Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" MMC arasında “Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə icra müqaviləsi imzalanıb.
“Report” xəbər verir ki, layihə çərçivəsində fındıq istehsalı və emal zamanı aflatoksin yarada biləcək səbəblərin müəyyən edilməsi, bu sahədə qabaqcıl təcrübənin tətbiq olunması, fermerlərin potensialının artırılması ilə bağlı fəaliyyətlər nəzərdə tutulur.
Bunun üçün fındıq istehsalçılarını tərəfdaş şirkət lazımi qədər ərazi və avadanlıqla təmin edəcək.
FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib ki, fındıqçılıq Azərbaycanda aqrar sektorun ən gəlirli sahəsidir: “Bu məhsula ixrac bazarlarında böyük tələbat var. Sektor üzrə aparılan təkmilləşdirmələr, müxtəlif fəaliyyətlər ölkədə fındıq istehsalının və ixracının kəmiyyət və keyfiyyətini davamlı şəkildə artırmağı, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verərək kənd yerlərinin inkişafını hədəfləyir”.
Xatırladaq ki, FAO Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə 2020-ci ildən bəri Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyinin yüksəldilməsi layihəsi icra edir. Layihənin əsas istiqaməti fındıqçılıqda effektivliyi artırmaq, istehsal edilmiş məhsulun keyfiyyətini yüksəltməkdir.
Nazirliyin nümayəndəsi, layihənin koordinatoru Surxay Novruzovun sözlərinə görə, fındıq Azərbaycanın ixrac etdiyi 5 əsas qeyri-neft məhsulundan biridir: "Hazırda Azərbaycanda 80 min hektardan çox ərazidə fındıq əkilir, bunun isə 840 hektarı ötən il əkilib. Fındıq bağlarından 67 min tondan çox məhsul yığılır və böyük hissəsi ixrac edilir. Bu sahədə müəyyən problemlərlə üzləşirik, amma FAO-nun dəstəyi bizim üçün bir sıra şanslar yaradır".
Əməkdaşlıq müqaviləsinə əsasən, layihə icrası müddətində fındıq istehsalı prosesində iştirak edən fermerlər qabaqçıl təcrübələrin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə fəaliyyətlərə cəlb ediləcək. Fermerlərə ilkin mərhələdə təlim keçməsi məqsədilə mövcud bağların və avadanlıqların "Agrarco" MMC tərəfindən təmin edilməsi nəzərdə tutulur. Hazırlanacaq iş planları əsasında fındıqçılıq dəyər zəncirində bioenerji potensialının qiymətləndirilməsi, biokütlə, yekun istehlak enerji istifadə potensialının qiymətləndirilməsi, qalıqların və istixana qazının mobilizasiyası üçün dəyər zənciri logistikası ilə bağlı fəaliyyətlərin araşdırılması və koordinasiyasın aparılması planlaşdırılır. Tərəflər müqavilə çərçivəsində həmçinin fındığın dəyər zəncirində dayanıqlı bioenerji variantları və eləcə də dayanıqlı fındıq məhsulunun idarə edilməsi, məhsul yığımından sonrakı işlər, emal və təhlükəsizliklə bağlı fermerlərin potensialının qiymətləndirilməsi prosesində iştirak edəcək.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qlobal Saziş Prinsiplərində əks olunduğu kimi insan hüquqları və ətraf mühitin qorunması ilə əlaqədar beynəlxalq çərçivədə qəbul edilmiş prinsiplərinin əməkdaşlıq müqaviləsində öz əksini tapdığı da vurğulanıb.