Səməd Vurğunun “Çörək bol olarsa, basılmaz vətən” misraları qlobal buğda bazarında cərəyan edənlər fonunda bu gün xüsusi olaraq aktualdır. Belə ki, ərzaqlıq buğdanın qiyməti bu mövsümdə 8 ilin maksimal səviyyəsində qərarlaşıb və gözləntilərə görə bu hələ son deyil. Həmin kənd təsərrüfatı məhsulunun kəskin şəkildə bahalaşması bu ilin avqustunda qeydə alındı. Bu, ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinın əsas ixracatçı ölkələr üzrə buğda istehsalına dair proqnozlarını aşağa salandan sonra baş verdi.
Qərar bir sıra faktorların təsiri altında verildi. Belə ki, cari ilin yazında müşahidə olunan soyuq hava şəraiti Şimal yarımkürəsində, o cümlədən Aİ ölkələri, ABŞ və Kanadada buğda əkinlərinə mənfi təsir etdi. Digər tərəfdən Rusiyadakı quraqlıq rekord səviyyədəki əkinə baxmayaraq buğdanın məhsuldarlığının azalmasına səbəb oldu. Belə ki, iyun-iyul aylarında əsas istehsal regionlarında quraq hava şəraitinin nəticəsi olaraq yığılan buğdanın məhsuldarlığı bir il əvvəlki göstəricilərlə müqayisədə Mərkəzi Federal Dairədə 24 %, Volqaboyu Federal Dairədə 45 % aşağı düşdü. Paralel olaraq dünya üzrə fermerlər yanacaq və gübrə çatışmazlığı ilə qarşılaşdılar. Təklifin məhdud olması fonunda həmin məhsulların qiyməti əhəmiyyətli dərəcədə artdı. Bu isə nəticə etibarı ilə buğdanın maya dəyərində öz əksini tapdı.
Buğdanın qiymətlərinin kifayət qədər yüksək səviyyədə qalmasına təsir edən əsas faktorlardan biri də dəniz nəqliyyatı ilə yüklərin daşınma tariflərinin kəskin şəkildə artması oldu. Qiymətlər avqustda 11 ilin maksimumuna çatdı. Rusiya daxili qiymətlərə təzyiqi azaltmaq üçün buğda ixracına üzən rüsum dərəcələrinin tətbiqinə başladı. Bu mexanizm sabit dərəcələrin yerinə gəldi. Rüsumlardan əldə edilən vəsaitlər isə buğda istehsalçılarına subsidiya şəklində regionlara qaytarılır. Rüsumun həcmi həftəlik əsasda Moskva Fond Birjasında qeydə alınan ixrac əqdlərinin qiymətlərinə əsaslanan qiymət indikatorları əsasında müəyyən olunur. Bu gündən gələn ilin yanvarın 11-nə kimi buğdanın bir tonu üçün ixrac rüsumu 94,9 ABŞ dolları təşkil edəcək.
İxracın məhdudlaşdırılması tədbirlərinin nəticəsi olaraq bu ilin əvvəlindən Rusiyadan xaricə buğda tədarükü 37,5 % azalıb. Belə olan şəraitdə iri idxalçılar tədarükün alternativ variantlarını axtarmaq məcburiyyətində qalıblar. Nəticədə Ukrayna buğdasına tələbat əhəmiyyətli dərəcədə artdı. Əlverişli hava şəraiti və əkin sahələrinin əvvəlki ilə nisbətən genişləndirilməsi Ukraynaya bu il rekord həddə (32,8 milyon ton) buğda toplamağa imkan verdi. Bu ilin 9 ayının nəticələrinə görə ölkədən xaricə artıq 3,15 milyard ABŞ dolları dəyərində 13,1 milyon ton buğda tədarük edilib. Buğdanın bir tonun ixrac qiyməti əvvəlki ilə nisbətən 21,2 % bahalaşıb. Lakin bu templər artıq hökümətdə və daxili bazar iştirakçılarında narahatlıq doğurur. Belə ki, ötən ay ölkənin un üyüdən müəssisələrini birləşdirən təşkilatlar hökümətə müraciət edərək yüksək keyfiyyətli buğdanın (çörək bişirmək üçün istifadə olunur) çatışmazlığının un və un məmulatlarının qiymətlərinin artmasına səbəb ola biləcəyini dilə gətiriblər. Ukrayna höküməti isə öz növbəsində 2022-ci ilin birinci yarısında yüksək keyfiyyətli buğdanın ixracını məhdudlaşdırmaq niyyətindədir. Bu barədə qərarın artıq yanvarda qəbul olunacağı gözlənilir. Ukraynanın buna əl atması təklifi onsuzda aşağı olan ərzaqlıq buğdanın qiymətlərinə təzyiqi bir az daha artıracaq və bu təkcə Ukrayna ilə əlaqəli olmayacaq.
