Azərbaycanda qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında Türkiyənin dəstəyini hiss edirik.
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) aparat rəhbəri Elxan Mikayılov FAO-nun Azərbaycan və Türkiyədəki nümayəndəliklərinin birgə fəaliyyəti çərçivəsində Bakıda təşkil edilmiş regional seminarda bildirib.
O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi Türkiyə ilə layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq edir: "Ümumiyyətlə, hər ay AQTA-nın nümayəndələri Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə səfər edirlər. Türkiyədən də bizə mütəxəssislər gəlir".
Onun sözlərinə görə, Azərbaycanda qida təhlükəsizliyi sahəsində bir sıra struktur islahatlar həyata keçirilib: "Qida Təhlükəsizliyi Agentliyi yaranan gündən BMT-nin müxtəlif təşkilatları ilə, o cümlədən, FAO ilə yaxından əməkdaşlıq edir. Xüsusilə, qida təhlükəsizliyi sahəsində islahatları özündə ehtiva edən 2019-2025-ci illəri əhatə edən Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının hazırlanmasında FAO ilə əməkdaşlıq etmişik. Bu sahədə dünya təcrübəsinin öyrənilməsində FAO bizə dəstək göstərib. Bu dövr ərzində qida təhlükəsizliyi, heyvan sağlamlığı sahəsində FAO-nun uğurlu layihələri olub".