Aqrar Subsidiya Şurasının son qərarına əsasən, bundan sonra Azərbaycanda meyvə yetişdirənlər dövlətdən subsidiya almaq üçün damcılı suvarmadan istifadə etməli olacaq.
Belə ki, Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8 000 manat birdəfəlik əkin subsidiyası veriləcək. 2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9 000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiyalar damcılı suvarma olan meyvə bağlarına aid edilir. Subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində EKTİS-ə daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək.
Bəs bu qərar meyvəçiliyin inkişafına hansı töhfəni verəcək? "Report" bununla bağlı araşdırma aparıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, intensiv bağlarla bağlı qərar qəbul edilərkən həmin qərarda damcılı suvarmanın tətbiqi məsələsi yer alıb: “Müəyyən sayda ting, damcılı sulama, tinglərin vegetativ calaq altısı tələbini ödəyən bağ intensiv bağ hesab edilir. Bu bağlara hər hektarına görə 730 manat subsidiya verilir. Bu tələbə cavab verməyənlər adi bağ hesab edilir və hektarına 230 manat subisidiya verilir”.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə isə bildirir ki, 2020-ci ildən etibarən Azərbaycan hökuməti intensiv bağların salınmasını stimullaşdıran yeni mexanizmlərin tətbiqinə başlayıb: “Nisbətən əlverişsiz torpaqlarda intensiv meyvə bağlarının salınmasına investisiya qoyuluşuna subsidiyanın verilməsinə başlanılıb. Beləliklə, 2020-ci ildə intensiv bağlara 8,3 milyon manat, 2021-ci ildə isə 8,8 milyon manat subsidiya ödənilib. İntensiv meyvə bağlarının təşviqi ilə bağlı siyasət öz müsbət nəticəsini verir, 2018-ci ildə 25 min hektar meyvə bağları var idisə, 2019-cu ildə 26,7 min hektar, 2020-ci ildə isə 29,7 min hektar olub. Yəni, ölkədə intensiv meyvə bağlarının artım dinamikası davam edir”.
Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə əmin edir ki, bağçılıqda damcılı suvarma çox vacibdir: “Dünyada su təminatı ilə bağlı problemlər ilbəil artır, su çatışmazlığı əsas problemlərdən biri olaraq qalır. Damcılı suvarma sistemi həm sudan qənaətli istifadəyə xidmət edir, həm də selləmə suvarma zamanı torpaqlar şoranlaşır və keyfiyyətini itirir. Damcılı suvarma sistemi suya qənaətə görə, torpaqların şoranlaşmaması, torpağın keyfiyyətini itirməməsinə görə bu sistemin tətbiqi çox vacib və lazımlıdır”.
Onun sözlərinə görə, fermerlərlə görüş zamanı damcılı suvarmadan istifadənin vacibliyi vurğulanır: “Bununla belə, bəzən fermerlər qeyd edirlər ki, 20 illik ağaca damcılı suvarma sistemi heç bir kömək etməz, məhsuldarlıq aşağı olar. Bu zaman mən həmin fermerləri bizim nümunəvi bağlarımıza dəvət edirəm ki, damcılı suvarma sistemi tətbiq edilən bağlarla tanış olsunlar. Sözügedən bağlarda 10 ildən çoxdur ki, damcılı suvarma sistemi tətbiq edilir. Həmin fermerlərə sübüt edilir ki, bir ağac ildə 400-500 kq məhsul verir və biz bu ağacı damcılı suvarma sistemi ilə sulayırıq. Fermerlər arasında damcılı suvarmanın tətbiqi ilə bağlı təbliğat aparırıq. Fermerlər arasında bu sistemin tətbiqi ilə bağlı bir az inamsızlıq var”.
"Artıq Göyçay və ətraf ərazilərdə, Ağdaşda, Bərdədə yerləşən xurma bağlarında damcılı suvarma sisteminin qurulması təşkil edilir. Onlar kiçik və orta bağlara malik olan fermerlərdir. Xurma istehsalı sahəsində fəaliyyət göstərən fermerlərin 10-15 %-i damcılı suvarma sistemini tətbiq edirlər. Fermerlər arasında damcılı suvarmanın təşviqi istiqamətində bir sıra işlər görüləcək. Göyçayda mərkəz açmaq istəyirik. Məqsədimiz mərkəz vasitəsilə fermerlərə damcılı suvarma sisteminin tətbiqinə kömək etməkdir", - Q.Yusifov vurğulayıb.
Onu da əlavə edək ki, Azərbaycanda hər il toplanan 10 milyard kubmetr suyun 7 milyard kubmetri səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir. Bu rəqəmi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri müavini Rafiq Aslanov açıqlayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov isə hesab edir ki, damcılı suvarma üsulundan istifadə ölkədə su ehtiyatlarının qorunmasında mühümdür: “Ölkədə su ilə bağlı yaranan problemin səbəbləri var. Azərbaycanın şirin su ehtiyatlarının 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır, iqlim dəyişliyi nəticəsində ilbəil azalır və bu qlobal xarakter daşıyır. Ona görə yağış suyunun toplanaraq istifadə edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Eləcə də qlobal trend olan dəniz suyunun duzsuzlaşdırılması istiqamətində addımların intensivləşdirilməsi lazımdır, bu, suvarma üçün imkanların genişləndirilməsinə səbəb ola bilər”.
V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə formalaşan su ehtiyatı mövcud problemin həllinə köməklik edəcək.
Son illər ölkədə su probleminin qarşısının alınması üçün bir sıra əhəmiyyətli işlər görülüb və bu işlər davam edir. Ölkənin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2020-2021-ci illər üçün Tədbirlər Planı təsdiq edilib. Belə ki, bu sənəd su probleminin həllində mühüm əhəmiyyət kəsb edir. Planda ölkədə gələcək illər üçün su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, alternativ mənbələrdən istifadə edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.