Qatı ermənipərəst mövqeyi ilə tanınan və Rusiyanın erməni icmasının maraqlarını aktiv ifadə edən Konstantin Zatulin növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib, terrora və separatizmə dəstək sərgiləyib. Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini olan bu şəxs qondarma rejimin yaradılmasının ildönümü ilə bağlı Qarabağ separatçılarına təbrik ünvanlayıb.
O, məktubunda Bakıda məhkəməsini gözləyən Qarabağ separatçılarının təəssübkeşi rolunda da çıxış edib. Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan və digər terrorçu-separatçılara dəstək nümayiş etdirib. “Allahdan arzu edirəm ki, onların başına bir iş gəlməsin və tez bir zamanda ailələrinə, Ermənistana qayıtsınlar”, - o deyib.
Ölkəsində rüşvətxor və simasız biri kimi tanınan Zatulinin bu sərsəmləməsi sözsüz ki, gündəmdə qalmağa yönəlib. Ermənistanda belə persona non-qrata elan edilən bu şəxs erməni lobbisindən aldığı tapşırıqlara uyğun hərəkət edir.
Məsələ ondadır ki, Qarabağda separatizmin ideoloqları olan şəxslərin azad edilməsini sıradan olan biri deyil, Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini dilə gətirir. Rusiyanın hakim partiyasının üzvü olan bu şəxsin mənasız və yersiz müraciətinə ümid edək ki, elə öz partiyadaşları, Dövlət Duması cavab verəcək.
Əvvəla ondan başlayaq ki, Azərbaycan artıq bu cür sərsəmləmələrə öyrəşib. Məsələn, bundan əvvəl erməni lobbisinin aktiv tərəfdarları – Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi, argentinalı Luis Okampo, Fransa rəsmiləri və sairləri Azərbaycana qarşı hədyanlar yağdırıb, terrorçulara dəstək nümayiş etdiriblər. İndi də bu sıraya Zatulin qoşulub. Hədəf və məqsəd bəllidir. Qarşıdan beynəlxalq tədbir - COP29 gəlir və bu tədbir ərəfəsində təzyiqləri artırmaq istədikləri şübhə doğurmur.
Xatırladaq ki, Zatulin əvvəllər də separatçılara dəstək nümayiş etdirib. O, hətta 2010-cu il mayın 23-də Qarabağ separatçıları arasında “seçkilər” adlı sirk tamaşasında iştirak edib. Azərbaycan Xarici İşlər Nazirliyi də buna görə Zatulini persona non-qrata siyahısına daxil edib.
Birtərəfli mövqeyini gizlətməyən bu deputat işğaldan azad edilən Azərbaycan torpaqlarında guya erməni tarixi mədəni abidələrinin məhv edildiyini də həyasızcasına iddia edib. Və heç bir fakt da oraya qoya bilməyib. Deputatın diqqətinə tək bir məqamı çatdırmaq istərdik. Prezident İlham Əliyev sentyabrın 2-də işğaldan azad edilən Kəlbəcərdə Xudavəng monastır kompleksində olub. Dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng məbədi 1992-2020-ci illərdə ermənilərin təcavüzünə məruz qalıb. İşğal dövründə erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görülüb. Məhz torpaqlarımız işğaldan azad ediləndən sonra monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar. Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş bir-birinin üstündə iki dairəvi xonça və həyat ağacı şəklində xaç kompozisiyalı xaçdaşlar və kitabələr də işğal dövründə sökülərək talan edilib.
Qeyd edək ki, 2020-ci ilin dekabr ayında İrəvanda keçirilən sərgidə Xudavəng monastır kompleksindən oğurlanmış zəng, daş kitabələr, freskalar, xalçalar və Azərbaycan Respublikasına məxsus digər mədəni irs nümunələri qanunsuz olaraq nümayiş etdirilib. Daha sonra qanunsuz olaraq “VII-XIII əsrlərdə erməni xristian kilsələrində freskalar” adı altında İtaliyanın Padua şəhərində açılmış sərgidə Xudavəng monastırının freskaları "erməni ənənəvi incəsənət nümunələri" kimi təqdim olunub. Həmin sərgi İtaliyanın bir neçə şəhərində də təşkil edilib. Qarabağdakı kilsələr alban kilsələridir. Zatulin heç olmasa, savadı varsa, Kəlbəcər rayonu ərazisində əhalinin siyahıya alınmasına baxsın. Onda görəcək ki, Kəlbəcər ərazisində bir erməni də yoxdur və olmayıb. Bu kilsələrin hamısı alban kilsələridir və onun ermənilərlə heç bir əlaqəsi yoxdur. İşğaldan azad edilən Hadrutda böyüdüyünü etiraf edən Zatulin də bunu bilməmiş deyil.
Görünən odur ki, bu adam ilk olaraq öz ölkəsinə düşmənçilik edir. Rusiyanın, şəxsən prezident Vladimir Putinin bəyanatlarını heçə sayaraq ölkəsinin maraqlarını tapdalayır, separatçıların maraqlarına xidmət edir. Sirr deyil ki, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanı regiondan uzaqlaşdırmağa çalışan ilk şəxslərdən biridir. O uzun illər Ermənistanı himayəsinə götürən Rusiya ilə əlaqələri kəsmək üçün əlindən gələni edir. Hətta KTMT-nin iclaslarına da qatılmır. K.Zatulin də deputat olaraq ölkəsinin maraqlarını nəzərə alıb ona cavab vermək əvəzinə, siyasi savadsızlıq nümayiş etdirir, beynəlxalq qanunları ayaqlar altına alır.
O ki qaldı Zatulinin Bakıda həbsxanada barəsində çıxarılacaq hökmü gözləyən Ruben Vardanyana dəstək verməsinə, onları sıx dostluq birləşdirir. Zatulin uzun illər məhz Vardanyandan aldığı tapşırıq və əmrlərə uyğun fəaliyyət göstərib. Bu mövqeni də neçə illərdir həyata keçirir. Həm 2020-ci il İkinci Qarabağ müharibəsi, həm də Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bu prosesi müşahidə edirik.
Digər mühüm məsələ ondan ibarətdir ki, Zatulin sıradan biri deyil. Rusiya Dövlət Dumasının yüksək rütbəli rəsmilərindən biridir. Bu addımı ilə hədəfi şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli strateji münasibətlərə kölgə salmaqdan irəli gəlir. Rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasət, dövlətlərarası münasibətlərdə sərgilədiyi balanslı mövqe bəzi qüvvələri isterik vəziyyətə salıb. Nə səsləndirdikləri bəyanatların fərqindədirlər, nə də onun məsuliyyətlərini dərk edirlər.
Zatulin və onun havadarları bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə əngəl törədilməsi cəhdləri iflasa məhkumdur. Buna görə də ölkəmizə qarşı bu hücumların müəllifləri və icraçıları başa düşməlidirlər ki, bu yolla Azərbaycana təsir göstərmək, onu yolundan döndərmək mümkün olmayıb və olmayacaq!