USAID, Soros Fondu - ABŞ Ermənistan daxilində "yeni dövlət" formalaşdırıb - ŞƏRH

USAID, Soros Fondu - ABŞ Ermənistan daxilində "yeni dövlət" formalaşdırıb - ŞƏRH Birləşmiş Ştatlar Ermənistanda ciddi şəkildə möhkəmlənməkdədir. Regionda birtərəfli qaydada, qərəzli şəkildə Ermənistanı silahdırır, onu silahlandırır. Beynəlxalq İnkişaf Agentliyi – USAİD, Soros Fondu və s. bu kimi qurumları vasitəsilə bu ölkədə aktiv fə
Analitika
21 Avqust , 2024 17:27
USAID, Soros Fondu - ABŞ Ermənistan daxilində yeni dövlət formalaşdırıb - ŞƏRH

Amerika Birləşmiş Ştatları (ABŞ) Ermənistanda ciddi şəkildə möhkəmlənməkdədir. Regionda birtərəfli qaydada, qərəzli şəkildə Ermənistanı silahlandırır. Beynəlxalq İnkişaf Agentliyi – USAİD, Soros Fondu və s. qurumları vasitəsilə bu ölkədə aktiv fəaliyyətə keçib. Təsis olunduğu vaxtdan etibarən təmsil etdiyi ölkənin, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran USAİD üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu sirr deyil. Yada salaq ki, baş nazir Nikol Paşinyan Qərb dövlətlərinə səfər edən zaman ölkəsinin Belçikadakı səfirliyində USAİD rəhbəri Samanta Pauerlə görüş keçirmişdi. Təşkilatın sədri də bildirmişdi ki, təmsil etdiyi qurum İrəvanla sıx əməkdaşlıq çərçivəsində islahatlara dəstəyini davam etdirəcək. Artıq bunun ilkin əlamətləri də var. İş o yerə çatıb ki, erməni mediası da artan təhlükədən bəhs edib.

Yayılan məlumatlara görə, USAİD ABŞ-nin Ermənistanda aktivləşməsi, bu ölkəyə hərbi yardımları artırması fonunda oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslara başlayıb. Bu günlərdə İrəvanda Ermənistan hökumətinin nümayəndələri ilə bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri arasında “Qarabağdan məcburi köçkün düşmüş qadınların psixoloji və hüquqi ehtiyacları” adlı görüş keçirilib. USAİD ilə yanaşı, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən ABŞ-nin digər bir təşkilatı - “Freedom House” tədbirin keçirilməsinin təşəbbüskarı olub. Tədbir Ermənistanın “Dəyişiklik” QHT-sinin vasitəçiliyi ilə keçirilib.

Erməni mediası bu görüşə maraqlı ad axtarıb tapıb - “USAİD - Ermənistanın boz kardinalı”. Bildirilir ki, ABŞ “soft pover” köməyi ilə (bu da özündə onlarla QHT-ni birləşdirir) bu ölkədə aktivləşib. Səbəb də hər vəchlə Rusiyanın mövqelərini zəiflətməkdir. Qarabağdan könüllü çıxan ermənilərin hüquqlarını qorumaq isə sadəcə, mövzudur. Əslində, hədəf Rusiyanı ölkədən sıxışdırıb çıxarmaq, bu istiqamətdə hədəflər müəyyən etməkdir. Erməni mediası xüsusi vurğulayır ki, qeyd olunan QHT-lər USAİD, Soros Fondu tərəfindən idarə olunur, maliyyələşirlər. Hər birinin Ermənistanın daxili siyasi vəziyyətinə təsir etmək imkanı var. Daha irəli gedərək ABŞ-nin təsiri altında olan QHT-lərin cəmiyyətin milli, ənənəvi dəyərlərini dəyişmək iqtidarında olduqları xüsusi qeyd edilib. Onların əsasən, gənclərə təsir etməkləri də qabardılıb.

Media tədbirdə iştirak edən QHT-lərin siyahısını da dərc edib. Bu sırada "Qadın Hüquqları Evi", “Bərabər hüquqlar naminə”, "Bu gün demokratiya", “İnklüziv Hüquq İslahatları Koalisiyası”, "Qadınların Resurs Mərkəzi" WRC Ermənistan - tərəfdaşlar arasında Açıq Cəmiyyət Fondları, eləcə də İsveç Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi var. "Sərhədsiz Hüquqların Müdafiəsi" adlı QHT isə Soros Fondu ilə sıx əməkdaşlıq edir.

