Aqrar Sığorta Fondu hava şəraitinin dəyişməsi ilə əlaqədar əkin sahələrini sığortalayan fermer və sahibkarları öz sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda fonda müraciət etməyə çağırıb
Bu barədə "Report"a Fonddan bildirilib.
"Son günlər hava şəraitinin dəyişməsi, temperaturun aşağı düşməsi, yağıntılar və güclü külək əkin sahələri üçün də təhlükə yaradır. Bununla əlaqədar olaraq fermerləri əkin sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi təqdirdə Fonda müraciət etməyə çağırırıq", - müraciətdə deyilir.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır. Fondun məlumatına əsasən artıq belə halların əkin sahələrinə zərəri ilə bağlı ilkin sığorta hadisələri barədə müraciətlər daxil olmağa başlayıb:
"Martın 5-də Qobustan rayonunun müxtəlif ərazilərində güclü külək və qasırğa nəticəsində baş verən qum fırtınası əkin sahələrinə böyük zərər vurub. Bununla bağlı edilən müraciətlər əsasında fondun ekspertləri hadisə yerinə baxış keçirərək zərərin qiymətləndirilməsinə başlayıblar. Hadisələrin araşdırılmasından və zərərin müəyyən edilməsindən sonra fermerlərə ödənişlər ediləcək".
Fond indiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta etməyən fermerləri də aqrar sığortadan istifadə etməyə çağırıb:
"Təbiət hadisələri təsərrüfatlara böyük təhlükə yaradır. Bunun qarşısını almaq və gəlirləri qorumaq üçün aqrar sığortadan faydalanmaq ən sərfəli üsuldur. Qobustan rayonunda baş verən hadisə sığortalı olmayan əkin sahələrinə də böyük zərər vurub. Həmin sahələrin sahibləri zərərə görə kompensasiya ala bilməyəcəklər. Hadisələrin araşdırılması zamanı əkin sahələrini sığorta etməyən fermerlər bundan təəssüfləndiklərini bildiriblər. Gələcəkdə belə halların baş verməməsi üçün əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəli şərtlərlə sığortalamaq kifayətdir".
Qurum bildirib ki, qarşıdan gələn Novruz Bayramı tətilləri günlərində iş günü olmasa da, Fondun Çağrı Mərkəzi adi rejimdə çalışacaq və hadisələr barədə müraciətləri qəbul edəcək.