Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və "Agrarco" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
Bu barədə “Report”a FAO-nun Azərbaycandakı nümayəndəliyindən bildirilib.
FAO və "Agrarco" MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsi imzalanacaq.
Sözügedən layihə çərçivəsində fındığın dəyər zənciri boyunca dayanıqlı bioenerji əldə edilməsi yanaşmasının araşdırılması, istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəbləri araşdırılır. Əməkdaşlıq çərçivəsində bu proseslərdə qabaqcıl təcrübələrin tətbiqi və bu sahə ilə məşğul olan fermerlərin potensialının artırılmasına dair fəaliyyətlər planlaşdırırlır.
Əməkdaşlıq müqaviləsinə əsasən layihə icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqçıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcək. Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların "Agrarco" MMC tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının mobilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasın aparılması planlaşdırılır.
Tərəflər müqavilə çərçivəsində həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcək. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Prinsiplərində əks olunduğu kimi insan hüquqları və ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq çərçivədə qəbul edilmiş prinsiplərinin əməkdaşlıq müqaviləsində öz əksini tapdığı da vurğulanıb.