Yerli media qeyd edir ki, Qərbin müxtəlif adlar altında Ermənistanda yaratdığı QHT-lər milli dəyərlərin tamamilə məhvinə yönəlib. Müxtəlif QHT-lər isə Qərbin (xüsusilə ABŞ və Avropa İttifaqı ölkələri) casusları funksiyası rolunu oynayır. Onlar Erməni Apostol Kilsəsini tənqid edir, sektaların maraqlarını ifadə edir, kilsənin rolunu azaltmağa çalışır. Qeyd olunan tədbiri erməni cəmiyyəti Ermənistan ərazisində Qərb liberal-demokratik gündəmi ilə işləyən qüvvələrin koordinasiya toplantısı, USAID-i “Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” adlandırıb. Eləcə də, Soros Fondu ilə Ermənistanda daxili siyasi hadisələrə təsir etmək üçün kifayət qədər tərəfdarı birləşdirə biləcəyini vurğulayıblar.

Maraqlıdır ki, Ermənistanda Qərb təşkilatlarına qarşı çıxanlar da var. Məsələn, “VETO” hərəkatı Soros Fondunun əleyhinə çıxıb, təşkilatın İrəvan ofisi yaxınlığında etiraz aksiyaları keçirib. Hərəkat bəyan edib ki, fond praktiki olaraq dövlət tərkibində dövlətə çevrilib, bu illər ərzində antimilli və dövlət əleyhinə düşüncəli insanları toplayıb maliyyələşdirib, xarici agent şəbəkəsi yaradıb. Daha sonra Açıq Cəmiyyət Ermənistan Fonduna dəstək olaraq 66 təşkilat “VETO” təşəbbüsünün hərəkətlərini pisləyən birgə bəyanat yayıb. Onların arasında görüşdə iştirak edənlər də olub: “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT, “Asparez Jurnalistlər Klubu” QHT, “Yerevan Mətbuat Klubu” QHT, “Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisi” QHT, QHT “Qadın Resurs Mərkəzi”, “Ermənistanın Helsinki Komitəsi” QHT və bir çox başqa təşkilatlar.

Beləliklə, ABŞ Ermənistandakı QHT şəbəkəsi vasitəsilə ölkədəki vəziyyətə təsir göstərməyə, liberal gündəm üçün lobbiçilik etməyə, o cümlədən, erməni təfəkkürünü yenidən formatlaşdırmağa və yeni qərbyönlü siyasət yaratmağa çalışır. Bildirilib ki, hədəf erməni cəmiyyətini kosmopolit, millilikdən uzaq, vətəninin milli maraqlardan uzaqlaşmağa çağırır.

Qeyd edək ki, USAİD bu yaxınlarda Ermənistanda dəyəri 23,1 milyon dollar olan yeni proqramların icrasına başlayıb. Eləcə də, erməni mediasında yer alan son xəbərlərə görə, USAID Qarabağdan könüllü çıxan erməniəsilli şəxslərə əlavə olaraq 1 milyon dollar yardım göstərəcək. Bundan əvvəl də belə yardımlar olub. 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar dəyərində humanitar yardım ayırıb. USAİD-in Ermənistan üzrə missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird vurğulayıb ki, ABŞ hökuməti yaranmış çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistana kömək etmək öhdəliyinə malikdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayından USAID və ABŞ hökuməti müxtəlif yardımlar - qida, psixososial dəstək verib.

Yenə də ikili mövqe və qərəzli münasibət. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında olanda, yüz minlərlə insan öz doğma torpaqlarından qovulanda təşkilat susmağa üstünlük verdi. Onun mövqeyi ABŞ hökumətinin mövqeyindən fərqlənmədi. Bir milyona yaxın azərbaycanlı bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistanın yanında dayanıb. Erməni lobbisinin ciddi təsiri altında olan qurum daim Ermənistana dəstək nümayiş etdirib.

Yeri gəlmişkən, ABŞ və onun himayəsində olan USAID-in Azərbaycana qərəzi xüsusilə 44 günlük müharibə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi ilə daha da güclənib. Təşkilatın direktoru Samanta Pauerin bədnam anti-Azərbaycan fəaliyyətini yada salmaq kifayətdir. Qarabağda etnik təmizləmə həyata keçirildiyini dəfələrlə iddia edən Pauer ədalətsiz və ikili mövqeyi ilə seçilib, bölgəni könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyətini də təhrif edib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb.

Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi əsasən mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdehdir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. Düzdür, təşkilat müxtəlif biznes layihələrində iştirak etsə də, qaçqın düşən insanlarımızla bağlı hər hansı bir proqram həyata keçirməyib, onlara yardım göstərməyib. USAID 27 milyard dollardan çox büdcə ilə dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir. Bu, məbləğ ABŞ-nin bütün xarici yardımının yarısından çoxunu təşkil edir. 1961-ci ildən fəaliyyət göstərən təşkilat Qarabağda ötən əsrin 90-cı illərində baş verən hadisələr zamanı ciddi bir yardımları ilə yadda qalmayıb. Görünən də budur ki, okeanın o tayında oturub bütün dünyanı öz iradəsinə tabe etmək istəyənlər müstəqil siyasət həyata keçirən ölkələrə qarşı təzyiq zamanı USAID kimi təşkilatlardan istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi