Azərbaycanda əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub.
"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi III Avrasiya Konqresinin plenar iclasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin artırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verib. Dövlət Taxıl Fondu ehtiyatlarının artırılması və ərzaq təminatının formalaşdırılması üzrə paralel tədbirlər görülür.
“Məhz bu məqsədlə 2021-ci ilin oktyabrında Prezident Dövlət Ehtiyatları Agentliyi yaradıb. Bu ilin yanvarında Hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsullarını gömrük rüsumundan azad edib”, - deyə Baş nazir diqqətə çatdırıb.
O həmçinin bildirib ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək məqsədilə bundan sonra da Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə əməkdaşlığı genişləndirməyə, öz təcrübəsini bölüşməyə hazırdır.