Sentyabrın 27-də müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib. Hazırda əsas hədəfimiz 30 illik işğaldan azad edilən ərazilərimizin bərpası, inkişafı və tərəqqisidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə etdiyi səfərləri zamanı düşmən tərəfindən dağıdılmış, talan olunmuş ərazilərdəki çıxışları və quruculuq işlərinin həyata keçiriləcəyi ilə bağlı bəyanatları da artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, bu ərazilərimizə bütün infrastruktur, sosial, sənaye və iqtisadi imkanlar yenidən bərqərar ediləcək, Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımız dünyanın cənnətməkan yerlərindən birinə çevriləcək.
Məhz bu baxımdan 4-cü sənaye inqilabı kontekstindən çıxış edərək daha əhəmiyyət kəsb edən məqamları ayrı-ayrılıqda "Report"a tarix üzrə fəlsəfə doktoru Emin Əliyev danışdı.
Onun sözlərinə görə, aqrar sektora aid bazanın məhz 4-cü sənaye inqilabı formatında yaradılması daha uğurlu, daha inkişaflı perspektivlərə yol açmaq imkanlarını səciyyələndirir.
"Lakin o da sirr deyil ki, dövlətimizin “Böyük qayıdış” planına əsasən, öz doğma torpaqlarına geri dönən insanlarımızın gələcək yaşamları ilə paralel olaraq onların işlə, digər mühüm fəaliyyətlərlə məşğul olmaları istiqamətində də planlar işlənilir, tələblərə cavab veriləcək layihələr hazırlanır. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın əksəriyyətində aqrar sektor vacib məqamları ehtiva edir, xüsusilə əkinçilik heyvandarlıq və s. bu kimi sahələrə daha çox diqqət ayrılır, belə qənaətə gəlmək olar ki, sözügedən sektorun ən müasir standartlara uyğun inkişaf etdirmək ücün müasir texnologiyaların tətbiqinə də ehtiyaclar yaranacaq. Belə bir məqamda müasir dünyaya 4-cü sənaye inqilabı olaraq daxil olan vasitələr bir daha əhəmiyyəti ilə seçilməkdədir. Daha dəqiq desək, aqrar sektora aid bazanın məhz 4-cü sənaye inqilabı formatında yaradılması daha uğurlu, daha inkişaflı perspektivlərə yol açmaq imkanlarını səciyyələndirir", - deyə E.Əliyev qeyd edib.
Smart aqro sistemi – uzun illər işlənməmiş torpaqların dirçəldilməsi perspektivləri
E.Əliyev qeyd edib ki, Smart aqro geniş anlayışdır və adından da göründüyü kimi, torpaqların işlənməsi prosedurunda bir neçə sahənin inteqrasiyasını nəzərdə tutur. Maraqlı cəhətlərdən biri də budur ki, smart aqro, yəni ağıllı kənd təsərrüfatı yalnız bitkiçiliyi, əkin işlərini deyir, eyni zamanda heyvandarlıq sahəsində də tətbiq edilən vasitədir. Belə ki, bitkiçilik sahəsinə nəzər yetirərsək, burada əkinlərin təşkil olunmasında, torpağın analizlərinin aparılmasında, əkin ərazilərinə nəzarətin olunmasına, tətbiq ediləcək gübrələrin seçimində, torpağın parametrlərinin daim nəzarətdə saxlanılması haqqında bir sıra məqamları görə bilərik.
"Digər tərəfdən, smart aqro sisteminin tətbiqi azad edilmiş ərazilərimizdəki çoxsaylı perspektivlərə - əkinçiliyin reformasiyası və ekoloji dayanıqlığı təmin edilməsinə öz böyük töhfələrini verə bilər. Çünki o da sirr deyil ki, aqrar sahənin inkişaf trayektoriyasına ekoloji tənzimləmənin də rolu əhəmiyyət kəsb edir. Xüsusilə uzun illər işlənməmiş torpaqlarımızda smart aqro sisteminin tətbiqi mühüm əhəmiyyət kəsb edə bilər və söz yox ki, yaxın gələcəkdə belə bir 4-cü sənaye inqilabı sisteminin Qarabağda tətbiqi reallığa çevrilməsi mümkün görünür", - E.Əliyev bildirir.
Əkin sahələrinə peyklər vasitəsi ilə nəzarət mexanizmi ekoloji təminatı reallaşdırır
Dünyada texnoloji inkişafın verdiyi hər bir töhfə özündən sonra yeni imkanlara yol açır. E.Əliyev hesab edir ki, sözügedən mövzuda daha bir mümkün vasitə işğaldan azad edilmiş ərazilərimizdəki əkin sahələrinin nəzarəti mexanizmidir: "Belə ki, müasir dövrdə əkin sahələrinin peyklər vasitəsilə nəzarətə götürülməsi və torpaqların analiz olunaraq bitki mühafizəsi tədbirləri və gübrələnməsi haqqında məlumatlar əldə etmək mümkündür.
Digər tərəfdən, əkin altında olan ərazilərdə “əşyaların interneti”ni də geniş tətbiq etmək mümkündür. Belə ki, öncədən sensorlar vasitəsi ilə əkin əraziləri əhatə olunur və torpaqdakı proseslər, torpağın motorikası haqqında məlumat toplanaraq bazaya ötürülür və daha sonra təhlil edilir, müəyyən nəticələrə gəlinir. Daha dəqiq desək, aparılan təhlillər nəticəsində suvarmanın səviyyəsi, hər hansı bir məhsulun dəyməsi, yetişmə dərəcəsi, zərərvericilərin sirayətlənməsi, təhlükəli hallar yarandıqda isə karantin qaydaları tədbirləri barədə qənaətlərə gəlinir, qərarlar verilir. Bu baxımdan da yanaşma edərsək, əkin sahələrinə peyklər vasitəsi ilə nəzarət mexanizmini tətbiq edib, işlənən aqrar zonaların təhlükəsiz işlənməsini, məhsulların keyfiyyətinin artırılmasını, təbiiliyini, ekoloji cəhətdən təmin olunmasını əldə etmək mümkündür".
