Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
"Report" xəbər verir ki, bu barədə "Azərsu" məlumat yayıb.
Bildirilir ki, bayram günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.
"Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər", - məlumatda deyilir.