paşinyan üçün sözün əsl mənasında fiasko ilə nəticələnib. Bu iddia və fikir Rusiya, yaxud Qərb deyil, Ermənistan mediasında səslənib. Xəbərlər və şərhlərdə bildirilir ki, Paşinyanın xarici siyasətdəki uğursuzluqlar seriyası davam edir. Söhbət hakim komandanın birtərəfli qaydada Birləşmiş Ştatlara “stavka” etməsindən gedir. Frankofoniya sammitində baş nazir soyuq qarşılanıb. Düzdür, onun Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo ilə görüşü baş tutub. Lakin prezidentlə görüş xüsusi seçilməyib, daha çox protokol xarakteri daşıyıb. Erməni mediası xüsusi qeyd edir ki, sammitdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yekun bəyanat da daha çox neytral xarakter daşıyıb.
Səbəblər də maraqlıdır. Qeyd olunur ki, baş nazirin Vaşinqtonla yaxınlığı Rusiya, İran və Azərbaycanla yanaşı, Fransanın da narazılığına səbəb olub. İranın narazılığına gəldikdə, bu ölkənin mediasından sitatlar gətirilib. Məsələn, İran İslam İnqilabı Keşikçilərinə məxsus teleqram kanalı maraqlı bir mesaj paylaşıb: "İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi ilə görüşüb. Daha əvvəl İranın atdığı raketləri izləmək və hədəfləri müşahidə etmək məqsədilə Ermənistanın İranla sərhədində Amerikanın uzaqmənzilli radarlarının yerləşdirilməsini göstərən sənədlər və videolar da dərc edilmişdi". Erməni mediası yazır ki, “bu, nə Moskva, nə Paris, nə Tehran, nə də Bakı tərəfindən rəğbətlə qarşılanmayacaq. İran narazılığını bu formada çatdırıb”.
Burada əsas diqqət Fransayadır. Makron hakimiyyəti, sadəcə, hər vəchlə Ermənistanı özünün növbəti koloniyasına çevirmək niyyətindədir. Bu istiqamətdə isə Birləşmiş Ştatlar ona əsas maneədir. E.Makron burada bir həqiqəti yaddan çıxarır. Ermənistan üçün müttəfiq, dost anlayışı yoxdur. Rusiya ilə münasibətlərdə yaşananlar bunun əyani sübutudur.
Fransa, daha doğrusu, Makron hökuməti isə hələ də ümid edir ki, Ermənistana hərtərəfli maddi, mənəvi dəstək verməklə, nəyəsə nail ola biləcək. Bu şəxs rasionallıq hissini o qədər itirib ki, Beynəlxalq Frankofon Təşkilatının nüfuzuna xələl gətirir. Təşkilatı daha qlobal məsələlərin müzakirəsi meydanına çevirməkdənsə, ölkələrin daxili işlərinə burun soxmaqla məşğuldur. Bundan əlavə, Bakıda gələn ay keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qarşı çirkin iftira kampaniyasına start verib. COP29 başlamazdan əvvəl Azərbaycanın imicini ləkələmək cəhdlərini xeyli artırıb.
Uğursuzluqlarından getdikcə daha çox ümidsizləşən Fransa ucuz təxribatlara əl atır. Məsələn, erməni lobbisindən yemlənən Bordo şəhərinin mer müavini Loran Giyomun COP29-da iştirak bəhanəsi ilə elektrikli velosipedlə Avropaya səyahət şousu təşkil edib. Bunu keçən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamı kimi də qeyd etmək olar. Şübhəsiz ki, Fransanın belə səthi və primitiv variantlara əl atması onun mövqeyinin nə qədər zəif və yanlış olduğunu göstərir. Makron rejimi əxlaq və nəzakət normalarına zidd olan bu kimi addımlarla vəziyyəti gərginləşdirmək, həmçinin Azərbaycanın COP29-u layiqincə keçirməsinə imkan verməmək üçün əks istiqamətdə hərəkət edir.
Bundan əvvəl isə fransız liderin riyakarlığı pik həddə çatıb və o, suveren dövlətlərin liderlərini iqlim sammitində iştirak məqsədilə noyabrda Bakıya nəzərdə tutduqları səfərdən imtinaya məcbur etmək üçün açıq şəkildə onlara təzyiq göstərir. Xüsusilə, prezident Makron Nigeriya rəhbərinə sammiti boykot etmək tələbini göndərib. Lakin Prezident Bola Tinubu Makronun hədələrinə məhəl qoymayaraq tədbirdə iştirak edəcəyini bildirib. Deməli, bu cür müraciət və tələblər digər ölkələrin liderlərinə də göndərilib. Ermənistanın iştirakına gəlincə, onun rəhbərliyi əvvəldən COP29-da iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin Paşinyanın Parisə səfərindən sonra İrəvanın mövqeyi dəyişdi. Bu, Azərbaycan XİN-in bəyanatında təsdiqlənir. Bəyanatda vurğulanır ki, Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.
“Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir ”, - Azərbaycan XİN-in bəyanatında vurğulanıb.
Göründüyü kimi, Fransa Ermənistanı sözün əsl mənasında öz istəklərinə boyun əyməyə məcbur edir. Lakin nəticə baxımından rəzil duruma düşən Ermənistan və şəxsən Paşinyan olur. İrəvan özü də yaxşı başa düşür ki, orada yad cisimdir, adıçəkilən təşkilata aidiyyəti yoxdur. Ermənistan xalqı da nəhayət anlamalıdır ki, Fransa ondan yeni müstəmləkə düzəldir.