Azərbaycanda aqrar sektorun böyüməsinə xidmət edən institutdan - REPORTAJ

Azərbaycanda aqrar sektorun böyüməsinə xidmət edən institutdan - REPORTAJ Son illər Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafına diqqət nəzərəçarpacaq dərəcədə artıb.
ASK
29 İyul , 2021 12:39
Azərbaycanda aqrar sektorun böyüməsinə xidmət edən institutdan - REPORTAJ

Son illər Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafına diqqət nəzərəçarpacaq dərəcədə artıb.

Hökumət həm əhalinin bitkiçilik və heyvandarlıq məhsullarına tələbatını daxili imkanlar hesabına ödəmək, həm də bu məhsulların ixrac potensialını yaratmağa çalışır. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və onun elmi-tədqiqat institutlarının üzərinə böyük məsuliyyət düşür. Onlardan biri də Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutudur.

Bu günlərdə nazirliyin təşkil etdiyi press-tur çərçivəsində adı çəkilən instituta baş çəkdik. Bizi institutun direktoru İlham Qaraqurbanlı qarşıladı və rəhbərlik etdiyi qurumun laboratoriyasına dəvət etdi. Təmiz xalat və baxıl geyindikdən, bütün gigiyena qaydalarına əməl etdikdən sonra labartoriyaya daxil olduq.

Burada xüsusi istixana-tingçilik kompleksi tikilib

İ.Qaraqurbanlı deyir ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Zərdabi qəsəbəsində yerləşir: "Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı KTN sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqda sərəncama əsasən, institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi hələ ki, xaricdən gətirilir".

Bir tumurcuqdan 105-107 yeni bitki əldə etmək mümkündür

Laboratoriyanın müdiri Sevil Süleymanova isə deyir ki, bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir: “I mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir. 21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur. Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bitkinin özünəuyğun mikroelementləri mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklənməyə başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü - adaptasiya mərhələsinə hazır sayılır. Əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür”.

Yerli üzüm növlərinin əkin materialları hazırlanır

"Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır. Vaxtilə dünyada şöhrət qazanan yüksək keyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm növlərini mütəxəssislər laboratoriya şəraitində mikroklonal üsulla çoxaldır. Həmin bitkilər adaptasiya mərhələsindədir. Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Bundan əlavə ölkəmizin 3 regionunda institun dəstəyi ilə özəl tingçilik müəssiələri fəaliyyətə başlayıb. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq" - deyə S.Süleymanova qeyd edib.

Son xəbərlər

Orphus sistemi