Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə Donor Əlaqələndirmə görüşü keçiriləcək.
“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə beynəlxalq təşkilatların nümayəndələri və Nazirliyin struktur bölmələrinin əməkdaşları iştirak edəcəklər. Tədbirdə icra olunan layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılacaq.
Kənd Təsərrüfatı Nazirliyi həyata keçirdiyi layihələrdə Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Avropa İttifaqı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya Əməkdaşlıq Təşkilatı (GIZ), USAID, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) kimi təşkilatlarla əməkdaşlıq edir.
Hazırda kənd təsərrüfatının bitkiçilik, bitki sağlamlığı, toxumçuluq, heyvandarlıq, baytarlıq xidmətlərinin inkişaf etdirilməsi, süni mayalandırma, məsləhət xidmətləri, investisiyaların təşviqi və s. istiqamətlərində 18 layihə icra olunur, 10 layihənin icrası nəzərdə tutulur.