Dünyanın diqqəti ABŞ-a yönəlib. Noyabrın 5-də bu ölkədə kritik əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək. Seçkilərin nəticələri dünyada baş verən müxtəlif siyasi proseslərə, həmçinin hərbi gərginliklərə bu və ya digər formada təsirsiz ötüşməyəcək.
Təsadüfi deyil ki, dünya liderləri ABŞ-da baş tutacaq seçkiləri diqqətlə izləyir və bu hadisəyə öz münasibətlərini bildirirlər. Bu baxımdan Macarıstanın Baş naziri Viktor Orbanın “Radio Kossuth”un efirində səsləndirdiyi fikirlər maraq doğurur. Belə ki, o, deyib ki, əgər respublikaçı Donald Tramp ABŞ prezidenti olsa və sülh danışıqları naminə Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü tək daşıya bilməyəcək və o, sülh yolu tutmalı olacaq.
O xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq:
“Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. Çünki indi onun yeri küncdədir, taburetdə oturur, amerikalılar və ruslar isə taxtlarda oturub söhbət edirlər. Əgər ABŞ-da hakimiyyətə sülh tərəfdarı gəlsə, o zaman Avropa müharibə siyasətini davam etdirə bilməyəcək.
Məncə, Avropa məsuliyyətsizcəsinə girdiyi, daha doğrusu, təşkilatın qurumlarının rəhbərlərinin sürüklədiyi bu müharibənin yükünü tək çəkə bilməyəcək. Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli üçün dinc yolla getsə, o zaman Avropa buna uyğunlaşmalı olacaq”.
Öncə onu deyək ki, seçkilərdə Donald Trampın qalib gəlmə ehtimalı kifayət qədərdir. Sorğuların nəticələrinə görə o, bəzi "mübahisəli ərazilərdə" rəqibi demokrat Kamala Harrisi qabaqlayıb. Hərçənd, K.Harrisin şanslarının daha çox olduğu bildirilir. Qadın və qara dərili olması onun şanslarını artırır. Üstəgəl, K.Harris hazırda iqtidarda olan partiyada təmsil olunur.
Aydın məsələdir ki, Tramp hakimiyyətə gəlsə ölkəsinin Şərqi Avropadakı müharibəyə münasibəti dəyişəcək. Belə ki, respublikaçıların lideri biznesmen təfəkkürlü siyasətçidir. O, hazırkı dövlət başçısı Cozef Bayden kimi radikal deyil. Yada salmaq yerinə düşər ki, vaxtı ilə Trampın hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətləri indikinə nisbətən yaxşı idi. Söz yox ki, Tramp hakimiyyətə gəlsə, yenə gərginliyi azaltmağa çalışacaq.
Trampın özü də bu barədə dəfələrlə açıqlama verib. Ümumiyyətlə, onun seçki kampaniyasında Ukraynadakı müharibə xüsusi önəm kəsb edir. Tramp hakimiyyətə gələcəyi təqdirdə müharibəni bir sutkaya bitirəcəyini iddia edir. Onun yenidən prezident seçiləcəyi təqdirdə, Ukraynadakı müharibənin bir günə bitəcəyi ağlabatan deyil. Bu, ictimai rəyə hesablanmış çıxışdır. Amma böyük ehtimalla respublikaçılar Rusiya ilə münasibətlər naminə ya Ukraynaya dəstəyi tamamilə azaldacaq, ya da tamamilə dayandıracaq. Bu isə perspektivdə müharibənin dayanması, rəsmi Moskvanın qalib gəlməsinə səbəb ola bilər.
Orbanın nəzərdə tutduğu da əslində budur. Çünki Tramp hakimiyyətə gəlsə, ABŞ geri çəkiləcək. Beləliklə, Avropa və Rusiya üz-üzə qalacaq. Nəzərə almaq lazımdır ki, indi ABŞ da daxil olmaqla əksər Qərb ölkələri Rusiyaya qarşıdır. Amma rəsmi Moskva hələ də müqavimət göstərə bilir. Bu isə o deməkdir ki, Vaşinqton “yaxasını geri çəksə”, Qərbin işi daha da çətinləşəcək.
Bu baxımdan Orbanın fikirlərində kifayət qədər həqiqət var. ABŞ-da Tramp hakimiyyətə gəlsə, Avropa ölkələri arasında onsuz da tədricən yaranan gərginlik daha da güclənəcək. Rusiya ilə təkbaşına mübarizə aparmalı olacaq Avropa ölkələri bir-birilərini ittiham etməyə başlayacaqlar.
Əslində məsələnin bu yerə çatmasının və Avropa ölkələrinin təhlükəsizliyinin təhdid altında qalmasının əsas günahkarı elə bəzi Avropa liderləri özləridir. Belə ki, Fransa, Niderland kimi dövlətlər məhz özlərinin imperialist maraqları naminə müxtəlif regionlarda çaxnaşma yaratmaqdan, fərqli dövlətlərdən poliqon kimi istifadə etməkdən və onları qurbana çevirməkdən çəkinmir. Adıçəkilən dövlətlər indiyə kimi ABŞ-a, daha doğrusu, demokratlara arxalanırdılar. Bundan sonra isə vəziyyət tamamilə dəyişə, yeni reallıqlar yarana bilər. Məhz haqqında danışdığımız ssenarinin reallaşması Avropa ölkələrinin bir çoxu ilə Rusiya arasında münasibətlərdə yeni tendensiyalara səbəb ola bilər. Mümkündür ki, bəzi dövlətlər rəsmi Moskva ilə münasibətləri normallaşdırmaq barədə düşünsün. Bu isə Avropada vəziyyəti gərginləşdirəcək və müxtəlif təşkilatlar daxilində, o cümlədən Avropa İttifaqında (Aİ) ziddiyyətli durum yaradacaq.
Beləliklə, Avropanın ehtimal olunan sınaqdan nə qədər uğurla çıxa biləcəyi sual altındadır.