Azərbaycanda taxılçılıq strateji əhəmiyyətli kənd təsərrüfatı sahələrindən hesab olunur. Lakin ölkədə çörək və digər un məmulatlarının istehsalı üçün lazım olan buğdanın böyük hissəsi xarici ölkələrdən idxal olunur. Un məmulatları istehsal edən firmaları yerli taxıl sortlarının ərzaq məhsullarının istehsalı üçün yararlı olmadığını bildirirlər.
“Report” ölkədə ərzaqlıq taxıl istehsalında mövcud problemlər, onların həlli yolları və bu sahədə idxaldan asılılığın azaldılması barədə mütəxəssislərin fikirlərini öyrənib.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Report”a açıqlamasında bildirib ki, bir vaxtlar regionlarımızda mövcud olan dəyirman şəbəkəsini yenidən qurmaq lazımdır:
"Yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var".
Qadir BayramlıAzərbaycan Dövlət İqtisad Universitetinin dosenti
“Azərbaycanda ildə 3,5 milyon ton taxıl istehsal edilir ki, bunun təxminən iki milyon tonunu buğda istehsalı təşkil edir. Deməli bizim yerli buğdadan un və çörək istehsal etmək üçün çox böyük imkanlarımız var. Amma biz bunu etmirik. Azərbaycana Rusiya, Qazaxıstan, Ukrayna kimi ölkələrdən böyük miqdarda taxıl idxal edilir. Həmin buğda adətən yumşaq buğda olur. Bizim ölkənin əsas böyük dəyirmanları yerli istehsalçıların istehsal etdiyi buğdanı üyütmür. Çünki həmin buğda bu dəyirmanların mexanizlərinə zərər verir.
Əvvəllər rayonlarımızın əksəriyyətində, hətta bəzi kənd və qəsəbələrdə dəyirmanlar var idi. Həmin dəyirmanlar şəbəkəsi dağıdılıb. Əgər bəzi yerlərdə qalıbsa, sayları çox azdır. Ona görə də camaat istehsal etdiyi buğdanı üyütmək üçün dəyirman tapa bilmir. Buna görə də yerli dəyirman şəbəkəsini yenidən qurmaq və inkişaf elətdirmək lazımdır. Hər rayon ərazisində orta hesabla bir-iki dəyirman olsa, biz un istehsalını öz buğdamız hesabına xeyli artıra bilərik. Bu sahədə ən böyük istehsalçılardan biri Türkiyədir.
Dəyirman şəbəkəsini rayonlarımızda yaradandan sonra artıq yerli istehsalçının min əziyyətlə yetişdirdiyi taxıl, buğda heyvan yemi olaraq deyil, normal un istehsalı üçün istifadə edilə biləcək. Digər tərəfdən, bizim yerli buğda idxal olunan bu məhsuldan daha kalorili və daha dadlıdır. Əsas məsələ budur. Başqa bir ciddi məsələ bizə taxıl ixrac edən ölkələrdə müxtəlif vaxtlarda ixracata məhdudiyyətlərin qoyulmasıdır. Odur ki, biz yerli istehsalı artırmalıyıq.
Bizim yerli istehsal hesabına un istehsalını artırmaq imkanlarımız var və bundan istifadə etmək lazımdır. Dövlət tərəfindən proqram hazırlansa və dövlət nəzarəti olsa, bu proses daha rahat həyata keçirilə bilər. Əlavə olaraq özəl sahibkarlara da geniş imkanlar yaradılmalı, vergi güzəştləri verilməli və digər təşviqedici addımlar atılmalıdır ki, onlar bu işlə rahat və maneəsiz məşğul ola bilsinlər. Bu sahədə dövlət və özəl sektor qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərməlidir”.
Onun sözlərinə görə, bu vaxta qədər Azərbaycanda illik 3,5 milyon ton taxıl işğaldan azad edilən torpaqların payı olmadan istehsal edilirdi. İndi işğaldan azad edilən ərazilərin də taxıl istehsalında böyük payı olacaq: "Bu torpaqlar kənd təsərrüfatına cəlb ediləcək və bizim istehsalımız 4 milyon tondan da artıq olacaq”, - deyə Q.Bayramlı əlavə edib.
Naxçıvan MR-nın sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov bildirib ki, Azərbaycanda taxıla olan tələbatın ödənilməsi üçün əlverişli şərait var:
"Ölkəmiz də taxıl bitkisinin vətənlərindən biri sayılır. Ola bilməz ki, hər hansı bitkinin öz vətənində keyfiyyət göstəriciləri aşağı olsun".
Rəcəb OrucovNaxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri
“Əkin dövriyyəmizin 60 %-a yaxını demək olar ki, payızlıq əkin bitkilərinin payına düşür. Ölkəmiz də taxıl bitkisinin vətənlərindən biri sayılır. Ola bilməz ki, hər hansı bitkinin öz vətənində keyfiyyət göstəriciləri aşağı olsun. Emal sənayesindən həmişə belə sözlər eşidirik ki, respublikada istehsal olunan taxıl məhsulları, xüsusilə də ərzaqlıq buğda çörək bişirmə və digər un məmulatları sənayesinin istehlak tələblərini ödəmir və ona görə də taxıl xaricdən idxal edilir. Bu gün əkin dövriyyəmizin 60 %-ni payızlıq taxıllar təşkil etsə də, ölkəmizin ərzaqlıq taxıla olan tələbatının demək olar ki, 50-60 %-ə yaxını yerli istehsal hesabına ödənilir. Ölkəmizdə taxıl məhsullarının istehsalı üçün oduqca əlverişli torpaq-iqlim şəraiti var. Müxtəlif innovativ texnilogiyalara söykənən aqroparklar və iri fermer təsərrüfatlarında bunun şahidi oluruq".
