Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 182 650 fermerə ötən ilin payız əkinlərinə görə subsidiya ödəyib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, ümumilikdə 335 min nəfərdən çox fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib. Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.
Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Nağdlaşdırıla bilməyən hissə ilə fermerlər gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər.
2021-ci il üçün Subsidiya Şurasının təsdiqlədiyi subsidiya əmsallarındakı yeniliklər ödənilən subsidiyalarda öz əksini tapıb.