Xocalı soyqırımından 30 il ötür - canilər Ermənistanda elita sayılır

Xocalı soyqırımından 30 il ötür - canilər Ermənistanda elita sayılır Ermənistan, ermənilər və havadarları son 30 ildə Azərbaycan ərazisində çoxsaylı faciələr törədiblər.
Analitika
26 Fevral , 2022 12:33
Xocalı soyqırımından 30 il ötür - canilər Ermənistanda elita sayılır

Ermənistan, ermənilər və havadarları son 30 ildə Azərbaycan ərazisində çoxsaylı faciələr törədiblər. Təəssüf ki, bu cinayətləri törədənlər cəzalandırılmayıb. Onlar bu gün də Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər.

Ermənistan 2020-ci il oktyabrın 4-ü, 8-i, 11-i və 17-də Gəncəni atəşə tutub. Mülki obyektlərə və yaşayış binasına raket hücumu nəticəsində 27 nəfər ölüb, 125 nəfər yaralanıb. BMT, Avropa İttifaqı, Türkiyə və başqa dövlətlər tərəfindən raket hücumları qınanıb. Azərbaycanın hüquq-mühafizə orqanları həmin şəxslərə qarşı cinayət işi başlayıb. Baş prokuror Kamran Əliyev bu günlərdə Gəncənin raket atəşinə və top mərmisinə tutulması ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, hadisə üzrə istintaq hərəkətləri çərçivəsində 1 700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: “Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib”. Separatçıların başçısı Araik Arutyunyan bu cinayətlə bağlı tapşırıq verdiyini etiraf edib. Dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 separatçı - Araik Arutyunyan, köməkçisi David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barədə cinayət işi başlanıb, onlar barəsinə beynəlxalq axtarış elan olunub.

Gəncə faciəsi Xocalı soyqırımından sonra Azərbaycanda ermənilərin törətdiyi ən böyük qətliamdır.

Fevralın 26-da törədilən Xocalı soyqırımının 30-cu ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı baş verib. Bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Erməni və rusiyalı sülhməramlıların gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1 275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150-nin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu faciəni İslam Əməkdaşlıq Təşkilatı, Meksika Senatı, Peru, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Honduras, İordaniya parlamentləri, Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclası və başqa ölkələrin ali qanunverici orqanları Xocalı soyqırımına dair qətnamə qəbul ediblər. ABŞ-ın 24-dən çox ştatı, o cümlədən Arizona, Arkanzas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya, Viskonsin ştatları Xocalı soyqırımını tanıyıb və pisləyib.

Ermənistanın və ermənilərin Azərbaycanda törətdikləri cinayət əməllərinin ümumi adı həm də Xocalı soyqırımıdır. Onların törətdikləri oxşar daha iki cinayətin də bu il 30-cu ildönümüdür. 1992-ci il fevralın 17-də ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum edib. Nəticədə 117 nəfər əsir alınıb, 66-90 mülki şəxs isə qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq valideynlərini itirib. Hadisə nəticəsində kənddə 200 yaşayış evi, bir mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb: kəndin 3 sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Ermənilər 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində də soyqırımı törədiblər. Bu cinayət nəticəsində ermənilər 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıblar. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilib, 67 sakin amansızlıqla qətlə yetirilib. Bundan əlavə, 2 nəfər itkin düşüb, 12 nəfər isə ağır bədən xəsarətləri alıb.

44 günlük müharibə Ermənistanın və erməniliyin mahiyyətini bir daha sübut etdi. Məlum oldu ki, onlar üçün heç bir insani və hüquqi norma yoxdur. Araik Arutyunyan Gəncədə yaşayış binasının raket atəşinə tutulması tapşırığını verməklə bunu təsdiqləmişdi. Onunla Xocalıda dinc sakinləri soyqırıma məruz qoyanların insanlıq əleyhinə davranışı arasında heç bir fərq yoxdur.

Ermənilərin əsas ideoloqlarından biri Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında belə yazıb: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını (azərbaycanlını nəzərdə tutur - S.İ.) pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Xocalı soyqırımının müəlliflərindən biri, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Xocalıda törətdikləri cinayətlə bağlı bunları bildirmişdi: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, onlar bizimlə zarafat edirlər. Onlar fikirləşirdi ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik”. Jurnalistin minlərlə adamın ölümündən təəssüf hissi keçirib-keçirmədiyi barədə sualına isə cavabında Serj Sarqsyan belə cavab vermişdi: “Mən heç bir təəssüf keçirmirəm... Hətta minlərlə əhali ölərsə, bu cür sərt gedişlər zəruridir”.

Serj Sarqsyan
Serj Sarqsyan

Zori Balayanın, Serj Sarqsyanın, Araik Arutyunyanın və belə ermənilərin dinc sakinlərə qarşı törətdikləri cinayətlər bu etnosun ideoloq və başçılarının türkə və azərbaycanlılara qarşı münasibətin yüz ildən artıqdır dəyişmədiyini göstərir. Ötən əsrin əvvəllərində Andranik, Qaregin Njde, Şaumyan və ermənilərin başqa liderləri də türklərə, o cümlədən azərbaycanlılara qarşı oxşar şəkildə davranmışdılar. Bunun başlıca səbəblərindən biri isə belələrinin cəzasız qalmasıdır. Böyük güclər onları, bir qayda olaraq, himayə edib, törətdikləri cinayətə görə mükafatlandıraraq qucaq açıblar. Həmin qüvvələr Rusiyanın 366-cı alayı ilə birlikdə Xocalı soyqırımını törədənlərin Ermənistanda yüksək vəzifələrə gəlmələrinə yardım etdi. Robert Koçaryan, Serj Sarqsyan prezident oldular. Seyran Ohanyan isə müdafiə naziri təyin edildi. Belə çıxır koçaryanlara, sarqsyanlara, arutyunyanlara, ohanyanlara yardım edib vəzifə ilə mükafatlandıranlar onların cinayət ortaqlarıdır. Son 30 ildə Ermənistan soyqırımlar törədəndə ermənilərin demokratik saydığı Levon Ter-Petrosyan prezident idi. Yəni xislət etibarilə demokrat, yaxud mürtəceliyindən asılı olmayaraq, onların türklərə, azərbaycanlılara qarşı kini var, belə milli tərbiyə alıblar.

Azərbaycan ictimaiyyəti Xocalı soyqırımını törədənlərin, onlara yardım edənlərin beynəlxalq səviyyədə cəzalanacağını gözləyir. Çünki onlar insanlığa qarşı cinayətlər törədiblər. Qəsdən öldürmə, qəsdən xəsarət yetirmə, işgəncə, əzab və ya əsarət, şəxs azadlığından məhrum etmə və s. əməllər insanlıq əleyhinə cinayətlərdəndir. Bu, cəmiyyətin bir hissəsinə qarşı planauyğun olaraq siyasi, fəlsəfi, irqi və ya dini motivlərin sistematik şəkildə işlənməsidir.

Təəssüf ki, soyqırımı törədənlər Ermənistanda siyasi elita sayılır və dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatların nümayəndələri hələ də onların azərbaycanlıların qanına bulaşan əllərini sıxırlar. Belələrinin cəzalanmaması yeni cinayətlərin törənməsinə, etnoslararası qisas almaq hissinin güclənməsinə, milli zəmində yeni-yeni münaqişələrin yaranmasına səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət Xocalı soyqırımının canilərini cəzalandırmağa gecikir.

Son xəbərlər

Orphus sistemi