ABŞ düzənliklərini ahuşuna alan qasırğa küləkləri onsuzda quraqlıqdan əziyyət çəkən qış buğdasına ciddi zərər vurub. Külək cavan bitkiləri kökündən qoparıb, daha dərin kök salanlar salamat qalsalar da onlara su lazım olacaq. Lakin proqnozlara əsasən yaxın vaxtların quru keçəcəyi gözlənilir. Bu həftəki fırtınanın gətirdiyi fəsadlar ABŞ-da 1930-cu ilin quraqlığına bənzədilir. ABŞ dünya üzrə buğdanın əsas tədarükçülərinin sırasına daxildir. Ona görə bu ölkədəki məhsuldarlıq bazardakı qiymətlərə təsir imkanlarına malikdir.
Buğda bazarında formalaşan cari konyukturadan maksimal dərəcədə yararlanmaq istəyən Qazaxıstan hələlik buğda ixracına vergilərin tətbiqindən çəkinir. Ölkənin kənd təsərrüfatı naziri Erbol Karaşukeev ötən həftə bildirib ki, buğdaya rüsum tətbiq olunsa qiymət artımına görə xarici bazarları itirəcəklər. Onun sözlərinə görə, hələlik heyvan yemi üçün istifadə olunan 5-ci sinif buğdanın ixracına qadağanın qoyulması nəzərdən keçirilir. Noyabrda bu ölkədə əvvəlki aya nisbətən buğdanın qiyməti 2,7 % artıb. Nəzərə almaq lazımdır ki, bu il quraqlıqdan dolayı Qazaxıstanda yığılan buğda (16 milyon ton) orta göstəricinin (20 milyon ton) xeyli altında olub. Yəni həm daxili həm də xarici bazarlarda vəziyyətin hansı istiqamətdə cərəyan etməsindən asılı olaraq yanaşmanın köklü şəkildə dəyişəcəyi istisna deyil. Belə ki, ələlxüsus yazlıq əkin üçün kifayət qədər toxum, gübrə və bitkilərin müdafiəsi vasitələri tədarük edilməlidir. Bu sahədə qlobal bazarlardakı vəziyyət isə ürək açan deyil.
Bəs qlobal buğda bazarında cərəyan edənlərin Azərbaycana təsirləri necə olub?
Bu ilin ilk 10 ayında Azərbaycan xaricdən 246 milyon 255 min ABŞ dolları dəyərində 890 min 233 ton buğda tədarük edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,5 % çoxdur, kəmiyyət olaraq – 22 % azdır. Bir ton buğdanın idxal dəyəri ötənilki 213 ABŞ dollarından 276 ABŞ dollarına qalxıb. Başqa sözlə, tədarük etdiyimiz buğda 30 % bahalaşıb. Bu il Azərbaycan buğdanın 97,61 %-ni Rusiyadan alıb. Ötənilki tədarükümüzdə onun payı 99,32 % olub. Yəni əsas buğda tədarükçümüz ənənəvi olaraq məhz Rusiyadır. Un və un məmulatlarının daxili qiymətlərinin tədqiqi göstərir ki, buğdanın bahalaşmasının əhəmiyyətli təsirləri olmayıb. Bu, hökümət tərəfindən zamanlama baxımından atılan vaxtlı və təsirli addımların məntiqi nəticəsidir. Belə ki, ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması məqsədilə un istehsalçılarına subsidiya verilir. Digər tərəfdən buğda idxalı daha üç illiyinə əlavə dəyər vergisindən azad edildi. Bütün bunlar ən azı yaxın perspektivdə daxili qiymətlərə təzyiqləri minimuma endirməyə imkan verəcək. Lakin dünya üzrə əsas ixracatçı ölkələrədə buğda istehsalı üzrə ən azı gələn yaza kimi ürəkaçan perspektivin gözlənilməməsi qlobal qiymətlərə təzyiq göstərməyə davam edəcək. Bu isə Azərbaycan hökümətinın atdığı önləyici addımlara baxmayaraq un və un məmulatlarının daxili qiymətlərinə təsirsiz ötüşməyə bilər.