Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) payızlıq əkinlərə görə 18 900 fermerə 30,6 milyon manat subsidiya ödəyib.
Bu barədə "Report"a nazirlikdən bildirib.
Məlumata görə, subsidiyalar təxminən 140 min hektar əkin sahəsini əhatə edir. Beləliklə, 2021/2022-ci il üzrə ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.
Subsidiyalar “Fermer kartı”larına köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25%-ni bankomatlar vasitəsilə nağdlaşdıra, 75%-ni isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.
AKİA həmçinin süni mayalanma yolu ilə alınmış 2 097 buzova görə 1 579 fermerə 209,7 min anat subsidiya ödəyib.
Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.