BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlığında prioritet sahələrə kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaqlardan və su resurslarından dayanıqlı istifadə, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, deqradasiyaya uğramış torpaqların reabilitasiyası daxildir.
Bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.
Onun sözlərinə görə, FAO-nun Azərbaycanla tərəfdaşlıq proqramının yeni mərhələsi ilə bağlı danışıqlar davam edir: “Hər iki tərəf bu əməkdaşlıqda maraqlıdır və əməkdaşlığın II fazası ilə bağlı ilkin prioritetlər müzakirə edilir. Ümid edirik ki, bu yaxınlarda növbəti faza üzrə prioritetlərlə bağlı razılıq əldə ediləcək. Həmin razılıq əldə ediləndən sonra biz Azərbaycan hökuməti ilə birgə yeni reallıqlar və prioritetlər əsasında bütün regionlarda kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edə biləcəyik. Ümid edirik ki, II faza daha uzunmüddətli və daha əsaslı, daha yaxşı nəticələrə səbəb olan layihələrə gətirib çıxaracaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan 20 oktyabr 1995-ci il tarixində FAO-ya üzv olub, 2015-ci ildən isə Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisi təsis olunub. "Azərbaycan Hökuməti və FAO arasında tərəfdaşlıq və əlaqələndirmə ofisinin yaradılması, texniki yardımın göstərilməsi haqqında Saziş” və “Azərbaycan Hökuməti və FAO arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş” Təşkilatın baş direktoru Qratsiano da Silvanın Azərbaycana səfəri zamanı 25 may 2015-ci il tarixində imzalanıb, 12 oktyabr 2015-ci il tarixli Prezident Fərmanı ilə təsdiq edilib.
BMT-nin ixtisaslaşmış qurumu - FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Layihələr Azərbaycan Hökumətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq 2021-2025-ci illər üzrə Əməkdaşlıq üzrə Çərçivə Sənədinə uyğun icra edilir.