Azərbaycanın aran rayonlarında arpa biçini yekunlaşmaq üzrədir. Hazırda relyefi çətin, dağətəyi ərazilərdə arpa biçini, eyni zamanda Aran rayonlarında buğda biçini davam edir. Bu il dağlıq və dağətəyi ərazilərdə taxıl biçini prosesinə 20 ədəd dağ kombaynı cəlb edilib. Yardımlı, Lerik rayonlarında çətin relyefli sahələrin biçini bu kombaynlar vasitəsilə aparılır.
Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
“Aqroservis” ASC-nin sədri Elmin Rəhmanov deyib ki, yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. “Aqroservis”in rəhbəri əlavə edib ki, tam kompüterləşdirilmiş dağ kombaynları əkin təyinatlı olan, lakin əkilməyən torpaqların əkinə cəlb olunmasına şərait yaradacaq. Bununla da ən yüksək texnologiyalara əsaslanan müasir kombaynlar dağlıq və dağətəyi zonalarda taxılçılıq təsərrüfatlarının daha da inkişaf etdirməyə imkan verəcək.
Bu kombaynlar yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin qısa zamanda, operativ biçilməsinə gətirib çıxarır. Dağ kombaynlarının 6 tonluq bunkeri, 5 klavişli küləş doğrayıcısının olması məhsulun tam şəkildə, itkisiz yığılmasına şərait yaradır.
Qeyd edək ki, bu il ölkədə 987 519 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 612 003,5 hektarını buğda, 375 515,3 hektarını isə arpa sahələri təşkil edir. Ölkə üzrə biçinə ümumilikdə 1 900-dən çox taxılbiçən kombayn cəlb olunub. 700-dək kombayn “Aqroservis” ASC-nin, 1 280-dən çoxu isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalardır.
Taxıl biçini prosesi davam edir.