Onun sözlərinə görə, çörək bişirmə sənayesini təmin edən keyfiyyət göstəricilərinin yetəri formada olmamasını doğuran səbəblər var: "Bunlardan biri aşağı aqrofonun olmasıdır. Əgər optimal müddətlərdə taxıl bitkilərinin fizioloji istəkləri yerinə yetirilmirsə, aqrotexniki tədbirlər aparılmırsa, bitkinin inkişaf siklinində də müəyyən çatışmazlıq və fasilələr olur. Nəticədə keyfiyyət göstəriciləri aşağı düşür. Odur ki, ölkəmizdə ilk növbədə milli toxumçuluğun inkişafı istiqamətində ciddi addımlar atılmalıdır. Bu gün taxıl toxumuna olan illik tələbatımız təqribən 200 min tondur. Bunun təqribən 50-60 %-a qədərini yerli istehsal hesabına ödəyirik. Milli seleksiyanın nəaliyyətlərini daha da dərinləşdirmək üçün milli toxumçuluğun inkişaf etdirilməsi ilkin stimullaşdırıcı addım olmalıdır.
Xaricdən gətirilən buğda toxumlarının da respublikanın torpaq-iqlim şəraitinə uyğun seçilməsi çox önəmlidir. Toxumdan anlayışı olmayan, toxumçuluq təcrübəsi olmayan iş adamları, şirkətlər ölkəyə kifayət qədər taxıl toxumu idxal edirlər ki, bu da keyfiyyət göstəricilərinin aşağı olmasının əsas səbəblərindən biridir. Biz həmişə innovativ texnologiyalara qapılarımızı açıq qoymalıyıq. Bizim milli toxumçuluqla beynəlxalq seleksiya nəaliyyətləri daima bir-birinə inteqrasiya olunmalıdır. Amma bu proses elmi əsaslara söykənən bir sistem içərisində aparılsa, qısa dövrdə problemlər həllini tapar”.
Sabiq nazir bildirib ki, taxılçılıqda aqrofonu yüksəltməklə məhsuldarlığın artmasına nail ola bilərik:
“Azərbaycanda keyfiyyətli taxıl istehsalı üçün olduqca optimal mühit və şərait var. Sadəcə emal sənayesinin tələbləri, onları doğuran səbəbləri araşdırıb bu səbəblər üzərində elmi və müasir innovativ yanaşmalarla problemlər həll edilməlidir. Mən o fikirlə razı deyiləm ki, ölkədə keyfiyyətli istehsal üçün mütləq xaricdən taxıl idxal etməliyik. Biz qısa müddətdə dediyim məsələləri həll etsək, problemlərin səbəblərini ciddi şəkildə monitorinq apararaq araşdırsaq, həm ölkəmizin strateji məhsulu sayılan ərzaq taxılına olan tələbatı ödəyə bilərik, həm də keyfiyyətli məhsul istehsal edərik.
Ölkənin ümumi əkin dövriyyəsində olan torpaqların 75-80 %-i suvarılan torpaqlardır. Suvarılan torpaqlarda bitkinin bütün fizioloji istəklərini yerinə yetirmək mümkündür. Ancaq uzun zamandır torpaqlarımızda baş verən deqradasiya prosesləri, minerallığın, qələviliyin yüksəlməsi keyfiyyətsiz məhsulların istehsalı üçün şərait yaradıb. Kompleks şəkildə qeyd etdiyim məsələlər öz həllini tapsa, qısa müddətdə ölkənin idxaldan asılılığını demək olar ki, aradan qaldırarıq. Çünki ölkəmizdə bir milyon hektara yaxın payızlıq arpa və buğda əkin sahələri var. Biz aqrofonu yüksəltdikcə məhsuldarlığın artırılmasına da nail olacağıq”.
R.Orucov taxılçılıq sahəsində innovativ problemlərin də olduğunu qeyd edib:
“Əsas məsələlərdən biri mülkiyyətçilərin maarifləndirilməsi məsələsidir. Hansısa innovativ hədəflərə çatmaq üçün istehsal prosesinin dəyər zəncirində iştirak edən istehsalçıların maarifləndirilməsi, innovativ texnologiyaların tətbiqi istiqamətində praktiki təcrübələrə yiyələnməsi çox önəmlidir. İnnovativ texnologiyaların tətbiqi qısa müddətdə hədəflərə çatmağımız üçün əsas prinsipdir. Suvarma sahəsində yeni mütərrəqi suvarma sistemlərindən istifadə etsək, innovativ texnologiyaların istehsalata daxil olmasını təmin etsək və istehsalı şərtləndirən bütün struktur hissələri yeniləsək, ciddi maarifləndirmə işləri də aparmaqla qısa müddətdə sistemli şəkildə ölkədə strateji məhsullara olan tələbatı ödəmək baxımından ciddi hədəflərə çatarıq”.