Yolu gedən aparar: Ermənistan dünyaya yeni yolların xəyalını qurur

Yolu gedən aparar: Ermənistan dünyaya yeni yolların xəyalını qurur Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanatda işğal olunmuş torpaqların qaytarılmasını gözlədiyimiz bir vaxtda Ermənistanda bu acı məğlubiyyətlə barışmaq istəmirlər. Baş nazir Nikol Paşinyan isə sözügedən bəyana
Analitika
16 Noyabr , 2020 19:57
Yolu gedən aparar: Ermənistan dünyaya yeni yolların xəyalını qurur

Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış bəyanatda işğal olunmuş torpaqların qaytarılmasını gözlədiyimiz bir vaxtda Ermənistanda bu acı məğlubiyyətlə barışmaq istəmirlər. Baş nazir Nikol Paşinyan isə sözügedən bəyanatdan əldə edəcəkləri iqtisadi qazanclardan danışaraq özünə bəraət qazandırmağa çalışır. Daha doğrusu, bəyanatın son bəndində “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir” cümləsinə vurğu edir. Sonrakı cümlədə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilsə də, Ermənistan lideri daha çox Yerevandan Sünik bölgəsinə yolun açılacağı, habelə Naxçıvan üzərindən İranla nəqliyyat bağlantılarının bərpa olacağını ön plana çəkməyə çalışır. Eyni fikirləri dilə gətirən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın Azərbaycan və Türkiyə ilə nəqliyyat və ticarət əlaqələrinin kəsilməsi üzündən daha çox zərər çəkdiyini qeyd edib: “Artıq qüvvəyə minən o razılaşmaya əsasən, bütün bu əlaqələr bərpa olunur”.

İqtisadi blokadaya son verilməsi deyəndə Ermənistan heç də “qatı düşmənlər” ilə sərhədlərin açılmasından söhbət getmədiyini gözəl başa düşür. Odur ki, Türkiyə ilə də sərhədlərin açılıb-açılmayacağına dair suala cavab verən Nikol Paşinyan deyib: “Yox, çünki Türkiyə bu razılaşmanın bir parçası deyil. Biz Rusiyaya bir yox, bir neçə yolun olmasını istəyirik. Bu danışıqlar nəticəsində problemlərimizi həll edə bilsək, o cümlədən Rusiya və Fars körfəzilə dəmir yolu bağlantımız olsa, Ermənistan üçün nə qədər köklü dəyişiklik meydana çıxacağını təsəvvür edin”.

Qeyd edək ki, hazırda Ermənistanı Rusiya ilə bağlayan yeganə yol Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars buraxılış məntəqəsindən keçir. Dağlıq bölgədən keçən bu yolda hərəkət əlverişsiz havalar üzündən tez-tez məhdudlaşdırılır.

Beləliklə, Ermənistan hökuməti irimiqyaslı regional layihələr çərçivəsində əməkdaşlıq fürsətlərini artıq birdəfəlik əldən verdiklərini dərk edir. Belə ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında hələ 1990-cı illərin əvvəlindən ərsəyə gətirilməyə başlamış boru kəməri və dəmir yolu layihələri özünü tam miqdarda doğruldub, yəni milyardlarla dollarlıq sərmayələr iştirakçı ölkələrin büdcəsinə külli miqdarda gəlir gətirir, fasiləsiz fəaliyyət göstərən həmin layihələrin təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur. Bu da elə son döyüş əməliyyatları zamanı Ermənistanın həmin boru kəmərlərinə hücum cəhdlərilə bağlı bir daha ortaya çıxdı. Artıq bu layihələrə qoşulmaq üçün Ermənistanın heç nəzəri cəhətdən də şansı olmadığı göz qabağındadır.

Bununla belə İranla dəmir yolu bağlantısı Ermənistan iqtisadiyyatı üçün, həqiqətən də, nicat yoluna çevrilə bilər – hər nə qədər nəzəri və uzaq perspektiv olsa belə. Həm də bu kimi təşəbbüslər artıq gündəmə gəlib. Belə ki, 2014-cü ilin 7 avqust tarixində Ermənistan hökuməti 300 km uzunluqda dəmir yolunun tikintisilə bağlı 3,2 milyard ABŞ dolları dəyərində proqramı təsdiq etsə də, sərmayə mənbəyi tapılmadığı üzündən bu plan həyata keçmədi. Çünki bu kimi layihələrdə iştirakçı ölkələr öz ehtiyatları, yaxud cəlb edilən kreditlər vasitəsilə iştirak edir. Bunların birincisi Ermənistanda yoxdur və yaxın illərdə olacağı şübhəlidir, kreditlərə gəlincə isə xarici borcları ÜDM-inin 60 faizi qədər olan ölkəyə kredit vermək istəyənin meydana çıxa biləcəyi ağlabatan görünmür.

Bununla yanaşı, layihənin gəlir gətirəcəyi, gəlirin məhz nə qədər vaxt ərzində əldə ediləcəyi barədə sərmayədarlara konkret məlumatlar təqdim olunmalıdır. Hazırda Şimal-Cənub beynəlxalq dəhliz çərçivəsində İran-Azərbaycan dəmir yolu bağlantısı layihəsinin üstəlik Rusiyanın da iştirakı ilə uğurla həyata keçirildiyini xatırlatsaq, Ermənistan ərazisindən İrana çəkiləcək yola kiminsə marağını cəlb etmək müşkül olar. Hazırda çatışmayan hissələrinin tikintisi ətrafında müzakirələr getdiyi bu bağlantının işə salınması ilə Azərbaycan ərazisindən yükdaşımaların ilkin olaraq 6 milyon tona, gələcəkdə isə ikiqat artıq miqdara çatacağı gözlənilir. Həm də Ermənistandan fərqli olaraq ölkəmiz əcnəbi sərmayədarlar sarıdan korluq çəkmir və sözügedən layihə çərçivəsində çatışmayan vəsaiti Asiya İnkişaf Bankı verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, hazırda Astara-Bakı-Həştərxan multimod yükdaşıma marşrutu səmərəli fəaliyyət göstərir. İndi Naxçıvana da daha bir quru yolun açılması ilə isə Azərbaycanda həyata keçirilən tranzit layihələri əcnəbi sərmayədarlar üçün daha cazibədar olacaq, onlara Türkiyə də daxil olmaqla daha çox ölkənin qoşulması təmin edilə biləcək.

Ermənistanın isə Rusiyadan İrana yeni bir yol açmaq üçün lazımi vəsaiti tapa bilib-bilməyəcəyi isə müəmma olaraq qalır. Belə ki, iqtisadiyyatı tam olaraq taqətsiz düşmüş bu ölkənin hökuməti irimiqyaslı regional layihələr bir qırağa qalsın, əhalini dolandırmaq üçün daha çox xaricdən gələn yardımlara bel bağlamaqdan başqa çarə görmür.

Qulu Nuriyev - ekspert

Son xəbərlər

Orphus sistemi