Azərbaycanda fındıqçılığın inkişafı üçün təkliflər hazırlanacaq

Azərbaycanda fındıqçılığın inkişafı üçün təkliflər hazırlanacaq Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib.
ASK
18 Sentyabr , 2020 12:07
Azərbaycanda fındıqçılığın inkişafı üçün təkliflər hazırlanacaq

Kənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, tədbirdə nazir İnam Kərimov, Nazirliyin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, fındıq emalı müəssisələrinin rəhbərləri, “Ata-baba” Fındıq İstehsal Kooperativinin üzvləri, Balakən, Zaqatala, Qax, Qəbələ və Xaçmaz rayonlarından olan fermerlər iştirak ediblər.

İ.Kərimov bildirib ki, Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbirlər müəyyənləşdirib. Kənd Təsərrüfatı Nazirliyi qarşıya qoyulmuş vəzifələrin icrası məqsədilə aqrar sahənin müxtəlif istiqamətləri üzrə çalışan assosiasiyalar, emal müəssisələri və fermerlərlə mütəmadi görüşlər keçirir. Görüşlərin məqsədi bu sahələrdə mövcud durumu dəyərləndirmək, fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır. Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb, dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib.

Görüşdə yaxın günlərdə fındıq yığımının aktiv mərhələsinin başlayacağı xatırladılıb, fındıq istehsalı zamanı erkən yığımın yaratdığı problemlər, fermerlərlə emal müəssisələri arasında münasibətlər, bağlarda aqrotexniki qulluq tədbirlərinin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə işinin sistemli təşkili, fındıq ixracında aflatoksin problemi və digər məsələlər müzakirə olunub. İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyini bildirib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, məhsulun vegetasiya dövrü başa çatdıqdan sonra yığılması orta məhsuldarlığı 10% artırır. Bu səbəbdən fermerlər fındığı vaxtında yığsalar, daha çox məhsul götürə və daha çox gəlir əldə edə bilərlər. Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.

Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərar alınıb. Fındıq istehsalı və ixracatı işə məşğul olan fermer və sahibkarlar belə görüşlərin movcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.

Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və yaxud 54,6%-i bar verən yaşdadır.

Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2,2 dəfə, fındıq ləpəsi ixracı isə 20,9% artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97,3%-i fındıq ləpəsinin, 2,7%-i isə qabıqlı fındığın payına düşüb.

Son xəbərlər

Orphus sistemi