Heyvandarlıq perspektivində smart sistemi – hansı səmərəli nəticələri əldə etmək mümkündür?
O hesab edir ki, aqrar sahənin başqa istiqamətləri ilə yanaşı, heyvandarlığın inkişafı perspektivlərində də smart sistemlərindən istifadə etmək mümkünlüyü mövcuddur. Hətta belə də, demək olar ki, aqrar sahə ilə heyvandarlıq bir-biri ilə paralellik təşkil etdiyi üçün onları qohum sahələr adlandırmaq mümkündür. Xüsusilə, iribuynuzlu, yaxud xırdabuynuzlu heyvanların bəslənməsi üçün ayrıca aqrar sektorları fəaliyyət göstərir ki, həmin sektorlarda onların qidalanmasını təmin edən səmərəli bitki növləri yetişdirilir, o cümlədən, kombiləşdirlmiş yemlərin hazırlanması prosedurları həyata keçirilir.
Əvvəllər bu proses sadə üsullarla reallaşdırılırdısa, indiki məqamda, yəni 4-cü sənaye inqilabının verdiyi imkanlar səviyyəsində onu texnoloji cəhətdən tətbiq etmək gerçəkliyi ortaya çıxır. Başqa tərəfdən, Qarabağda, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin sürətli qaydada aparılması plan-perspektivləri nəzərdə tutulubsa, demək ki, burada da 4-cü sənaye inqilabının tətbiqinə ehtiyaclar yarana bilər.
Digər tərəfdən, heyvanlarının datçiklər vasitəsi ilə xəstə olub-olmamalarının müəyyən edilməsi də mühüm amillərdəndir. Bəllidir ki, ət və süd məhsullarının istifadəsi üçün yetişdirilən müxtəlif cinsli iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqlarının mühafizəsi həm də insanların sağlamlıqlarının qorunmasına hesablanır. Datçiklər vasitəsi ilə müəyyən etmək olur ki, hansı heyvanda çatışmayan maddə var, yaxud hansı heyvanda xəstəlik əlamətləri mövcuddur və s. Məhz bu kimi məlumatların toplanılaraq təhlil edilməsi və səmərəli qərarların verilməsi önəm kəsb edən faktorlardandır. Belə bir yüksək texnoloji imkanların ilkin tətbiqlərinin məhz işğaldan azad edilmiş ərazilərimizdə gerçəkləşdirilməsi bu ərazilərin kapitalını artırması ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanlarını da artıracaq, büdcəyə səmərələrini verəcək.
"Beləliklə, bir daha xatırlada bilərik ki, heyvandarlıqda da smart sistemlərinin istifadəsi ölkəmizlə yanaşı, xarici dövlətlərdə də çox geniş vüsət alıb və son zamanlar həmin tətbiq öz səmərələrini də verməkdədir. Həmin cəhətlərdən biri də heyvanların sağlam mühitdə bəslənmələri ilə əlaqəlidir. Bu baxımdan, mal-qaranın sensorlar ilə təchiz edilməsi, onların hərəkətlərinin rahat izlənməsinə, mövcud bəslənmə ərazilərindən kənara çıxmamasına, itkiyə getməməsinə geniş şərait yaradır. Bunu da məhz peyk texnologiyalarının verdiyi imkanlarla həyata keçirmək mümkündür", - E.Əliyev hesab edir.
Smart texnologiyalar 4-cü sənaye inqilabı kontekstində daha hansı uğurları vəd edir?
Onun sözlərinə görə, qeyd edilənlərlə yanaşı, daha bir amil kənd təsərrüfatı sahəsində önəmli məsələlərdən biri də texnikanın smart qaydada idarə edilməsidir: "Maraqlı və diqqətçəkici məsələlərdən biri də budur ki, texnikanın səmərəli hərəkət etməsi, yanacaq sərfiyyatı, idarəedilməsini “əşyaların interneti” vasitəsi ilə də idarə etmək mümkünləşir. Bu cür texnologiyanın 4-cü sənaye inqilabı funksiyaları ilə həyata keçirlməsinə isə Azərbaycanda bütün imkanlar mövcuddur. Robotlaşdırılmış texnikalarla işlərin vaxtında ərsəyə gətirilməsi, habelə insan əməyinin digər sahələrə yönləndirilməsi, suvarma, heyvandarlıq və eyni zamanda, aqrar sahələrin başqa vasitələrinin reallaşdırılması istiqamətində sərf edilən insan əməyi daha keyfiyyətli nəticələrin əldə edilməsinə şərait yaratmaqla yanaşı, texnoloji imkanların smart şəklində fəaliyyəti bu faktorları sintezləşdirir, paralelləşdirir və son olaraq münbit nəticələr əldə olunur. Ümumiyyətlə, 4-cü sənaye inqilabı kontekstində smart tətbiqlərin həyata keçirilməsi böyük uğurlar vəd edir və bu uğurların bilavasitə işğaldan azad olunmuş torpaqlarımızda tətbiqi işlərin süərtli aparılmasına, mütərəqqi uğurların qazanılmasına mühüm zəminlər yarada bilər".