Balakəndə 4-cü Xurma Festivalı keçirilir

Balakəndə 4-cü Xurma Festivalı keçirilir Balakən rayonunda 4-cü Xurma Festivalı keçirilir.
ASK
29 Oktyabr , 2024 11:51
Balakəndə 4-cü Xurma Festivalı keçirilir

Balakən rayonunda 4-cü Xurma Festivalı keçirilir.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, festivalda xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunub, xurmaya aid ekspozisiyalar sərgilənib, yerli folklor kollektivləri və idmançılar çıxış edib.

Festivalda iştirakçılar xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları festival iştirakçılarının böyük marağına səbəb olub. Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar.

Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb.

Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyib.

Qeyd edək ki, Balakən xurması daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə də ixrac edilir.

Son xəbərlər

Orphus sistemi