ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Missiyası (USAID/Azərbaycan) "Azərbaycanda kənd təsərrüfatı sahəsində Dövlət-Özəl Sektor Tərəfdaşlığı" (PPP) mövzusunda silsilə seminarların keçirilməsinə başlayıb.
Bu barədə "Report`un xüsusi müxbirinə USACC-nin icraçı direktoru Natiq Baxışov məlumat verib.
Onun sözlərinə görə, ilk seminar PPP-nin hüquqi və praktiki tərəfləri mövzusunda keçirilib. Seminarda İslam İnkişaf Bankının alternativ inkişaf maliyyələşdirilməsi üzrə baş mütəxəssisi Fuad Hüseynov, "Dentons" hüquq şirkətinin Bakı və Praqa ofislərinin məsləhətçisi Sona Tağıyeva və kənd təsərrüfatının inkişafı sahəsində 20 ildən artıq beynəlxalq təcrübəyə malik olan Patrik Labaste iştirak ediblər.
Görüşdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri, eləcə də kənd təsərrüfatı sahəsində dövlət-özəl sektor tərəfdaşlığı mexanizmi, hüquqi və praktiki tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. Bu əməkdaşlıq formatında tərəflərin daşıdığı məsuliyyət və münasibətlərin idarə olunması, habelə PPP üzrə beynəlxalq təcrübə haqqında danışılıb.
Azərbaycan və ingilis dillərində keçirilən seminara 70-dən artıq iştirakçı, o cümlədən Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri, kiçik və orta sahibkarlar, ali təhsil və texniki peşə məktəblərinin nümayəndələri və s. qatılıb.
Vüsalə Abbasova