Azərbaycan əsgərinin uğurlu əks-hücum əməliyyatından düşmən vahimələnir, dost sevinir. Bundan narahat olan düşmən tərəfin və havadarlarının boşboğazlığı da sərhəd tanımır. Onlar Azərbaycan Ordusunun rəşadətli mübarizəsini həzm edə bilmir, yalan informasiyalar yayır. Uğurlu əməliyyatlar isə ermənilər arasında çaşqınlıq yaradıb. Bir qrup torpaqları işğaldan azad edib danışıqlar masasına oturmaq, başqa biri isə işğalı davam etdirmək istəyir. Bu iki cəbhələşmə erməni cəmiyyəti, eləcə də Ermənistan hakimiyyəti ilə işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejim arasında daha aydın görünür. Yayılan məlumata əsasən, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib. Bu, erməni silahlılar arasında qorxu və vahimədən doğan ruh düşkünlüyünün göstəricisidir.
Ermənistanda çıxan “Qraparak” qəzetinin yazdığına görə, Nikol Paşinyan hakimiyyəti separatçıların başçısı Araik Arutyunyanın Qarabağdakı erməni icması arasında nüfuzunun artmasından ciddi narahatdır: “Vəziyyət o həddə çatıb ki, rəsmi Yerevan onun reytinqini “azaltmaq” üçün mühüm addımlar atmağı belə planlaşdırıb”. Qəzetin yazdığına görə, separatçının nüfuzu fonunda rəsmi Yerevan ikinci plana keçib. “Qraparak” yazını bu sualla bitirib: “Ermənistan hakimiyyətinin atdığı addımı Arutyunyan “yeyəcəkmi?” Araik Arutyunyan Moskva ilə Yerevanın razılaşdırdığı kadr sayılır. Belə görünür, Kremllə Ermənistan arasındakı narazılıq bu separatçının timsalında da büruzə çıxır.
Görünür, separatçı tutduğu vəzifə kreslosunu əldən verməmək üçün Ermənistan gənclərini döyüşlərdə güdəza verir. Çünki döyüşəcək sayda Qarabağda erməni qalmayıb. Azərbaycana qarşı muzdlular, Ermənistandan gətirilən əsgər və hərbçilər döyüşür. Əks-əməliyyat nəticəsində ölən erməni hərbçilərinin meyitləri Ermənistana aparılır. Bu da ölkə cəmiyyətində narazılıq yaradır. Bu baxımdan rəsmi Yerevan danışıqlara getməklə qarşıdan gözlənilən xaosun qarşısını almağa üstünlük verir. Separatçı isə “öz hakimiyyətini” Ermənistan gənclərinin qanı ilə qorumağa çalışır. Bütün hallarda havadarları arasında çaşqınlıq rəsmi Yerevanla separatçılar arasında münasibətlərə də sirayət edib.