Azərbaycanda ticarət və xidmət sahələri borclanır

Azərbaycanda ticarət və xidmət sahələri borclanır Azərbaycanda ticarət, xidmət, sənaye sektorlarına ayrılan kreditlərin həcmi son 5 ilin ən yüksək həddinə çatıb.
Analitika
26 Dekabr , 2020 13:15
Azərbaycanda ticarət və xidmət sahələri borclanır

Azərbaycanda ticarət, xidmət, sənaye sektorlarına ayrılan kreditlərin həcmi son 5 ilin ən yüksək həddinə çatıb.

“Report” xəbər verir ki, AMB-nin hesabatına görə, 2020-ci ilin yanvar – noyabr ayları ərzində ticarət və xidmət sahələri üçün banklar və qeyri-bank kredit təşkilatları tərəfindən ayrılan kreditlərin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 2,59 milyard manat, sənaye sektoru üçün isə 48,5 faiz artaraq 1,38 milyard manat təşkil edib. Hər iki sektorda həm manatla qısamüddətli, həm də xarici valyuta ilə uzunmüddətli kreditlər artıb. Son dəfə bu həddə rəqəmlər 2015-ci ildə qeydə alınmışdı.

Qeyd edək ki, yalnız xarici valyutada gəlir mənbəyi olanlar, yəni əslində ixracatla məşğul olanlar xarici valyutada kredit götürmək hüququna malikdir. İşgüzar kredit götürməyin səbəbi ya işi genişləndirmək, ya da işi davam etməklə bağlıdır. Aydındır ki, ikinci halda gəlir ya cüzi, ya da heç olmayanda sahibkar işi dayandırmamaq üçün kredit götürməli olur.

Bir tərəfdən MDB və bəzi Avropa ölkələrində olduğu kimi, orta və kiçik sahibkarlar koronavirusun növbəti dalğasından sığortalanmaq üçün maliyyə cəlb etməyə çalışır. Həmin vəsaitlər məvacib, icarə haqqı və digər cari məsrəflər üçün xərclənir. Yəni məhz orta və kiçik sahibkarlar olduğu statistik hesabatlarında qeyd olunmasa da, iri sahibkarların adətən lazımi ehtiyatlara malik olduğu üçün bunu məntiqlə bilmək olur.

Digər tərəfdən, sənaye sektoruna dair bəzi müsbət meyllər də üzə çıxdığına görə vəziyyəti büsbütün bədbin dəyərləndirmək olmaz.

AMB və Dövlət Statistika Komitəsinin məlumatları müqayisə edərkən vəziyyət daha da aydınlaşır. Belə ki, 2020-ci ilin yanvar – noyabr ayları ərzində sənaye istehsalının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz azalaraq 33,7 milyard manat, o cümlədən qeyri-neft sektorunda istehsalat 11,4 faiz artaraq 10,85 milyard manat təşkil edib.

Qeyri-neft sektorundakı bu artım əsasən hasilat sənayesi, habelə emal sənayesi, yəni geyim və ayaqqabı, mebel, tütün məlumatları kimi istehsalat sahələri hesabına əldə edilib. Bununla yanaşı illik 940 faizlik artıma nail olan əczaçılıq sənayesinin də payı nəzərə alınmalıdır.

Beləliklə, sənaye istehsalındakı artım göz qabağındadır. Bunun üçün də müvafiq tələbat olmalıdır. Dekabr ayının 1-nə olan vəziyyətə görə sənaye müəssisələrinin anbarlarında 566,6 milyon manat dəyərində hazır məhsul yığılıb qalıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 18 faiz çoxdur. Yəni tələbat var, amma əvvəlki kimi deyil. Bunu pərakəndə ticarətlə bağlı rəqəmlərdən də görmək mümkündür. Belə ki, cari ilin 11 ayı ərzində ölkədə pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz azalaraq 35 milyard manat təşkil edib.

Ödənişli xidmətlərə gəlincə, bunun həcmi 25,8 faiz azalaraq 6,2 milyard manatadək geriləyib. O cümlədən turizm və iaşə xidmətlərinin həcmi 56,1 faiz azalaraq 789 milyon manat ayrıca iaşə xidmətləri isə 52,1 faiz azalaraq 682,8 milyon manat təşkil edib.

Beləliklə, ticarət və xidmət sektorunda yüksək borclanma məhz ehtiyat tədbirlərini əks etdirir. Yəni bu vəsaitlər işi inkişaf etdirərək gələcəkdə daha böyük mənfəət əldə etmək üçün yox, cari işləri davam etdirmək üçün cəlb edilir. Bu meyl həm sahibkarlar üçün, həm də bank sektorunda böyük fəsadlar yarada bilər.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi