Məcburi köçkünlər üçü yeni bir mərhələnin başlamasına prezident İlham Əliyevin yaralı döyüşçülərlə görüşü zamanı onlara xitabən dedityi aşağıdakı sözlər dəlalət edir: “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar”. Bu sözlər qəhrəman Azərbaycan ordusunun Ermənistan üzərində parlaq qələbə çalaraq 30 ilə yaxındır işğalı altında qalmış torpaqlarımızı azad etməsindən dərhal sonra söylənilib.
Əlbəttə, qismətinə didərginlik yazılan vətəndaşlarımızın başına gələnlərini heç kəs yaşamaq istəməz. Onlardan bir qismi öz yurd-yuvalarını məcburi tərk edəndən sonra özlərinə müəyyən qədər güzəran qurmağı bacarıblar, amma minlərlə, on minlərlə qarabağlının illər ərzində ilan mələyən çöllərdə qurulan çadırlarda, yaxud yük vaqonlarında vs. bu kimi sığınacaqlarda yaşamalı olduğunu unutmamalıyıq. Belə çadır düşərgələrinin sonuncuları cəmi 10 ilə yaxındır ki, ləğv edildi. Azərbaycan dövləti bu soydaşlarımızın vəziyyətini yüngülləşdirmək üçün mümkün olan hər şeyi etdi, yəni müasir evlər inşa etdirməkdən savayı müxtəlif imtiyazlar və məşğulluq proqramları tətbiq etdi. Onların asılı vəziyyətə düşməmək, müstəqil olaraq bir parça çörək qazanmaq üçün şərait yaratdı. Yəni məcburi köçkünlərimizə balıq yox, tilov verdi.
Dövlətin gördüyü bu məqsədyönlü işlər sayəsində azərbaycanlı qaçqınlar və məcburi köçkünlər başqa ölkələrdə oxşar taleyə düçar olanlar kimi qürbətə üz tutmaq məcburiyyətində qalmadılar. Elə BMT Qaçqınlar Ali Komisarlığı (UNHCR) da ölkəmizin bu həssas vətəndaşlarının sosial müdafiəsində əldə edilmiş böyük nailiyyətləri dəfələrlə dilə gətirərək bu kəskin problemin həllində Azərbaycanı başqalarına nümunə göstərib. Bəli, ayrı-ayrı məcburi köçkünlərimizin xaricə getdiyini ədalət naminə qeyd etməliyik. Amma bu, onların məcburi köçkün kimi qarşılaşdıqları çətinliklərlə deyil, hər kəs kimi istədikləri yaşayış yeri seçmələri ilə bağlıdır.
44 günlük Vətən Müharibəsində qazandığımız qələbə, habelə diplomatik cəbhədə göstərilən böyük səylər nəticəsində ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat ölkəmizin inkişafında əldə edilmiş son dərəcə mühüm bir amil olan milli birlik və həmrəyliyi əyani şəkildə ortaya qoydu. Bu gün yekdilliklə fəxr etdiyimiz bu Qələbənin baş qəhrəmanı sürətlə inkişaf edən, eyni zamanda milli məsələlərdə möhtəşəm birlik və həmrəylik göstərməyi bacaran Azərbaycanımızdır.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsi beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev “Report”a bildirib: “Bütün bu illər ərzində məcburi köçkünləri işlə təmin etmək üçün iş yerləri açırdıq. Amma ölkəmizin nailiyyətlərində onların də zəhməti olduğunu da deməliyik”.
Komitə rəsmisinin bizə təqdim etdiyi məlumatlardan bir qismini oxuculara çatdırmaq istərdik. Belə ki, məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə 137 ailə üçün sahibkarlıqla məşğul olmaları üçün verilən sahələrdə açılmış ticarət və xidmət obyektlərində 300 nəfərdən artıq vətəndaş çalışır. Məcburi köçkünlər üçün salınmış Qobu Park-1, Qobu Park-2, Qobu Park-3 qəsəbələrinin bir qrup sakini “Xarıbülbül” xalçaçılıq emalatxanasında işlə təmin edilib. Ötən il ərzində Sahibkarlığın İnkişafı Fondu xəttilə 23 sahiblara 368 min manat məbləğində güzəştli kreditlər ayrılıb.
“Bütün bu illər ərzində məcburi köçkünləri işlə təmin etmək üçün iş yerləri açırdıq. Amma ölkəmizin nailiyyətlərində onların də zəhməti olduğunu da deməliyik”
İbrahim MirzəyevBeynəlxalq Əlaqələr Departamentinin direktoru
Füzuli rayonu ərazisindəki qəsəbələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən beş MMC yaradıldı. Bütövlükdə qaçqın və məcburi köçkünlərdən 366,9 min əmək qabiliyyətli şəxsin 200 mindən artığı daimi, 134 mini də mövsümi işlərdə çalışırlar. Bunların hamısı Vətənimiz naminə işləyərək təkcə özlərinin yox, bütövlükdə xalqımızın da rifahına töhfə verirlər.
İndi isə xalqımız qarşısında işğaldan azad edilmiş ərazilərini yenidən qurmaq üçün daha böyük vəzifələr durur. Böyük Qayıdış proqramının icrası üçün nəinki böyük maddi ehtiyatlara, həm də xalqımızın İkinci Qarabağ müharibəsində göstərdiyi böyük birlik və həmrəyliyə də ehtiyacımız olacaq. Hərçənd bəzən köçkünlərin doğma yerlərə qayıtmaq istəmədikləri barədə fikirlər irəli sürülür. Nə deyək. Yəqin ki, qayıtmayanlar da olacaq. Çünki köçkünlükdən 30 ilə yaxın vaxt ötüb, yəni igid ömrü qədər vaxt keçib artıq. Bu illər ərzində yeni nəsil doğulub boya-başa çatdı, ailə sahibi, çoxları iş-güc sahibi oldu, həyatları müəyyən bir məcraya düşdü və sair.
Lakin heç şübhəsiz ki, qayıtmaq istəyənlər çox olacaq. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynova görə məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurdlarına qayıtmaq əzmindədir, ölkə rəhbərliyinə də, komitəyə də müraciətlərində də həm qayıtmaq, həm də bərpa işlərində yaxından iştirak etmək istədiklərini bildirirlər. Yəni əli işdən soyumayanlar, torpaq üçün darıxanlar, ata-baba yurdu üçün burnu göynəyənlər, yəni orta və yaşlı nəsil nümayəndələri mütləq geri qayıdacaqlar. Onlarla bir yerdə həmin torpaqları mərmi və minalardan təmizləyənlər, bina tikmək, yollar salmaq üçün gedəcək olanlar da yəqin ki, Qarabağda məskən salacaqlar.
"Məcburi köçkünlərin mütləq əksəriyyəti doğma yurdlarına qayıtmaq əzmindədir"
Fuad HüseynovQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini
Həmçinin həmin səfalı yerlərin gözəlliyindən, açılan imanlardan da bəzi şəhər əhlinin şirniklənəcəyini, bir çox xarici ölkələrdəki kimi ekoloji təmiz əraziyə, təbiət qoynuna köçmək istəyəcəklərini güman etmək olar. Hətta xaricdə yaşayan soydaşlarımız arasında belə gəlib Qarabağda yaşamaq isəyənlər var. Qısası, qədim hikmətli kəlamda deyildiyi kimi, "yolunu azdın atın yüyənini burax, evinin yolunu özü tapar". Həyatda bəzən gözlənilməz hadisələr olur. Əsas odur ki, Böyük Qayıdışı tezləşdirmək üçün dövlət əlindən gələni edir. Lakin xalq olaraq biz də birgə səylərimizlə bunu tezləşdirə bilərik və tezləşdirməliyik.
Eleonora Abbasquliyeva